CASCFEN ilk qurultayını keçirdi Hadisə

CASCFEN ilk qurultayını keçirdi

Azər Həsrət yenidən qurumun rəhbəri seçildi

Orta Asiya və Güney Qafqaz Söz Azadlığı Şəbəkəsi (CASCFEN) 3 May Dünya Mətbuat Azadlığı Günündə özünün 1-ci qurultayını (ümumi yığıncağını) keçirərək rəhbərlərini seçib.
Qurum mətbuat xidmətindən verilən xəbərə görə, Azərbaycanın dövlət himninin ifası, şəhid jurnalistlərin və bütün şəhidlərinin yad edilməsilə başlayan qurultayda ölkə mediasının öndə gələnləri də iştirak edib. Mətbuat Şurasının sədri Əfaltun Amaşov, Milli QHT Forumunun prezidenti Rauf Zeyni, Beynəlxalq Avrasiya Mətbuat Fondunun sədri Umud Rəhimoğlu, Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz, Demokratik Jurnalistlər Liqasının sədri Yadigar Məmmədli, "Xalq Cəbhəsi" qəzetinin baş redaktoru Elçin Mirzəbəyli, Jurnalistlərin Həmkarlar İttifaqının sədri Müşfiq Ələsgərli, Jurnalist Qadınlar Assosiasiyasının sədri Sevil Yusifova, "Yeni Nəfəs" Hərəkatının sədri Seymur Həsənli öz təbrik çıxışlarında CASCFEN-in ölkə daxilində və xaricində gördüyü işlərin faydasından, bir QHT olaraq qurumun nümunəvi təşkilat formasından söz ediblər. Onlar CASCFEN-in bu baxımdan başqa qurumlara örnək ola biləcəyini deyiblər.
Daha sonra təşkilata verdikləri informasiya dəstəyinə və ifadə azadlığı mədəniyyətinə töhfələrinə görə, "Xalq Cəbhəsi" və "Şərq" qəzetlərinə diplom təqdim edilib. 60 illik yubileyi və CASCFEN-in formalaşmasında roluna görə prof. Dr. Ramiz Əskər, 55 yaşının tamam olması və qurumun fəaliyyətinə töşfələrinə görə Şəmistan Əlizamanlı və 50 illik yubileyi və CASCFEN-in fəaliyyətində yaxından iştirakına görə İbrahim İlyaslı da diplomla təltif edilib.
Dr. Nüşabə Hüseynlinin sədrliyi ilə keçən qurultayda qurumun rəhbəri Azər Həsrətin və Nəzarət Təftiş Komissiyasının sədri Sevda Əsgərin hesabatı ayrı-ayrılıqda dinlənilib.
Azər Həsrət öz hesabatında təşkilatın həm ölkə içində, həm də beynəlxalq səviyyədə gördüyü işlərdən, qoşulduğu koalisiyalardan və ümumilikdə CASCFEN-in əldə etdiyi uğurlardan danışıb.
Sevda Əsgər isə qurumun maliyyə durumu, xərclənən vəsaitin istiqamətləri barədə bilgi verib. O qeyd edib ki, hesabat dövründə CASCFEN-ə üzvlərdən heç bir şikayət daxil olmayıb.
Hər iki hesabat yekdilliklə qəbul edilib.
Bundan sonra İdarə Heyəti, NTK üzvləri və CASCFEN sədrinin seçkisi keçirilib. Prof. dr. Ramiz Əskər, dr. Nüşabə Hüseynli, Azər Həsrət, Elşad Paşasoy, Qalib İbrahimoğlu, Lalə Musaqızı, Səhər Əhməd, Nadir Azəri, Rey Kərimoğlu yekdilliklə CASCFEN İH üzvü seçilib.
Sevda Əsgər, Şəmşir Əlisoy və Ramilə Qardaşxanqızı isə NTK üzvlüyünə seçilib. Sonda qurultay nümayəndələri CASCFEN sədri vəzifəsinə təkrar olaraq Azər Həsrəti seçiblər.
CASCFEN-in 136 üzvündən 72-si qurultayda iştirak edib.

TURQUT