ABŞ-İran müharibəsi: ikinci mərhələ başlayır? Gündəm

ABŞ-İran müharibəsi: ikinci mərhələ başlayır?

Aprelin 10-da İslamabadda Pakistanın vasitəçiliyi ilə İran və ABŞ arasında keçirilən ilk danışıqlar nəticəsiz başa çatıb. Bunun ardından ekspertlər müxtəlif fikirlər səsləndirirlər. Bəziləri qeyd edir ki, mayın sonu, iyunun əvvəli ABŞ-İran müharibəsinin ikinci mərhələsi başlana bilər.

Bəs proseslər nə vəd edir? ABŞ-İran müharibəsinin ikinci mərhələsi başlana bilərmi?

“Xalq Cəbhəsi” sual ətrafında ekspertlərin fikirlərini öyrənib.

Siyasi ekspert Zaur İbrahimli bildirib ki, bu müharibə ABŞ-İsrail və İran arasında hərbi əməliyyatlar deyil, aşkar görünür ki, müharibəyə çox aktiv şəkildə Çin qoşulub və İrana hərbi dəstəkdən başqa digər bütün mümkün dəstəyi verir: “Eyni zamanda, Rusiya iştirak edir. Status-kvonun indiki şəraitdə qalması və bu status-kvo ətrafında, yəni atəşkəs ətrafında bütün regionu əhatə edən və regiona sabitlik vəd edən sazişin imzalanması tərəfdarı kimi Türkiyə, Pakistan, Səudiyyə Ərəbistanı, Misir kimi böyük region ölkələri çıxış edir. Bu istiqamətdə ciddi diplomatik koalisiya formalaşıb”.

“ABŞ-nin hərbi əməliyyatlara başlamasına maneə yoxdur”

Ekspert qeyd edib ki, Körfəz müharibəsi artıq bütün dünyanı iqtisadi böhranla təhdid edir: “Bu yöndən ABŞ-nin texniki və potensial baxımdan hərbi əməliyyatlara başlamasına heç bir maneə yoxdur. Yəni ABŞ-nin imkanı, potensialı çatır ki, istənilən vaxt hərbi əməliyyatlara başlasın və yenidən İrana sarsıdıcı aviazərbələr, raket zərbələri vursun. Lakin məsələni strateji müstəvidə qiymətləndirəndə bu zərbələrin və hərbi əməliyyatların ABŞ-nin o strateji məqsədlərinə, yəni İranın nüvə potensialını sıfıra yaxın vəziyyətə gətirmək, o cümlədən İsrail üçün təhlükəsiz mühit yaratmaq və Hörmüz boğazının açılması, sərbəst naviqasiyanı təmin etmək, bölgə ölkələri müttəfiqləri yaxın və uzaq perspektiv üçün qorumaq məqsədlərinə cavab verməyəcək. Yəni hərbi əməliyyatlara başlamaq, eskalasiyanı aparmaq bu məqsədlərə çatmağa imkan verməyəcək”.

“Optimal çıxış yolu yenə də danışıqlardır”

Z.İbrahimlinin sözlərinə görə, eyni zamanda, İran üçün də artıq bundan sonra hərbi müstəvidə müqavimət göstərmək xüsusi bir üstünlük yaratmayacaq: “Yəni danışıqların davam etməsi üçün kifayət qədər zəmin var. O bir başqa məsələ ki, tərəflər tamamilə fərqli diplomatik dildə danışırlar, onların danışıqlar predmeti barədə ümumi razılığı belə yoxdur. Lakin qeyd etdiyim məhdudiyyətlər, xüsusən hazırda dünya iqtisadiyyatı üçün müşahidə olunan çətinliklər, o cümlədən İranın özündəki iqtisadiyyatın tamamilə dağıdılması və bunun ardından gələcək çətinliklər tərəfləri danışıqlar aparmağa məcbur edəcək. Hətta düşünürəm ki, müharibənin ikinci mərhələsi başlasa belə birinci mərhələ qədər uzunmüddətli və miqyaslı olmayacaq. Bu baxımdan hazırda ehtimal etmək olar ki, tərəflər üçün optimal çıxış yolu yenə də danışıqlar olaraq qalır”.

