Yaxın Şərqlə bağlı fikir ayrılığı: NATO və Avropa fərqli mövqedə Gündəm

Yaxın Şərqlə bağlı fikir ayrılığı: NATO və Avropa fərqli mövqedə

Yaxın Şərqdə son dövrlərdə müşahidə olunan siyasi və hərbi gərginlik beynəlxalq münasibətlər sistemində yeni və daha mürəkkəb mərhələnin formalaşdığını göstərir. İslamabad görüşlərindən sonra gözlənilən yumşalmanın baş verməməsi, əksinə İran, ABŞ və İsrail arasında qarşıdurma riskinin daha da artması regionda vəziyyəti kəskinləşdirib.

Deputat Vüqar İsgəndərov “Xalq Cəbhəsi”nə açıqlamasında söyləyib ki, İslamabad görüşlərindən sonra gərginliyin azalmaması, əksinə daha da dərinləşməsi və eskalasiya riskinin qalması İran, Birləşmiş Ştatlar və İsrail arasında münasibətləri kəskin fazada saxlayır: “ABŞ prezidenti Donald Trump artıq anlayır ki, hərbi əməliyyatlar başlamazdan əvvəl verilən proqnozlar özünü doğrultmayıb. İranın hərbi-siyasi potensialı, ehtiyatları və strateji davranışı düzgün qiymətləndirilməyib. Bu isə prosesin uzanmasına və vəziyyətin daha mürəkkəb xarakter almasına səbəb olub.

Zaman keçdikcə ABŞ-ın bu prosesdə dalana dirəndiyi daha aydın görünür. Məhz bu səbəbdən Vaşinqton danışıqlar masasına qayıtmaqla müəyyən mənada vaxt qazanmağa və növbəti addımlarını yenidən hesablamağa çalışırdı”.

Deputat vurğulayıb ki, görüşlərin nəticəsiz qalması fonunda Donald Tramp paralel olaraq hərbi təzyiq siyasətini gücləndirir: “Körfəzə əlavə hərbi qüvvələrin göndərilməsi və xüsusilə Hürmüz boğazı ətrafında blokada planlarının gündəmə gətirilməsi vəziyyətin daha da gərginləşəcəyindən xəbər verir.

Bu məsələdə ABŞ-ın müttəfiqlərinin mövqeyi xüsusi əhəmiyyət kəsb edir. Ən yaxın tərəfdaşlardan biri olan Böyük Britaniya belə bu prosesdə ehtiyatlı davranır. Baş nazir Keir Starmer açıq şəkildə bəyan edib ki, London bu blokada təşəbbüsünü dəstəkləmir.

Avropa ölkələri ümumilikdə münaqişənin hərbi fazasının dərinləşməsində maraqlı deyil. Onlar beynəlxalq hüququn pozulması, mülki itkilər və ciddi iqtisadi nəticələri nəzərə alaraq bu prosesə qoşulmaq istəmirlər. Bu isə göstərir ki, Qərb daxilində də vahid mövqe yoxdur və bu amil gələcək proseslərə birbaşa təsir edəcək”.

“NATO-da fikir ayrılığı”

Politoloq Elşad Həsənov bildirib ki, ABŞ və İsrailin İrana qarşı mümkün müharibə ssenarisi fonunda Avropa ölkələrinin, o cümlədən Böyük Britaniyanın Baş naziri Keyr Starmerin də münaqişəyə qoşulmayacaqlarını bəyan etməsi ciddi siyasi mesajdır: “Bu, bizim müharibə deyil” mövqeyi Qərb blokunda vahid yanaşmanın olmadığını göstərir. NATO daxilində də bu məsələyə münasibət birmənalı deyil və bir sıra ölkələr ABŞ-ın İrana qarşı sərt xəttini dəstəkləmədiklərini açıq şəkildə ifadə ediblər. İddialara görə, Tramp administrasiyası müharibə qərarından əvvəl müttəfiqlərlə geniş məsləhətləşmələr aparmayıb. Bu da alyans daxilində narazılıq yaradıb”.

Günel Elxan