Sənəddə kəsilən atəşkəs... Hadisə

Sənəddə kəsilən atəşkəs...

Arzu Şirinova

ATƏT-in Minsk qrupunun amerikalı həmsədri Ceyms Uorlik Dağlıq Qarabağla bağlı ismarıclarını yenə də öz Tvitter səhifəsində verib:"May ayında Los-Ancelesdə Ermənistan-Amerika və Hyustonda Azərbaycan-Amerika cəmiyyəti ilə görüşərək Dağlıq Qarabağ münaqişəsini müzakirə etmək üçün səbirsizlənirəm". Bu həmsədrə deyən lazımdır km, həmin müzakirələr bu və digər formada dəfələrlə aparılıb. Ancaq nəticəsiz həll hələ də ortadadır. Yoxsa Ceyms Uorlik may ayında tamam olacaq atəşkəsin 20 illiyi ərəfəsində ermənilərin növbəti oyunlarının olacağından və bu oyunlara dəstək verən həmsədrlərin deyəcəklərindən səbirsizlənir?
Bəli, 1994-cü ilin mayında qüvvəyə minən "Bişkek protokolu"ndan-Azərbaycan və Ermənistan münaqişəsində atəşkəs elan olunmasından 20 il keçir. Və daha neçə illər Dağlıq Qarabağ münaqişəsində atəşkəs rejiminə əməl olunacağını və yaxud olunmayacağını söyləmək çətindir. Çünki hələlik nəticəsiz danışıqlar-istər ATƏT-in Minsk qrupunun həmsədrləri, istər Azərbaycan və Ermənistan dövlət başçıları, isətərsə də hər iki ölkənin xarici işlər nazirləri arasında-davam etdiyindən yaxşı nələrəsə ümid bəsləmək fikrindən uzağıq. Ancaq atəşkəsin müsbət və mənfi tərəflərini qeyd etməyə çalışacağam.

xxx

Bəzi ekspertlər atəşkəsin müsbət tərəflərindən danışanda ilk olaraq bildirirlər ki, bu müddət ərzində Ermənistanın təcavüzünə son qoyulmasa da, Azərbaycan münaqişənin ədalətli həlli üçün istər siyasi, istərsə də hərbi müstəvidə əlverişli imkanlar qazanıb. Bu sayaq ekspertlərin qənaətincə, 1994-cü ilin yazı Ermənistan-Azərbaycan müharibəsində kritik dövr idi. Azərbaycan 1994-cü ilin yanvarında bir neçə uğurlu əks-hücum əməliyyatı (Horadiz qəsəbəsinin və Füzuli rayonunun Arazboyu kəndlərinin azad olunması-red.) həyata keçirsə də, ümumilikdə cəbhədəki qış kampaniyası gözlənilən nəticəni vermədi. Baxmayaraq ki, bu sahədə radikal addımlar atılmış, real ordu quruculuğu başlanmışdı, ancaq bununla belə, Azərbaycanın hərbi qüvvələri cəbhə xəttində real güc halında çıxış edə bilmirdi. Ordu son nəfəsində vuruşurdu və ona yenidən toparlanmaq üçün zaman lazım idi. Cəbhədəki qoşunların maddi-texniki təchizatı avtomobilin hərəkət edə-edə təmir olunmasını xatırladırdı.