“Qarşıdurmanın ikinci mərhələyə keçməsi ehtimalı realdır”

Politoloq Aytən Qurbanova söyləyib ki, ABŞ və İran arasında münasibətlərin gərginləşməsi fonunda 14 günlük atəşkəsin gələcək taleyi və mümkün hərbi eskalasiyanın ikinci mərhələyə keçidi məsələsi hazırda beynəlxalq təhlükəsizlik gündəliyinin əsas mövzularından biridir: “Xüsusilə də ABŞ tərəfindən tətbiq olunan dəniz blokadası regionda qüvvələr balansını dəyişə biləcək strateji addım kimi qiymətləndirilir. Tarixi təcrübə isə göstərir ki, belə qısamüddətli atəşkəslər çox zaman münaqişə tərəflərinin qüvvələrini yenidən toplaması, diplomatik mövqelərini gücləndirməsi və növbəti mərhələyə hazırlaşması üçün istifadə olunur. ABŞ və İran arasında əldə olunmuş 14 günlük atəşkəs də istisna deyil. Bu müddət ərzində tərəflərin həm hərbi-logistik hazırlıqlarını gücləndirməsi, həm də beynəlxalq ictimaiyyətin reaksiyasını ölçməsi ehtimalı yüksəkdir”.

“ABŞ İranın regional təsir dairəsini zəiflətməyi hədəfləyir”

A.Qurbanovanın bildirdiyinə görə, ABŞ-nin dəniz blokadasına başlaması isə faktiki olaraq münaqişənin iqtisadi və hərbi komponentlərinin paralel şəkildə genişləndirildiyini göstərir: “Bu addım İranın enerji ixracına, xüsusilə neft daşımalarına ciddi təsir göstərməklə yanaşı onun regional təsir imkanlarını da məhdudlaşdırmağa hesablanıb. Məhz bu baxımdan yanaşdıqda, ABŞ-nin mövcud siyasəti bir neçə əsas istiqamətdə nəzərdən keçirilməlidir. İlk növbədə ABŞ İranın regional təsir dairəsini zəiflətməyi hədəfləyir. Həmçinin nüvə proqramı üzərində nəzarətin sərtləşdirilməsi, Orta Şərqdəki müttəfiqlərinin təhlükəsizliyinin təmin edilməsi və qlobal enerji bazarlarında sabitliyin qorunması kimi məqsədlər də istisna edilməməlidir”.

“İran asimmetrik cavab vermə imkanlarına malikdir”

Politoloq qeyd edib ki, dəniz blokadası isə bu məqsədlərə çatmaq üçün “təzyiq aləti” kimi çıxış edir: “Ona görə də, bu, birbaşa genişmiqyaslı hərbi əməliyyatlardan əvvəl tətbiq olunan klassik geosiyasi strategiyalardan biri kimi xarakterizə oluna bilər. İran isə öz növbəsində asimmetrik cavab vermək imkanlarına malikdir. Ona görə də, hadisələri ehtimallar və ssenarilər üzərindən dəyərləndirmək daha doğru olar. Heç şübhəsiz ki, enerji bazarlarında qeyri-sabitlik yaratmaq və regional müttəfiqlər vasitəsilə dolayı təzyiqin artırılması cəhdləri aydın şəkikdə müşahidə edilir. Həmçinin Hörmüz boğazında gərginliyin yüksəldilməsi və informasiya müstəvisində qarşılıqlı addımlar da istisna edilmir. Bu isə onu göstərir ki, münaqişənin ikinci mərhələsi klassik müharibə formasında deyil, hibrid xarakter daşıya bilər”.

