Dünyada ən çox və ən xoşbəxt məcburi köçkünü olan ölkə-Azərbaycan Hadisə

Dünyada ən çox və ən xoşbəxt məcburi köçkünü olan ölkə-Azərbaycan

Azərbaycan müstəqillik əldə etdiyi ilk illərdən çətin və əzablı günlər yaşamağa başladı. Bəzi hegemon dövlətlər Azərbaycana təzyiqlər edərək dövlətin müstəqilliyinə xələl gətirmək, ölkəni çökdürmək və yenidən əsarət altda salmağa cəhd etsə də, Azərbaycan öz müstəqilliyini bərpa edə və qoruya bildi.

Yeni ayağa qalxan Azərbaycana vurulan köçkün zərbəsi

Həmin vaxtlarda Azərbaycanın müstəqilliyi ilə yanağı, ərazi bütövlüyünə də təcavüz edildi. Ermənistanın işğalçılıq siyasəti nəticəsində torpaqlarımızın 20 faizindən çoxu erməni hərbi birləşmələri və onların havadarları tərəfindən işğal olundu. Nəticədə yenicə müstəqilliyini bərpa edən Azərbaycan çətin duruma düşdü və Azərbaycanın əbədi və əzəli torpaqları olan Dağlıq Qarabağ və ətraf rayonlardakı soydaşlarımız öz doğma yurd yuvalarından didərgin salındı.
Artıq 25 ilə yaxındır ki, Azərbaycan 1 milyondan çox soydaşımız yurd-yuvalarından, doğma torpaqlarından didərgin düşüb, ata-baba ocaqlarına həsrət qalıblar. Yenicə müstəqillik həyatını yaşayan Azətbaycana 1 milyondan artıq qaçqın zərbəsi dövlət üçün daha ağır oldu. İqtisadiyyatı məhv olan, fabrik və zavodları birdən birə fəaliyyətini dayandıran, ölkədə işsizlik ordusunun yarandığı bir vaxtda 1 milyondan artıq məcburi köçkünün də evsiz-yurdsuz qalması Azərbaycanı daha da çaşqın vəziyyətinə saldı. Artıq ölkədə ərzaq, ən əsası çörək və un çatışmazlığı yarandı. Ölkədə çörək və gündəlik tələbat malları talonla verilməyə başladı. Azətbaycanın o vaxtki siyasi rəhbərliyinin səriştəsiz idarəçiliyi ölkəni müstəqilliyini tirmək təhlükəsizliyi ilə üz-üzə qoydu. Lakin, Azərbaycanın fədakar və uzaqgörən vətəndaşları ölkəni fəlakətdən azad etmək üçün ayağa qalxdı.

Xalqın xilaskarı, məcburi köçkünlərin mənəvi sahibi

Azərbaycan xalqı dövləti bu fəlakətdən qurtarmaq üçün dahi siyasətçi Heydər Əliyevi hakimiyyətə dəvət etdi. 1993-cü ildə ümummilli lider Heydər Əliyev xalqın xahişi ilə hakimiyyətə qayıtdı və yenicə müstəqillik əldə etdiyi vəziyyətdə məhvə sürüklənən Azərbaycanı xilas etdi. Ümummilli liderin məqsədyönlü, süşünülmüş və planlı siyasəti nəticəsində ilk olaraq ölkədə ərzaq qıtlığı aradan qaldırıldı. Əhalinin dolanacağı nisbətən yaxşılaşdıran prezident Heydər Əliyevin ilk məqsədlərindən biri və birincisi doğma yurd-yuvalarından didərgin düşmüş vətəndaşlarımızın yerləşdirilməsi oldu. Heydər Əliyev bu istiqamətdə təcili tapşırıqlar verdi və məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılması üçün ard-arda sərəncamlar verdi. Prezident Heydər Əliyevin göstərişi və sərəncamları ilə məcburi köçkünlər işğal altında olan torpaqlarımızın azad olunduğu və onların doğma yurdlarına qayıtdıqları ana qədər onların yerləşdirildiyi yerlərdən çıxarılması qəti qadağan edildi. Bununla yanaşı, məcburi köçkünlər məskunlaşdığı yerlərdə bütün kommunal xərclərdən azad edildi. Və bu addımlar birbaşa məcburi köçkünləri sözün əsl mənasında dirçəltdi.

