Şəhidlər ölməzdir... Cəmiyyət

Şəhidlər ölməzdir...

Xüsusi təyinatlarının əfsanəsi, Azərbaycanın Milli Qəhrəmanı Pəncəli Teymurov Vətənini, torpağını canından da artıq sevdiyini 2016-ci ilin aprelində 4 günlük müharibədə qanı bahasına sübut etdi. Erməni faşistlərinə qarşı ağır müharibə meydanında tarix yazaraq 35 yaşında şəhidlik zirvəsinə ucaldı. Şərəfli ölümü ilə özünə ürəklərdə əzəmətli abidə quran bu Vətən sevdalısı bütün Azərbaycanın qürur yeri olaraq hər yerdə, hər zaman böyük ehtiramla yad olunur.

Bu 4 günlük ölüm-dirim savaşda Pəncəli kimi Vətən qeyrətli qəhrəmanların qanı bahasına tarixi qələbəmizin əsası qoyuldu.

Xalqımızın qəhrəmanlıq simvolu tək tarixə düşən, qürur yerimiz, iftixar mənbəyimiz olan Pəncəli Teymurovun ömür yolu gələn nəsillər üçün Vətənə, torpağa əsl məhəbbət mücəssəməsi olacaq. Bəli, şəhidlər ölməzdir. Çünki şəhid torpağa gömülmür, onların cismi bu dünyadan gedir. Mənən qəlblərdə yaşamaqla əlçatmaz, ünyetməz göylərə ucalırlar. Bizim Pəncəli kimi.

Azərbaycanın Milli Qəhrəmanı Pəncəli Teymurov Astaranın Əzərud kəndində boya-başa çatıb. Ömrünün 17 ilini hər qarşını özünə doğma bildiyi Azərbaycanın keşiyində durub, onu göz-bəbəyi kimi qoruyub. Qəlbi yurduna dadanmış yağıdan qisas almaq istəyi ilə alışıb-yanıb. Odur ki, “Qırmızı Beret” sahibi olan Pəncəli XTQ üçün nəzərdə tutulmuş 6 ixtisasın hamısına (dağ, snayper, hərbi dalğıc, paraşüt- desant, istehkamçı və ağır şəraitdə sağ qalma hazırlığı) öz bacarığı, dözümü, Vətən naminə saf vicdanı sayəsində mükəmməl yiyələnə bilib.

Dilindən “Torpaq, əgər uğrunda ölən varsa, Vətəndir”,-kəlmələri düşməyən Astaranın igid oğlu 2015-ci ildə kəşfiyyat qrupu ilə Kəlbəcərə keçərək 20 erməni əsgərinin mindiyi maşını partladaraq onların hamısını məhv edib. Xocalı faciəsi zamanı azərbaycanlılara qarşı sayı olmayan dəhşətlər törədən erməni zabitlərdən biri illər sonra general-mayor rütbəsinə təqdim olunmaq üçün gedərkən əfsanəvi kəşfiyyatçımız onu sübh tezdən izləyərək məhv edib. Talış yüksəkliyinin alınmasında göstərdiyi özünə məxsus şücaəti dillərdə dastana dönüb. Aprel döyüşlərində onlarla erməni hərbiçini və texnikasını məhv edən Pəncəli son damla qanına qədər döyüşərək komandiri ilə birlikdə əbədiyyət dünyasına qovuşub. Aprelin 11-də şəhidin nəşi doğulduğu kənddə torpağa tapşırılıb.

Əlbəttə, Pəncəli Teymurovun ölümündən sonra “Azərbaycanın Milli Qəhrəmanı” adına layiq görülməsi onun xidmətlərinin dövlət səviyyəsində nə qədər dəyərli olduğunu bir daha göstərir. Bundan başqa, digər medallar və fəxri fərmanlarla da təltif edilib. Həmçinin Astara şəhər Qəhrəmanlar parkında büstü qoyulub. Adına muzey, çox məktəbdə sinif otaqları var, haqqında sənədli filmlər çəkilib, kitablar yazılıb. Bütün bunlar Pəncəli Teymurovun hər zaman xatırlanacaq bir şəxsiyyət olaraq yaddaşlarda yaşayacağını deyir...

Zəfər Orucoğlu, Azərbaycan Jurnalistlər Birliyinin üzvü