xxx

Ən mühüm məqamlardan biri isə Azərbaycan ordusunun o vaxtkı rəhbərliyinin siyasi intriqa və oyunbazlığın girovunda olmasıydı. Gəncə qiyamını törədərək Əbülfəz Elçibəyin hakimiyyətdən getməsinə nail olan, sonradan isə baş nazir kürsüsünə yüksələn Surət Hüseynovun iqtidar daxilindəki cılız siyasəti Silahlı Qüvvələrin idarəçiliyində də özünü göstərdi. Yəni Surət Hüseynovun "kadrı" sayılan o vaxtkı müdafiə naziri Məmmədrəfi Məmmədovun bütün məziyyətlərinə görə səbatsız fiqur olduğu göz qabağında idi. Belə ki, Məmmədrəfi Məmmədov bir neçə dəfə Rusiya və Ermənistan müdafiə nazirlərilə keçirdiyi görüşlərdə Azərbaycan prezidenti tərəfindən sanksiyalaşıdırılmamış hərəkətlərə yol verməklə özünü ifşa etmişdi. Onun Moskvada olarkən Rusiya sülhməramlı kontingentinin Qarabağda yerləşdirilməsinə dair protokolu imzalamaq cəhdi mərhum prezident Heydər Əliyevin təcili müdaxiləsindən sonra önlənmişdi. Bir sözlə, 1994-cü ilin yazında Azərbaycan cəbhədə müəyyən lokal uğurlar qazansa da, ordu quruculuğuna fundamental şəkildə başlamaq, Müdafiə Nazirliyindən yerlərdəki qoşun hissələrinin komandirlərinədək kadrların düzgün yerləşdirilməsi üçün vaxt lazım idi. Amma atəşkəsi zəruri edən təkcə hərbi faktor deyildi. Ortada daha böyük və həlli müşkül olan geosiyasi faktor da vardı... 1994-cü ilin əvvəlindən Azərbaycan Ordusunun cəbhədə nisbətən uğurlar qazanması, erməni silahlı qüvvələrinə sarsıdıcı zərbələr endirməsi Ermənistan cəmiyyətində güclü rezonans yaratmışdı. İrəvanda müharibə əleyhinə çıxışlar güclənməkdə idi. Ermənistan əhalisi Qarabağdan gələn tabut saylarının artmasından şoka düşmüşdü. Belə bir vaxtda Qarabağ müharibəsinin əsas istiqamətvericisi sayılan Rusiya faktoru önə çıxdı. Moskvada görürdülər ki, Ermənistan-Azərbaycan müharibəsi tədricən idarəolunmaz (Moskva tərəfindən-red.) vəziyyətə gəlir. Bu isə Qarabağ münaqişəsini lap əvvəldən monopolist nəzarətdə saxlayan və idarə etməyə çalışan Moskvanın planlarına uyğun deyildi. Odur ki, Rusiya 1994-cü ilin yazında israrla tərəfləri atəşkəsə təşviq etməyə başladı. Xatırladaq ki, o vaxt Rusiya ATƏM (ATƏT) Minsk qrupuna faktiki olaraq təkbaşına sədrlik edirdi. Moskvanın təşviq-təhdid siyasəti isə ilk növbədə özünün strateji maraqlarına hesablanmışdı. Rusiya regionda vəziyyətin dəyişəcəyini görürdü və bu səbəbdən təcili sülhün memarı olmaq əzmində idi. Sülhün təminatçısı isə, təbii ki, Ermənistan-Azərbaycan cəbhəsi xəttində yerləşdiriləcək Rusiya hərbi kontingenti olmalıydı.

