Paytaxtda Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş rəsm müsabiqəsi keçirilib Hadisə

Paytaxtda Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş rəsm müsabiqəsi keçirilib


Bakı Şəhər İcra Hakimiyyəti və Azərbaycan Respublikası Elm və
Təhsil Nazirliyinin birgə təşkilatçılığı ilə xalqımızın Ümummilli lideri Heydər
Əliyevin 100 illik yubileyinə həsr olunmuş paytaxtın ümumtəhsil
məktəblərinin şagirdləri arasında “Ulu Öndəri düşünərkən” adlı rəsm
müsabiqəsinə yekun vurulub.
“Heydər Əliyev İli” çərçivəsində keçirilən müsabiqə 2 mərhələdə
keçirilib, paytaxtın bütün rayonlarında keçirilən mərhələdə qalib elan edilən
rəsm əsərləri şəhər mərhələsinə təqdim edilib. Ümumilikdə isə, ilkin
mərhələdə 250-dən çox ümumtəhsil məktəbinin 400-ə yaxın şagirdi öz
rəsmləri ilə iştirak edib və həmin mərhələdə seçilən rəsmlər müsabiqənin
şəhər mərhələsində nümayiş etdirilib.
Bayramsayağı bəzədilmiş “Nizami Gəncəvi” adına mədəniyyət və
istirahət parkında Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyinə həsr
olunmuş “Ulu Öndəri düşünərkən” adlı rəsm müsabiqəsində fərqlənən
rəssamların əl işlərindən ibarət sərgi və müsabiqənin yekun mərasimi təşkil
edilib. İştirakçıların rəsmləri tədbirin qonaqları və parka toplaşan paytaxt
sakinləri tərəfindən böyük maraqla qarşılanıb. Gənc rəssamlar öz
əsərlərinin nümayişi zamanı tamaşaçılara əsərləri ilə bağlı izahlar veriblər.
Məktəblilərin müxtəlif mövzularda təqdim etdiyi rəsmlərin
qiymətləndirilməsi Azərbaycan Rəssamlar İttifaqının, Rəssamlıq
Akademiyasının peşəkar mütəxəssislərindən ibarət komissiya tərəfindən
həyata keçirilib. Müsabiqənin şərtlərinə əsasən 3 qalibə pul mükafatı, 7
nominasiya üzrə qaliblərə sertifikatlar, müsabiqədə fərqlənən 30 iştirakçıya
təşəkkürnamə və digər mükafatlar təqdim edilib.
Tədbirin qonaqları, pedaqoji kollektivlərin və ictimaiyyətin
nümayəndələri parkı gəzmiş, parkdakı sərgi və məktəblilərin çəkdikləri
rəsmlərlə tanış olmuş və məktəblilər, gənc rəssamlarla səmimi söhbətlər
etmişlər.
Rəsm müsabiqəsi tədbirdə iştirak edən şəhər sakinlərinin diqqətini
cəlb etmişdir.

Cavid