İcbari tibbi sığortanın tətbiqi üçün iki pilot rayon seçilib Hadisə

İcbari tibbi sığortanın tətbiqi üçün iki pilot rayon seçilib

Nazirlər Kabineti yanında İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi aparılmış araşdırmalar və əlaqədar dövlət qurumları ilə müzakirələr nəticəsində Mingəçevir şəhərini və Yevlax rayonunu icbari tibbi sığortanın tətbiqi üçün pilot ərazilər olaraq seçib. İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin ictimaiyyətlə əlaqələr sektorundan bildirilib ki, pilot ərazilərin müəyyən edilməsi zamanı ərazilərin demoqrafik göstəriciləri, o cümlədən uşaqların, pensiyaçıların və iqtisadi fəal əhalinin sayı, mövcud tibbi xidmət şəbəkəsi və tibb müəssisələrinin (xüsusilə də xəstəxanaların) maddi-texniki vəziyyəti, tibbi personalla təchizatı, dövlət büdcəsindən ayrılan səhiyyə xərcləri nəzərə alınıb.
Rayon və şəhərin tibbi xidmət infrastrukturu və tibbi xidmətin təşkilində müəyyən fərqlər olduğundan İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi həm şəhər, həm də rayon tipli ərazidə pilot layihənin tətbiqini sınaqdan keçirəcək. Bununla əlaqədar Agentlik pilot ərazilərdə yaşayan əhalinin və tibb ictimaiyyətinin icbari tibbi sığorta haqqında maarifləndirilməsini və yeni maliyyələşmə sistemindən istifadəsini asanlaşdırmaq məqsədilə icbari tibbi sığortanın tətbiqi istiqamətində yerlərdə hazırlıq işlərinə başlayıb. Qeyd edək ki, pilot layihənin tətbiqində məqsəd əhalini və tibb müəssisələrini icbari tibbi sığorta sisteminə keçidə hazırlamaq, tibbi xidmətin maliyyələşməsində yeni mexanizmlərin tətbiqini sınaqdan keçirməkdir.