“Azərbaycan xalqına böyük təbrik düşür” Hadisə

“Azərbaycan xalqına böyük təbrik düşür”

"Azərbaycan xalqı xoşbəxtdir. Xalqa böyük təbrik düşür ki, belə bir referendum keçirdi və nəticə etibarilə ona "hə" dedi".
Bunu Qafqaz Müsəlmanları İdarəsinin sədri, şeyxülislam Hacı Allahşükür Paşazadə Məhərrəm ayı ilə bağlı keçirdiyi tədbirdə bildirib. O, ölkə müsəlmanları adından Azərbaycan xalqını təbrik edərək deyib ki, səsvermənin nəticələri prezident İlham Əliyevin rəhbərliyi ilə xalqın rifahına xidmət edir.
Şeyxülislam Hacı Allahşükür Paşazadə bildirib ki, Azərbaycan prezidentinin apardığı uğurlu siyasəti ətrafda gözü götürməyənlər var və buna mane olmağa çalışırlar".
O qeyd edib ki, bunu daha çox din adı altında etməyə çalışırlar: "Azərbaycana qarşı din adı altında hazırlanan təxribatlara dindarları cəlb etmək istəyirlər. Biz bununla bağlı dindarlara xəbərdarlıq edərək ayıq-sayıq olmağa çağırmışıq. Yenə də dindarlarımızı ayıq olmağa səsləyirəm. Dindarlarımızı qarşıdan gələn Məhərrəmlik ayındakı tədbirlərdə edilə biləcək belə cəhdlərə uymamağa, buna yol verməməyə çağırıram. Bizim güclü dövlətimiz və onun uğurlu siyasət aparan lideri var. Biz dövlətimizi qorumalıyıq".
Dini təqvim haqqında söz açan Şeyxülislam təqvimin bu il 1 illik yox, ilyarımlıq buraxıldığını deyib. O bildirib ki, səbəb növbəti dini təqvimi gələn ilin yanvarından etibarən nəşr etməkdir: "İndiyə qədər biz dini təqvimləri Məhərrəm ayından növbəti Məhərrəm ayına qədər olan dövr üçün hazırlayırdıq. Amma bizim dövlət dünyəvidir və rəsmi təqvim yanvar ayından başlayır. Biz də rəsmi təqvimdən fərqlilik yaratmamaq üçün növbəti təqvimləri yanvardan başlamaqla nəşr edəcəyik. Bizim nəşr etdiyimiz dini təqvim bütün məzhəblər üçün nəzərdə tutulub və vahid təqvimdir. Kim bundan kənara çıxacaqsa, məzhəb ayrı-seçkiliyi salmış hesab olunacaq. Bu isə cinayət məsuliyyəti yaradır və dini təxribatdır".
Qafqaz Müsəlmanları İdarəsinin sədri Azərbaycanda dini televiziyanın yaradılması ilə bağlı təşəbbüslə çıxış etdiyini deyib.
Şeyxülislam qeyd edib ki, bu barədə ölkə başçısı ilə də söhbəti olub: "Cənab prezident bu praktikanın mövcud olduğu ölkələrlə də maraqlandı. Mən də Avropada və digər ölkələrdə belə nümunələrin olduğunu dedim. İnşallah, bizdə də bu televiziyanın açılması yaxşı nəticə verər. Bəzən mətbuatda nabələd halda dini mövzulara toxunulur. Amma vahid dini televiziya olduğu təqdirdə bu işin peşəkarlar tərəfindən görülməsinə nail olacağıq".
QMİ sədri jurnalistlər üçün dini kursların açılmasını də təklif etdiyini deyib.