Azərbaycan məcburi köçkünlərini problemsiz vətəndaşa çevirdi

Azərbaycan müstəqillik dövründə keçid dövrünü başa vurandan sonra ümummilli lider məcburi köçkünlərin sosial rifahının yaxşılaşdırılması üçün daha bir önəmli addım atdı. Hüydər Əliyevin sərəncamı ilə məcburi köçkünlərə adambaşına aylıq məvacib-çötək pulu müəyyənləşdirildi. Bununla da məcburi köçkünlərin yalnız bir problemi qaldı, mənzil probleminin tam çözülməsi. Heydər Əliyev bu istiqamətdə də addımlar atdı. Azərbaycan iqtisadiyyatı inkişaf etdikcə ümummilli lider Heydər Əliyev məcburi köçkünlər üçün mənzillərin inşa edilməsi tapşırığını verdi. Və elə ilk mənzillərin tikintisi zamanı ulu öndər vətəndaşlar qarşısında söz verdi ki, Azərbaycandakı çadır şəhərcikləri ləğv ediləcək və məcburi köçkünlər tam müasir, təmirli və yaşayış üçün maksimum yararlı mənzillərlə təmin ediləcək.
O vaxt bəzi müxalif qüvvələr, Azərbaycanı istəməyən, uğurlarına qıcıqlanan şəxslər havadarlarının sifarişi ilə Azərbaycanda əhalini dövlətdən narazı salmaq üçün bu cür layihələrin reallaşmayacağını iddia etməklə dövlətin sioyasətinə kölgə salmaq istəyirdi. Həmin şəxslər məcburi köçkünlərlə gizli görüşlər keçirərək əhali arasında hakimiyyətə inamsızlıq yaratmaq istəyirdi. Amma, xalq artıq öz seçimini etmiş və Azərbaycanı hansı hakimiyyətin uçurumdan qurtardığının şahidi olmuşdu. Ona görə də, nə yerli əhali, nə də məcburi köçkünlər həmin xəyanətkar şəxslərin təkliflərini rədd edərək Heydər Əliyevin ətrafında sıx birləşdi və dövlət başçısına inandı. Nəticədə ümummilli lider Heydər Əliyevin prezidentliyi dövründə məcburi köçkünlərin əhəmiyyətli bir hissəsi yeni inşa edilmiş mənzillərə köçürüldü, məcburi köçkün ailələrinin mənzil problemləri həllini tapdı.
Çadır şəhərcikləri müasir qəsəbələrə çevrildi
Prezident Heydər Əliyev hakimiyyətdə olduğu dövrdə məcburi köçkünlərin problemlərini daim diqqətdə saxlayır, onlara xüsusi qayğı göstərir, problemlərinin həlli üçün mütəmadi addımlar atırdı.
Ümummilli liderin bu humanist fəaliyyətini bu gün onun layiqli varisi, Azərbaycanı dünya ölkələri arasında uğurla təmsil edən prezident İlham Əliyev davam etdirir.
Prezident İlham Əliyevin də diqqəti məcburi köçkünlərin üzərində oldu və bu siyasət bu gün də davam edir.
Prezident İlham Əliyev məcburi köçkünlərin mənzil şəraitinin yaxşılaşdırılması ilə bağlı xüsusi tapşırıqlar verməsi nəticəsində Azərbaycanda çadır şəhərciyi ləğv edildi. Məcburi köçkünlər Bakının, eləcə də, respublikanın rayonlarında inşa edilən müasir tipli çoxmərtəbəli yaşayış binalarına köçürüldü . Məcburi köçkünlərin köçürülməsi prosesini birbaşa nəzarətdə saxlayan dövlət başçısı həmin yeni şəhərcik və qəsəbələrin açılışında özü iştirak etdi, mənzillərdə yaradılan şəraitlərlə yaxından maraqlandı və müəyyən olunan nöqsanların aradan qaldırılması üçün müvafiq qurumlara tapşırıqlarını verdi. Və beləliklə Azərbaycanda qaçqın düşərgələri yeni, müasir tipli yaşayış binaları ilə təmin edildi.

Məcburi köçkünlərin sosial probleminə son qoyuldu

1992-ci ildən bu günə qədər dünyada ən çox məcburi köçkünü olan ölkə Azərbaycandır. Bu bütün dünyaya məlumdur. Bununla yanaşı, bu gün məcburi köçkünləri problemsiz yaşayan ölkə də məhz Azərbaycandır. Bəli, bu faktı bütün dünya təstiq edir. Azərbaycanın siyasi hakimiyyətinin həyata keçirdiyi uğurlu siyasət nəticəsində Azərbaycanda öz doğma yurd-yuvasından didərgin düşən məcburi köçkünlərlə öz şəxsi mənzilində yaşayan vətəndaşlar arasında heç bir fərq yoxdur. Hamının yaşam tərzi, yaşayış təminatı eynidir. Bu gün Azərbaycan hakimiyyətinin yürütdüyü siyasət, diqqət və qayğı məcburi köçkünləri tələbat problemindən azad edib, onların normal işləməsi, yaşamasına maksimum şərait yaradıb.
Bütün bu sadalananlar onu deməyə əsas verir ki, qaçqın və məcburi köçkünlərimizin yaşayış şəraitinin yaxşılaşdırılması, onların maddi rifah halının yüksəldilməsi üçün dövlətiizin həyata keçirdiyi tədbirlər, gördüyü işlər göz önündədir.

