Neftçalada bəzi torpaq sahələrinin bərpa olunan enerji mənbələrinin ərazisi kimi müəyyən edilib Hadisə

Neftçalada bəzi torpaq sahələrinin bərpa olunan enerji mənbələrinin ərazisi kimi müəyyən edilib

Nazirlər Kabineti “Neftçala rayonunun inzibati ərazisində dövlət və bələdiyyə mülkiyyətinə aid bəzi torpaq sahələrinin bərpa olunan enerji mənbələrinin ərazisi kimi müəyyən edilməsi haqqında” qərar verib.
APA-nın xəbərinə əsasən, qərara əsasə, Neftçala rayonunun inzibati ərazisində Azərbaycan Respublikası Müdafiə Nazirliyinin istifadəsində olan sənaye, nəqliyyat, rabitə, müdafiə və digər təyinatlı torpaqlar kateqoriyasına aid 523,0 hektar torpaq sahəsi Energetika Nazirliyinin istifadəsinə verilməklə, Neftçala rayonu Yenikənd Bələdiyyəsinin mülkiyyətində olan 400,0 hektar və Neftçala Bələdiyyəsinin mülkiyyətində olan 50,0 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahələri ilə birlikdə, ümumilikdə 973,0 hektar torpaq sahəsi qoyuluş gücü 315 MVt olan günəş elektrik stansiyasının tikintisi məqsədilə bərpa olunan enerji mənbələrinin ərazisi kimi müəyyən ediləcək.
Energetika Nazirliyi ilə müəyyən edilmiş bərpa olunan enerji mənbələrinin ərazisində elektrik enerjisi istehsalçısının seçilməsi ilə bağlı tədbirləri Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 2 avqust tarixli 2285 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Bərpa olunan enerji mənbələrinin ərazisində elektrik enerjisi istehsalçısının seçilməsi Qaydası”nın tələblərinə uyğun həyata keçirməlidir.
Bu Qərar qüvvəyə mindiyi tarixdən elektrik enerjisinin istehsalı məqsədilə bərpa olunan enerji mənbələrinin ərazisi kimi müəyyən edilmiş 973,0 hektar torpaq sahəsində günəş elektrik stansiyasının tikintisinə icazə “Elektrik enerjisi istehsalında bərpa olunan enerji mənbələrindən istifadə haqqında” qanunda nəzərdə tutulmuş müddətdə Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinə uyğun olaraq alınacaq.
Dövlət Şəhərsalma və Arxitektura Komitəsi tikintiyə icazə verildikdə həmin gündən, müəyyən edilmiş müddətdə tikintiyə icazə verilmədikdə isə müddət başa çatdığı gündən üç gün müddətində bu barədə Azərbaycan Respublikasının Nazirlər Kabinetinə məlumat verməlidir.