xxx

Rusiya Azərbaycanı açıq şəkildə təhdid edirdi: "Atəşkəsi imzalamasan, yeni ərazilər itirə bilərsiniz".
Qeyd edək ki, Rusiyanın işğal olunmuş Azərbaycan ərazilərinin coğrafiyasını genişlənə biləcəyi barədə hədələri heç də nəzəri deyildi. Moskva tezliklə atəşkəsə nail olmaqla bir neçə mühüm məqsədi güdürdü: təkbaşına sülh vasitəçiliyilə özünü regionun gerçək sahibi kimi (İran və Türkiyədən fərqli olaraq-red.) göstərmək, Cənubi Qafqaza yenicə ayaq açmağa hazırlaşan Amerikanı və Avropanı qabaqlamaq, yuxarıda qeyd etdiyimiz kimi, Qarabağda Kreml ssenarisi üzrə sülhü həyata keçirməklə yenidən Azərbaycana qayıtmaq. Moskvanın konkret istəyi Azərbaycanı MDB-nin kollektiv təhlükəsizlik sisteminə qatmaq və onun sərhədlərinə, hava məkanına nəzarəti ələ keçirmək idi. Rusiyanın atəşkəslə bağlı planları 1994-cü il mayın əvvəlində gerçəkləşmə mərhələsinə qədəm qoydu. Mayın 4-də Qırğızıstanın paytaxtı Bişkekdə açılan MDB Parlamentlərarası Assambleyasının iclasında Rusiya konkret layihə ilə çıxış etdi. Atəşkəs sənədinin parlament rəhbərləri tərəfindən imzalanması Moskvanın təşəbbüsü idi. Rusiyanın planına görə, Ermənistan və Azərbaycanın birinci şəxsləri atəşkəsin ardınca hazırlanacaq "Böyük sülh sazişi"nə imza atmalı idilər. Bişkek toplantısında Azərbaycanı vitse-spiker Afiyəddin Cəlilov, Ermənistanı isə parlament sədri B.Ararksyan təmsil edirdi. Lakin MDB PA-ya sədrlik edən Rusiya Federasiya Şurasının başçısı V.Şumeyko və Qırğızıstan spikeri M.Şerimkulovun vasitəçiliyilə mayın 4-5-də keçirilən Ermənistan-Azərbaycan danışıqları nəticə vermədi. Əsas fikir ayrılığı isə protokolda Azərbaycan və Ermənistanla yanaşı, Dağlıq Qarabağın erməni icmasına da bərabər tərəf kimi yer ayrılması idi. Bu prinsip həm ATƏT Minsk qrupunun 24 mart 1992-ci il tarixli mandatına, həm də Azərbaycanın prinsipial mövqeyinə zidd idi. Minsk qrupuna verilən mandatda Ermənistan və Azərbaycan münaqişənin iştirakçıları, Dağlıq Qarabağın erməni və azərbaycanlı icmaları isə maraqlı tərəflər kimi təsbitlənmişdi. Ermənistan və Rusiyanın Dağlıq Qarabağ ermənilərinə münaqişənin tərəfi statusunu vermək cəhdləri uğursuz oldu və Azərbaycanın nümayəndə heyəti protokolu imzalamadan Bakıya qayıtdı. Rusiya vasitəçilik missiyasının iflasını göz önünə alaraq məcburi addım atdı və Vladimir Kazimirov "Bişkek protokolu"nu Azərbaycanın prinsiplərinə uyğun şəkildə imzalanmaq üçün Bakıya gətirdi. Mayın 8-də sənədi Azərbaycan parlamentinin sədri Rəsul Quliyev və DQ-nin azərbaycanlı icmasının başçısı mərhum Hizami Bəhmənov imzaladılar. Qeyd edək ki, sənədə Dağlıq Qarabağ separatçılarının da imza atması o vaxt Azərbaycanda birmənalı qarşılanmadı. Hətta müxalifət düşərgəsi etiraz edərək "Bişkek protokolu"nu təslimçi sənəd, Dağlıq Qarabağ separatçılarının legitimliyini tanıyan akt kimi dəyərləndirdilər.

