Niyə uşağınız olmur?.. Hadisə

Niyə uşağınız olmur?..

Hakan Tanrıverdi: "Süni mayalanma sözü səhv tərcümə edilir, bu, tamamilə bioloji bir prosesdir"
Adil Qeybulla: "Başqa bir etnosun millətin geninə qarışması müəyyən problemlər yarada bilər"

2009-cu ildə - boşanan 7784 ailədən 4634-nün, 2010-cu ildə boşanan 9061 ailədən 5527-nin, 2011-ci ildə boşanan 10747 ailənin isə 7368-nin övladı olmayıb. Sadalanan faktlar 9 milyonluq əhalisi olan ölkə üçün xeyli ciddi rəqəmlərdir. Təbii ki, övlad sahibi ola bilməyən insan üçün ailənin dağılması həm də böyük stressdir. Uşaq sahibi ola bilməmək cütlüklərin nəinki ailədaxili münasibətlərinə, hətta iş həyatlarına da ciddi mənfi təsirlər göstərir. Çünki demək olar ki, addım atdıqları hər mühitdə "niyə uşağınız olmur?" kimi suallara tuş gəlirlər. Beləcə ana olmaq istəyən qadın həyatını öz fizioloji problemlərindən daha çox bu kimi stresslərə sinə gərməyə məcbur olur.
Amma necə deyərlər, ölümə çarə yoxdur. Məsələn, təbii yolla övlad sahibi ola bilməyən 3 mindən çox azərbaycanlı ailə süni mayalanmaya müraciət edib. Süni mayalanma evli cütlüklərin hər ikisinin razılığı əsasında həyata keçirilməlidir. Bəzən tibbi olaraq bütün lazımi müalicələr edilir, lakin qadın yenə də uşaq sahibi ola bilmirsə, artıq belə vəziyyətlərdə əsl mühüm olan faktor problemin psixoloji ölçüsüdür.
"Baku Medikal Plaza" xəstəxanasının həkimi Hakan Tanrıverdi bildirir ki, süni mayalanma sözü səhv tərcümə edilir: "Əslində bu prosesin gedişatında heç nə süni şəkildə baş vermir, normal hamiləlik kimi keçir. Bu tamamilə bioloji şəkildə olur. Məhz bu ada görə bir çox həkimlər xəsətələrini buna razı salmaqda çətinlik çəkirlər. Onlar düşünürlər ki, uşaq süni şəkildə hazırlanır. Bu ad dünyada "yardımçı çoxalma" deyə keçir və ya "in-vitro fertilization" deyilir. Yəni tibbdə süni mayalanma yox, yardımçı çoxalma var. Bu normal qaydada bədən daxilində deyil, laborotoriya şəraitində dölləndirilir. Qadından dərman vasitəsi ilə yumurtalar götürülür. Laborotoriya şəraitində saxlanılır, bəzən onların bir qismi "ölmüş" olur. Bir neçə gündən sonra yerdə qalanlar götürülür və qadının həyat yoldaşının spermaları ilə dölləndirilir. Bu labaratoriya şəraitində, yəni bədəndən xaricdə baş verir. Lakin sonra həmin mayalanmanı qadının bədəninə yerləşdiririk. Gerisi normal hamiləlik kimi baş verir. Yəni burada süni heç nə yoxdur. Burada götürülən sperma da qadının həyat yoldaşına məxsus olur. Bunu edərkən də ətrafımızdakı hər bir şey bədənə uyğun qurulur. Məsələn, üzərində çalışdığımız stolun temperaturu belə 37 dərəcədədir. Əks halda spermalar məhv olar. Həssaslıq tələb edən prosesdir. Yerləşdirilmədən sonra yalnız Allahın ümidinə qalır. Yəni biz sadəcə başlanğıc üçün yardım etmiş oluruq."
Ölkə daxilində süni mayalanmaya olan münasibət birmənalı deyil. Bir kəsim bunu normal qəbul etsə də, başqa bir qrup buna qarşı çıxır, qarşı çıxmalarının səbəbini isə islam dini ilə əlaqələndirilər. Dində isə süni mayalanma yox, kənar bir şəxsin donor olması qəbul edilmir. Çünki uşağın atası ilə anası arasında mütləq nikah olmalıdır. Uşağın ata və anasını tanıması mütləqdir, əks halda bu proses gələcəkdə eyni ata və anadan olan uşaqların ailə qurması ilə nəticələnə bilər.
Yeri gəlmişkən bu sahəni tənzimləyəcək "Reproduktiv sağlamlıq haqqında" qanunun qəbulu da gecikir. Bu isə öz növbəsində yeni problemlər gətirir.