Qarşıdurmanın ikinci mərhələyə keçməsi ehtimalı

O həmçinin bildirib ki, hadisələrin inkişaf xronikasına nəzər yetirdikdə mövcud reallıqlar fonunda müharibənin ikinci mərhələsinin başlanması ehtimalı tam istisna olunmur: “Əksinə, bir neçə amil bu ehtimalı daha da artırır. Çünki tərəflər arasında fundamental etimadsızlıq mühiti var. Eləcə də, atəşkəs müxanizminin institusional əsasları çox zəifdir. Lakin eyni zamanda genişmiqyaslı müharibənin qarşısını alan faktorlar da mövcuddur. Bunlara qlobal iqtisadi risklər, enerji bazarlarının həssaslığı və böyük güclərin birbaşa toqquşmadan yayınmaq istəyini daxil edə bilərik. Nəticə etibarilə, 14 günlük atəşkəsin bitməsindən sonra ABŞ-İran qarşıdurmasının ikinci mərhələyə keçməsi ehtimalı real olaraq qalır. Lakin bu mərhələnin forması ənənəvi müharibədən daha çox çoxölçülü və hibrid xarakter daşıya bilər. Mövcud vəziyyət isə göstərir ki, tərəflər birbaşa genişmiqyaslı toqquşmadan çəkinməyə çalışsalar da, geosiyasi rəqabətin dərinləşməsi regionda uzunmüddətli qeyri-sabitlik risklərini artırır”.

“Hərbi faza aktivləşə bilər”

Politoloq Turan Rzayev deyib ki, ABŞ–İran qarşıdurmasının hərbi fazası yenidən aktivləşə bilər: “Faktiki olaraq Pakistanın vasitəçiliyi ilə aprelin 11-də ABŞ və İran nümayəndələri arasında İslamabadda baş tutan danışıqların ilk raundu nəticəsiz qaldı. İranın xarici işlər naziri Abbas Arakçı ABŞ ilə müqavilənin niyə imzalanmadığını şərh edərkən dedi ki, İslamabad memorandumunun imzalanmasına az qalmış maksimalizm, şərtlərin daim dəyişməsi və amerikalı həmkarlarımızın sərtliyi ilə qarşılaşdıq. İstisna deyil ki, danışıqların nəticəsiz olmasının səbəbi ABŞ-nin maksimalist mövqeyidir”.

“Vəziyyət kritikdir”

Onun sözlərinə görə, ABŞ təəssüf ki, prosesi daha qəliz hala gətirir: “Son olaraq Hörmüz boğazında İrana qarşı blokada qüvvəyə minib. Bu o deməkdir ki, bundan sonra İran limanlarına gedən və ya limanlardan çıxan bütün gəmilər ABŞ-nin hərbi blokadası ilə üzləşəcək. Vəziyyət kritik olaraq qalır. Lakin hələlik hərbi toqquşmalar yenidən başlamayıb. Bu, müsbət haldır. Digər müsbət hal isə danışıqların ikinci raundunun baş tutma ehtimalıdır”.

“Tərəflər qarşılıqlı kompromisə getməlidir”

T.Rzayev əlavə edib ki, Pakistanın müdafiə naziri Xavaca Asif deyib ki, diplomatik səylər müsbət nəticələr verdiyindən İran və ABŞ arasında danışıqların növbəti raundu yaxın gələcəkdə keçiriləcək: “Bundan başqa, “Atlantik” nəşrinin yazarı Araş Əzizi də Vaşinqton və Tehran arasında danışıqların yeni mərhələsinin 16 apreldə İslamabadda keçiriləcəyini bildirmişdi. ABŞ İranla total müharibəyə girə bilməz. Bu, intihar olardı. Lakin Vaşinqton ambisiyalarından geri durmur. Danışıqların keçirilməsi müsbət hadisədir, lakin hər uğursuz raund prosesin gələcəyi baxımından mənfidir. Tərəflər qarşılıqlı kompromisə getməlidir. Əks təqdirdə, danışıqlar prosesi yarımçıq qalacaq və toqquşmalar yenidən başlayacaq. Bu, heç bir tərəfə sərf etməyən haldır”.

Röya İsrafilova