Əlil və imkansızlara yaradılan imkan

Azərbaycan dövlətinin həyata keçirdiyi siyasətlərdən biri də ölkənin xesusi qayğıya ehtiyacı olan şəxslərə qayğısıdır. Bu, artıq Azərbaycan hakimiyyəti üçün prioritet məsələlərdəndir. Ölkədə xüsusi qayğıya ehtiyacı olan şəxslərə göstərilən qayğı və diqqət göz qabağındadır.
Qısa bir statistikaya nəzər salaq. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Respublika Əlillərin Bərpa Mərkəzində əlilliyi olan şəxslər üçün 14 bərpa-müalicə müəssisəsində hər il 8 minədək müvafiq şəxsə reabilitasiya xidmətləri göstərilir. Son illər həmin müəssisələrin müasir tələblərə uyğun qurulması üçün məqsədyönlü işlər aparılır. Artıq həmin müəssisələrin əksəriyyəti müasir standartlara uyğun təmin olunub, müasir müayinə və müalicə aparatları ilə təchiz edilib istifadəyə verilib.
Son illərdə əlillərə, müharibə veteranlarına və xüsusi qayğıya ehtiyacı olan şəxslərə göstərilən xidmətlər daha da intensivləşib. Son vaxtlarda şəhid ailələri, Qarabağ müharibəsi veteranları və Böyük Vətən Müharibəsi iştirakçılarına xüsusi avtomobillər, mənzillər hədiyyə edilib, həmin şəxslərin yaşayış minumumunun yaxşılaşdırılması üçün aylıq müavinətləri artırılıb, birdəfəlik müavinətlər verilib.
Son illərdə bu təbəqədən olan insanlara mindən artıq avtomobillər hədiyyə edilib. Azərbaycan hakimiyyətinin yürütdüyü siyasət nəticəsində əlillər və xüsusi qayğıya ehtiyacı olan şəxslərin cəmiyyətdə faəliyyətini atırması, aktivliyin yüksəldilməsi üçün lazım olan qayğılar göstərilir. Prezident İlham Əliyev məcburi köçkünlərin problemləri kimi, əlillərin və sosial qayğıya ehtiyacı olan olan şəxslərin də problemini diqqətdə saxlayır. Əlillərə, şəhid ailələri və müharibə veretanlara mənzil və avtomobillərin verilməsi prosesində də şəxsən özü iştirak edərək məsələni nəzarətdə saxlayır, bu prosesdə ayrıseçkilik salınmaması üçün əlindən gələni əsirgəmir.

Ünvanda vətəndaşa ünvanlı şəffaf xidmət-ünvanlı sosial yardım

Bu gün ölkədə aztəminatlı ailələrə də diqqət və qayğı böyükdür. Azərbaycanda işsizlik səviyyəsi minumuma endirilsə də, bəzi ailələr hələ də qazancları hesabı na təmin oluna bilmir. Təxminən 10 ilə yaxındır ki, Azərbaycanda aztəminatlı ailələrə dövlət tərəfindən müavinət-ünvanlı sosial yardım təyin edilib. Son vaxtlarda bu proses daha şəffaf və daha məqsədəuyğun həyata keçirilir.
2014-cü ilin 1 aprel tarixinə 139 min 573 ailə ünvanlı dövlət sosial yardımı alır. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin məlumata görə, sosial yardımlar respublikanın 612 min 114 nəfər ailə üzvünü əhatə edib.
Ünvanlı dövlət sosial yardımı sisteminin tətbiqinə başlanıldığı 2006-cı ildə ehtiyac meyarının məbləği 30 manat olduğu halda, bu məbləğ ötən müddətdə 3,3 dəfə artırılaraq 2014-cü ilin əvvəlindən 100 manata çatdırılıb.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin fəaliyyət sahələrində şəffaflığın təmin olunması və müasir tələblərə uyğun iş mexanizmlərinin qurulması istiqamətində həyata keçirilən tədbirlərdən biri də ünvanlı dövlət sosial yardımı sahəsində mövcud olmuş ciddi nöqsanların aradan qaldırılması və ünvanlı yardımların təyinatı prosesinin şəffaflaşdırılması olub. Yardımların təyinatı prosesinə məsul olan, o cümlədən bu prosesdə vətəndaşlarla birbaşa ünsiyyətdə olan kadr korpusunun sağlam mənəviyyatlı, layiqli şəxslərdən təşkil olunması işləri aparılıb. Eyni zamanda, yardım alanların siyahıları həm nazirliyin saytında, həm də Əhalinin Sosial Müdafiəsi Mərkəzlərinin inzibati binalarındakı müvafiq lövhələrdə cəmiyyətə açıqlanıb.
Azərbaycan prezidenti bu humanist addımları ilə bir daha sübut edir ki, ölkənin bütün vətəndaşları sənətindən, səhhətindən asılı olmayaraq diqqətdə saxlanılmalı, hamı eyni hüquqa, eyni bərabərliyə malik olmalıdır. Çünki, Azərbaycanda demokratiya var. Demokratik dəyərlərə sadiq olan bir ölkənin vətəndaşları da eyni yaşamalı, eyni statusa malik olmalıdır. Dövlət başçısı, sübut edir ki, o kimliyindən asılı olmayaraq hər bir Azərbaycan vətəndaşının prezidentidir və hər bir vətəndaşın problemi onun öz problemidir. Görülən işlərlə, həyata keçirilən tədbirlərlə bu proses öz təstiqini tapır.

Samir Güləliyev

Trend İnformasiya Agentliyinin müxbiri
Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun keçirdiyi müsabiqəyə təqdim etmək üçün