Süni mayalanmanın xarici ölkələrdə aparılması problemli işdir. Xüsusən də, donor başqası olarsa. Qadının və ya kişinin sağlamlığı buna imkan vermədikdə, donordan istifadə edilir. Həmin donorun genetik xəstəlikləri, şəxsi keyfiyyətləri və s. məqamlar sual yaradır. Xarici ölkə vətəndaşının genindən dünyaya gəlmiş uşağın Azərbaycan genefondu üçün nə qədər problemli ola biləcəyi düşündürücüdür. Bundan başqa, süni mayalanmanın yüz faiz müsbət nəticə verəcəyi dəqiq deyil.
Bir çox ölkələrdə artıq bu əməliyyatların qiyməti çox yüksək deyil. Məsələn, Türkiyədə bəzi klinikalarda bu rəqəm 800-1000 manat arasında dəyişir, bəzilərində isə bu 4-5 min lirəyə yəni, təxminən 1500-2000 manata başa gəlir. Amma bura gediş-gəliş xərcləri də əlavə etsək, ciddi rəqəmlər alınır.
Ölkə daxilində isə qiymətlər ucuz deyil. Səhiyyə Nazirliyinin mətbuat xidmətindən bildirirlər ki, ölkədə bu cür əməliyyatlar aparılmır. Çünki "Reproduktiv sağlamlıq haqqında" qanun qəbul olunmadan bu işin həyata keçirilməsi mümkün deyil.
Nazirlik bunun mümkün olmadığını desə də, özəl klinikaların bir çoxunda bu cür əməliyyatlar aparılır. Məsələn, "Laçın" klinikasında süni mayalanmadan əvvəlki müalicələr aparılır, bundan sonra isə həkim məsləhətinə uyğun olaraq digər klinikalara göndərilir. Klinikadan bizi inandırmağa çalışdılar ki, müalicə ilə müsbət nəticə əldə edilir. Dediklərinə görə, artıq xarici ölkəyə getməyə ehtiyac yoxdur, çünki bu işi ölkə daxilində də yüksək səviyyədə həyata keçirmək mümkündür. Mərkəzi Klinikada isə normal cütlüklər üçün bu əməliyyatlar 3500-4000 manata başa gəlir. Donora ehtiyacınız varsa, qadın donor üçün 5000, kişi donor üçün isə 350 manat ödəniş etməlisiz. Ailə Planlaşdırılması Mərkəzi bildir ki, artıq bu işlə məşğul olmurlar.
Tibbi ekspert Adil Qeybullanın sözlərinə görə, süni mayalanmanın aparılması ilə bağlı məhdudiyyətlərin olması normaldır. Amma nəzarətin olmaması bəzi özəl klinikaların qanunsuz fəaliyyətinə yol aça bilər: "Çünki bu işin respublikadan kənar, qeyri-leqal şəkildə aparılması variantları var. Bu da süni mayalanma, demoqrafik duruma nəzarəti çətinləşdirir. Süni mayalanma zamanı yeni cinsin hansı etnosdan olması ölkənin milli təhlükəsizlik sisteminə olan təhlükədir. Hansısa özəl sektorda bu iş həyata keçirilirsə, bu prosesin protokol üzrə aparılıb-aparılmaması nəzarətdə olmalıdır. Qanunsuz formada aparılarsa, bu kriminal məsələlərə yol aça bilər. "Reproduktiv sağlamlıq haqqında" qanun layihəsinin qəbul edilənə qədər bu işin qanuni əsasları təmin edilməmiş sayılır. Bu qanun milli təhlükəsizlik konsepsiyasına daxil olan məsələdir".
Ekspertin sözlərinə görə, süni mayalanma barədə dəqiq məlumatın olmaması, demoqrafik duruma nəzarət problemini yaradır. Məsələnin bu cür həyata keçirilməsi qanunda olan boşluqdan sui-istifadədir. Qiymət məsələsinə toxunan ekspert bildirdi ki, bizim qiymətlər dünya qiymətlərindən fərqlənmir. Lakin bu məsələnin dövlət proqramı əsasında həyata keçirilməsi daha məqsədəuyğundur. Bu zaman xərclərin 50 faizi dövlət hesabına, müxtəlif güzəştlərlə edilə bilər. Adil Qeybulla qiymət məsələsində güzəşt edilməsinin xaricə axının qarşısını alacağını bildirdi: "Başqa bir etnosun millət geninə qarışması müəyyən problemlər yarada bilər.
Ona görə də, xaricə gedənlərin də qeydiyyatı aparılmalıdır ki, gələcəkdə genlə bağlı hər hansı problem meydana çıxanda bunun səbəbləri müəyyən edilə bilsin. Ailələr gen seçərkən sağlam insanların geninə üstünlük verməli, onun hansı genetik xəstəliklərinin olduğunu müəyyən etməlidirlər".
