16 illik dövrün sonu: Budapeşt xarici siyasi kursunu necə müəyyən edəcək? Gündəm

16 illik dövrün sonu: Budapeşt xarici siyasi kursunu necə müəyyən edəcək?

Macarıstanda 16 illik Viktor Orban dövrünün sona çatması istər Avropa İttifaqı daxilində münasibətlərə, istərsə də Macarıstanın xarici siyasəsi əlaqələrinə necə təsir edəcəyi maraq doğurur.

Orban hökumətinin Azərbaycan və Türkiyə ilə də yaxın münasibətlərini, eyni zamanda Macarıstanın Türk Dövlətləri Təşkilatında (TDT) təmsilçiliyini nəzərə alsaq, Budapeştin bundan sonra müəyyəbləşdirəcəyi siyasi kursun diqqətlə izlənəcəyi gözləniləndir.

Politoloq Oqtay Qasımov söyləyib ki, Viktor Orban artıq bir neçə seçkini udan və son dövrlər Macarıstanda ən uzunmüddətli hakimiyyətdə olan baş nazir kimi qəbul olunur: “Onun fəaliyyəti həm Macarıstan, həm də beynəlxalq səviyyədə fərqli yanaşmalara səbəb olub. Belə ki, həm ölkə daxilində, həm də Avropa İttifaqında onu avtoritarizmə meyillilikdə, ölkədəki korrupsiya ilə bağlı məsələlərdə tənqid edirlər. Xüsusilə də Avropa İttifaqı ilə ölkə daxilində olan düşərgə ilə Orbanın fikir ayrılığı Ukrayna məsələsi ilə bağlı oldu”.

“Məqsədlərinə çata bildilər”

O.Qasımov bildirib ki, Orbanın həm Rusiya, həm ABŞ liderləri ilə yaxın münasibətləri onu tənqid hədəfinə çevirmişdi: “Son bir neçə ildə Ukrayna savaşı getdiyi dönəmdə Macarıstan baş nazirinin bu məsələdə tutduğu mövqe Avropa İttifaqının mövqeyi ilə kəskin şəkildə fərqlənirdi. Bu da tərəflər arasında ciddi narazılığa gətirmişdi. Avropa İttifaqı da Macarıstanın daxilində müxalifəti dəstəkləyərək bu seçkilərdə Orbanın uduzması üçün əlindən gələni etdi və belə desək, əsas məqsədlərinə də çata bildilər. Təbii ki, Orban 15 il Macarıstanda hakimiyyətdə olub və bu dönəmdə kifayət qədər hadisələr baş verib, Macarıstan əslində bu və ya digər formada Avropa siyasətində önəmli rol oynayıb”.

“Çox ciddi dəyişikliklərin olacağını düşünmürəm”

Politoloq düşünür ki, Macarıstandakı seçkilər yeni mərhələnin başlanğıcı kimi dəyərləndirilə bilər: “Çox ciddi dəyişikliklərin olacağını düşünmürəm. Sadəcə olaraq yeni siyasi qüvvə müəyyən dəyişikliklərə gedəcək. Bu, xüsusilə Avropa İttifaqı ilə münasibətlərlə olan məsələdir, bundan başqa Rusiya ilə bağlı və Ukrayna savaşına münasibətdə müəyyən bir korrektələrin olacağını düşünürük. Şübhəsiz ki, yeni hakimiyyətin kifayət qədər problemləri də olacaq. Bu, həm də enerji sektoru ilə bağlıdır. Belə ki, Macarıstanın enerji resurslarının əksəriyyəti Rusiyadan təmin olunur. ABŞ ilə də Orban dönəmində mövcud olan münasibətlərin pozulmaması, normal səviyyədə saxlanması üçün yeni hakimiyyətin üzərinə kifayət qədər işlər düşür”.

“Azərbaycanla Macarıstan münasibətləri yüksək səviyyəyə qaldırılıb”

O vurğulayıb ki, bizim üçün maraqlı olan məqamlardan biri yeni baş nazirin Türk Dövlətləri Təşkilatı, türk dünyası ilə bağlı olan münasibətidir: “Nəzərə alsaq ki, Orban dönəmində Azərbaycanla Macarıstan arasında münasibətlər kifayət qədər yüksək səviyyəyə qaldırılmışdı. Tərəflər arasında ikitərəfli münasibətlər strateji tərəfdaşlıq səviyyəsinə yüksəldilmişdi və kifayət qədər etimadlı bir mühitdə formalaşmışdı”.

“Peter Madyarın əsas baxış bucağı avropayönümlüdür”

Politoloq Samir Hümbətov qeyd edib ki, Macarıstanda baş tutan seçkilərdə “Tisza” Partiyasının rəhbəri Peter Madyar qalib gəldi, Macarıstanın baş naziri Viktor Orbanı hakimiyyətdən sala bildi: “Əslində, Orbanın 16 illik hakimiyyəti həm daxildə, həm də xaricdə daha çox mühafizəkarların hakimiyyəti kimi dəyərləndirilirdi. Ona görə də düşünürəm ki, Peter Madyarın əsas baxış bucağı avropayönümlüdür, qərbyönümlü münasibətlərdir. Təbii ki, Orbanın hakimiyyəti dövründə Macarıstan daha müstəqil siyasətə maraq göstərirdi. İndi hələ ki, yeni namizədin hansı addım atacağı və necə siyasət izləyəcəyini zaman göstərəcək. Bununla bərabər Orbanın dövründə Macarıstanın Avropa İttifaqı ilə münasibətlərində müəyyən bir soyuma da vardı. Böyük ehtimal ki, bu baxış bucağını dəyişməyə çalışa bilərlər. Çünki Macarıstan həm NATO-nun, həm də Avropa İttifaqının üzvlərindən biridir. Bu da o deməkdir ki, qatıldığı ittifaqla münasibətləri kəskinləşdirmək Macarıstan üçün arzu olunan hesab edilə bilməz”.