xxx

Ekspertlərin fikrincə, "Bişkek protokolu" atəşkəs sənədi olsa da, mahiyyətcə Dağlıq Qarabağ münaqişəsilə bağlı ondan öncə qəbul olunmuş çoxsaylı sənədlərdən, o cümlədən BMT-nin məlum qətnamələrdən fərqlənmirdi. "Bişkek protokolu"nda da Azərbaycanın Ermənistan tərəfindən təcavüzə məruz qalması, ərazisinin işğal olunması kimi faktlar təsbitlənmir, sadəcə, münaqişədən ümumi narahatlıq notları yer alırdı. Odur ki, Azərbaycan sənədin mətninə iki mühüm əlavə ilə imza atdı. Protokolun 5-ci abzasında "tutulmuş ərazilər" sözü "işğal olunmuş ərazilər"lə əvəzlənmiş, həmçinin atəşkəsdən sonra cəbhə xəttində yerləşdiriləcək müşahidəçilərin məhz "beynəlxalq müşahidəçilər missiyası" olması qeyd olunmuşdu. Bu isə o demək idi ki, Azərbaycan "Bişkek protokolu"nda Rusiyanın Qarabağa yalnız özünün müşahidəçilərini göndərmək niyyətini əngəllədi.
"Bişkek protokolu"na əsasən, atəşkəs rejimi real sülh addımları ilə müşayiət olunmalı idi. Sənədə görə, "ən yaxın günlərdə" işğal olunmuş ərazilərin boşaldılması, kommunikasiyaların bərpası və köçkünlərin geri qaytarılmasını nəzərdə tutan "etibarlı sülh sazişi" imzalanmalı idi. Lakin "ən yaxın günlər" artıq 20 illə əvəzlənir. Bu illərdə Azərbaycan bütün təhdid və təzyiqlərə baxmayaraq Dağlıq Qarabağ probleminin nizamlanmasında özünün dövlətçilik prinsip və maraqlarından bir addım olsa geri çəkilməsə də, ancaq torpaqlarımızın hələ ki, 20 faizi erməni işğalı altındadır. Bir milyondan artıq qaçqın və məcburi köçkünlərimiz yurd həsrətilə yaşayır. Artıq onların bir qismi yurd həsrətinə dözməyərək dünyalarını dəyişiblər.
Bütün baş verənlər göstərir ki, atəşkəs rejimi Azərbaycana müəyyən mənada-Rusiyanın "sənədi imzalamasanız yeni ərazilər itirə bilərsiniz" təhdidinin qarşısını almaq üçün- lazım idisə, bütövlükdə isə "Bişkek protokolu"-atəşkəs ermənilərin maraqlarına uyğun, yəni onların planlarını həyata keçirməyə hesablanmışdı. Diqqət yetirək, nədən Rusiya Dağlıq Qarabağ işğal ediləndə atəşkəsin əldə olunmasına səy göstərmədi? Çünki həmin vaxt atəşkəsin əldə olunması Rusiyanın və Ermənistanın planlarını alt-üst edə bilərdi. Rusların köməkliyilə Dağlıq Qarabağa bitişik rayonları da işğal etmək və sonrakı danışıqlarda məhz bu rayonlardan bəhrələnmək-hazırda aparılan danışıqlarda 5 rayonun qaytarılmasından söhbət gedir-planın tərkib hissələrindən biri idi ki, bunu da həyata keçirdilər. Yəni Dağlıq Qarabağın işğalından sonra Ermənistanla atəşkəs bağlansaydı, bu gün supergüclər Azərbaycana 5 və yaxud 7 rayonun qaytarılmasını az qala uğur kimi təqdim etməzdilər. Eyni zamanda sözügedən rayonlar işğal olunmasaydı bu gün ermənilər "uzaqbaşı ətraf rayonlar qaytarıla bilər, Dağlıq Qarabağın Azərbaycana qaytarılmasından isə söhbət gedə bilməz" iddiasında bulunmazdılar. Emənilər rusların köməkliyilə hər zaman bu siyasəti həyata keçiriblər. Belə ki, ötən əsrin əvvəlində Zəngəzuru qazanmaq üçün Dağlıq Qarabağdan istifadə edən şovinist ermənilər elə həmin əsrin sonlarında da Dağlıq Qarabağa sahib olmaq məqsədilə ətraf rayonları işğala məruz qoydular. Bir sözlə, Rusiya 2008-ci ilin avqustunda Gürcüstanda həyata keçirdiyi hərbi-siyasi oyunu 2003-cü ildə Azərbaycanda reallaşdırmışdı.
Deməli atəşkəs rejiminin tətbiqinin xeyrindən çox ziyanı var ki, biz də hələlik ziyanın yarısından qayıda bilmirik.