Genekoloq Ramin Salahovun sözlərinə görə, sonsuzluqdan əziyyət çəkənlərə tətbiq edilən bu əməliyyat üçün müraciət edənlərin sayı artıb. Onlar arasında kişi sonsuzluğu daha çoxdur: "Əhalinin 15 faizində, yəni, təxminən hər 6 ailədən birində sonsuzluq problemi var. Bu diaqnoz bir il ərzində düzənli cinsi həyatı olan, lakin övlad sahibi ola bilməyənlərə qoyulur. Qadının yaşı 35-dən çox olan fərdlərdə bir ili gözləməyə ehtiyac yoxdur, 6 ay övlad sahibi olmamaları yetərlidir. Çünki 37 yaşdan sonra qadınlarda ciddi yumurta pozğunluqları meydana çıxır. Yaşı 40-dan çox olan qadınlarda isə hamilə qalma ehtimalı 3 faizdən az olur. Qadınlar üçün yaş faktoru çox önəmlidir".
Genekoloqun sözlərinə görə, süni mayalanmada ən ciddi məsələ vaxtında müraciətdir: "Bizə müraciət edən xəstələr arasında 10 ildir müxtəlif müalicələr alanlar olub. Sperma faizi sıfır olan xəstəyə söz verilib ki, müalicə ilə uşaq sahibi olacaqsız, lakin nəticə müsbət olmayıb. Əvəzində vaxt itirilib, qadının yaşı keçib, bu isə əlavə problemlər yaradır. Ona görə məsləhət görərdik ki, xəstələr vaxtında müraciət etsinlər. Əlbəttə, süni mayalanma hər kəsə tətbiq edilə bilməz, bunun üçün müayinə və müalicələrdən keçmək lazımdır. Üstəlik, bu zaman uşağın olma ehtimalı 50 faizdir. Amma yenə də vaxtında müraciət ən düzgün seçimdir".
Həkim süni mayalanmadan dünyaya gələn uşaqların sonrakı problemlərinə də toxundu: "Süni və təbii mayalanmadan dünyaya gələn uşaqlar arasında ciddi fərq olmur. Əlbəttə, problem olma ehtimalı həmişə var. Təbii mayalanma zamanı belə dünyaya gələn hər 100 uşaqdan 3-ü qüsurlu ola bilər. Süni mayalanmada isə bu, 5 faizdir".
Göründüyü kimi, qanundakı boşluqlar, qanunun qəbulunun gecikməsi, daha ciddi problemlər yaradır. Milli Məclisin Sosial siyasət komitəsinin sədr müavini Musa Quliyev mətbuta açıqlamasında bildirib ki, "Ailə planlaşdırması və reproduktiv sağlamlıq haqqında" qanun layihəsində reproduktiv texnologiyanın tətbiqi ilə ekstrokorporal mayalanmanın dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilməsi təklif edilir. Əməliyyatın olduqca bahalı olduğunu deyən Musa Quliyev bu işin dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilməsinin vacibliyini vurğulayıb. Ancaq ekstrokorporal mayalanma dövlət büdcəsi hesabına sosial cəhətdən zəif müdafiə olunan əhali qrupuna tətbiq edilməlidir. Digər tərəfdən, icbari tibbi sığorta sistemi tətbiqi edilərsə, onda ekstrokorporal mayalanma icbari tibbi xidmətlər paketinə də daxil edilə bilər: "Biz deyirik ki, qanun qəbul olunsa, ekstrokorporal mayalanmanın dövlət vəsaiti hesabına həyata keçirilməsi mexanizmi tam işə düşsün. Bu, heç olmasa, sosial cəhətdən müdafiəyə ehtiyacı olan şəxslər üçün tətbiq olunsun. Qalan şəxslər üçün isə bu xidmət icbari tibbi sığorta paketində təklif edilsin. Hazırda bununla bağlı müzakirələr aparılır".
Musa Quliyevin sözlərinə görə, layihədə razılaşdırılmayan məsələlər də var. Belə ki, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi layihədəki donorluq məsələsindən narazı qaldığı üçün komitəyə etiraz məktubu göndərib. Komitənin sədr müavininin sözlərinə görə, 1998-ci ildə qəbul olunmuş "Əhalinin sağlamlığının qorunması haqqında" qanun layihəsində donorluq məsələsi bir müddəa kimi öz əksini tapıb: "İndi layihədən donorluğu çıxartmaq geriyə addım olacaq. Biz bu məsələni layihədən çıxarsaq, bu, dünya tərəfindən anlaşılmayacaq. Fikirləşəcəklər ki, Azərbaycan dini dövlət olur?"

Ülviyyə Tahirqızı