“Yeni hökumət siyasəti dəyişməyə çalışa bilər”

S.Hümbətov o baxımdan düşünür ki, yeni siyasi gücün hakimiyyətə gəlişi Macarıstanın həm daxili siyasətində Avropaya daha çox inteqrasiya mövqeyinə gətirə bilər, həm də xarici siyasətdə də müəyyən bir dəyişimə səbəb ola bilər: “Çünki Orbanın dövründə Rusiya-Ukrayna müharibəsi ilə bağlı mövqe belə idi ki, Rusiya ilə münasibətləri pisləşdirmək istəmirdi, amma paralel olaraq ABŞ-də Tramp administrasiyası ilə münasibətləri yaxşı idi. Ukraynanın xeyirinə hər hansı bir qərarın çıxması Avropa İttifaqına o qədər də asan məsələ deyildi. Orban bu məsələdə onun üzərinə çox gedirdi. Son vaxtlar Rusiyadan qaz alışı artmışdı. Bunlar hamısı düşünürəm ki, Orbanın dövründə olan siyasət idi və onu müəyyən mənada yeni hökumət dəyişməyə çalışa bilər. Bu da həm daxili, həm də xarici siyasətə təsir edə bilər”.

“Orban fenomeni siyasi məktəb kimi qiymətləndirilməlidir”

Politoloq Tural İsmayılov deyib ki, Macarıstanda keçirilən parlament seçkilərinin ilkin nəticələri nəyi göstərməsindən asılı olmayaraq Viktor Orban fenomeni müasir Avropa siyasətində artıq formalaşmış və danılmaz bir siyasi məktəb kimi qiymətləndirilməlidir: “Orbanın uzun illər ərzində qurduğu idarəçilik modeli sadəcə hakimiyyət praktikasından ibarət deyil, bu, milli maraqları prioritetə çevirən, dövlət suverenliyini siyasi ritorikadan real siyasətə daşıyan konseptual yanaşmadır. Onun rəhbərliyi dövründə Macarıstan özünü klassik liberal siyasi çərçivələrin passiv icraçısı kimi deyil, müstəqil qərar qəbul edən aktor kimi təqdim edə bildi. Bu isə xüsusilə qlobal qeyri-müəyyənlik fonunda kiçik və orta ölçülü dövlətlər üçün ciddi nümunədir”.

“Orban real maraqlara əsaslanan xarici siyasət yürütməyi bacardı”

Politoloq qeyd edib ki, Orban hakimiyyəti göstərdi ki, geosiyasi təzyiqlər və institusional məhdudiyyətlər şəraitində belə milli maraqları qorumaq mümkündür — əsas şərt siyasi iradə və strateji ardıcıllıqdır: “Onun siyasətində diqqət çəkən əsas məqamlardan biri praqmatizmdir. Orban ideoloji sərhədlərə qapanmadan, real maraqlara əsaslanan xarici siyasət yürütməyi bacardı. Bu yanaşma Macarıstanın enerji təhlükəsizliyi, iqtisadi dayanıqlığı və regional rolunun güclənməsi baxımından mühüm nəticələr verdi. Bəzən tənqid olunan bu xətt əslində klassik dövlətçilik düşüncəsinin — yəni maraqların ideologiyadan üstün tutulmasının müasir təzahürü idi. Daxili siyasətdə isə Orban modeli güclü icra hakimiyyəti ilə milli identitetin qorunması arasında balans yaratmağa çalışdı. Bu model bir reallığı ortaya qoydu: dövlətin dayanıqlılığı üçün bəzən sürətli və mərkəzləşmiş qərarvermə mexanizmləri qaçılmaz olur”.

“Orbanın siyasi irsi Macarıstanın institusional yaddaşına çevrilib”

T.İsmayılovun sözlərinə görə, xüsusilə böhran dövrlərində bu cür idarəçilik effektivlik baxımından özünü doğruldur. Seçkilərin nəticəsi nə olursa olsun, Orbanın siyasi irsi artıq Macarıstanın institusional yaddaşına çevrilib. Bu irs yalnız konkret qərarlarda deyil, həm də siyasi düşüncə tərzində, milli maraqlara yanaşmada və dövlətin öz rolunu necə dərk etməsində özünü göstərir. Yeni siyasi konfiqurasiya formalaşsa belə bu xəttin tamamilə dəyişməsi real görünmür. Nəticə etibarilə, Viktor Orban təkcə bir siyasətçi deyil, Avropada milli suverenlik və praqmatik dövlətçilik anlayışını yenidən gündəmə gətirən liderlərdən biridir. Onun fəaliyyəti göstərdi ki, qlobal sistem daxilində belə öz sözünü deyə bilən, öz yolunu seçən dövlət modeli mümkündür — və bu, müasir beynəlxalq münasibətlər sistemində az rast gəlinən, amma getdikcə daha çox aktuallaşan yanaşmadır”.

Röya İsrafilova