Tramp NATO ölkələrini hədələyib
15 Aprel 23:53

Zeynal Əmrəliyev: “Müharibədən sonra da Tehran iqtisadi gözləntilərini əldə etmədi”
Məhəmməd Rəhnanifər: “İran ABŞ-dan da kompensasiya tələb edir, bunu ondan ala biləcək gücündədir?”
ABŞ və İsrailin hücumları nəticəsində İrana 270 milyard dollar dəyərində ziyan dəyib. İran hökumətinin sözçüsü Fatimə Mühacirani deyib: “Daha dəqiq rəqəmlər çoxmərhələli prosesdən sonra açıqlanacaq. Birincisi, binalara dəyən ziyanın qiymətləndirilməsi, ikincisi isə büdcə gəlir itkilərinin və sənaye müəssisələrinin bağlanmasının təsirinin təhlili olacaq”.
Onun sözlərinə görə, danışıqlarda iştirak edən İran nümayəndə heyəti ABŞ-dan İrana müharibə təzminatı məsələsini də müzakirə edir.
Bu arada “Assoşeyted Press” məlumat yayıb ki, Səudiyyə Ərəbistanı, BƏƏ və digər Körfəz ölkələri Trampı İranla mübarizəni davam etdirməyə çağıraraq rejimin kifayət qədər zəiflədilmədiyini deyirlər.
“BƏƏ ən sərt, hətta quru hücumuna təkan verən ölkədir. Oman və Qətər isə diplomatiyaya üstünlük verir.
Səudiyyə rəsmiləri müharibənin indi bitməsinin yaxşı bir razılaşmaya səbəb olmayacağını bildirirlər. Körfəz ölkələri İranın nüvə və raket proqramlarını neytrallaşdırmaq və gələcəkdə Hörmüz boğazının bağlanmasının qarşısını almaq üçün hər hansı razılaşma istəyirlər”, - məlumatda qeyd olunub.
Ərəb ölkələrinin İrana qarşı qərəzli mövqeyi rəsmi Tehranı qəzəbləndirib. Elə buna görə, İranın BMT-dəki daimi nümayəndəsi Əmir Səid İrəvani təşkilatın Baş katibi Antonio Quterreşə məktub ünvanlayıb. Məktubda qeyd olunub ki, İran Bəhreyn, Səudiyyə Ərəbistanı, Qətər, Birləşmiş Ərəb Əmirlikləri və İordaniyadan ona dəyən ziyana görə kompensasiya tələb edir.
O da vurğulanıb ki, Bəhreyn Krallığı, Səudiyyə Ərəbistanı Krallığı, Qətər Dövləti, Birləşmiş Ərəb Əmirlikləri və İordaniya Haşimilər Krallığı İran İslam Respublikasına beynəlxalq hüquqa zidd hərəkətləri nəticəsində dəyən bütün maddi və mənəvi zərərə görə, o cümlədən kompensasiya formasında tam təzminat ödəməlidirlər.
İran tərəfi bu tələbi ABŞ və İsrailin İrana qarşı həyata keçirdiyi əməliyyat zamanı adıçəkilən ölkələrin ərazilərindən istifadə olunması ilə əsaslandırır.
İrəvani vurğulayıb ki, bu dövlətlərin öz ərazilərindən İrana qarşı istifadə edilməsinə icazə verməsi “təcavüz aktı” kimi qiymətləndirilir.
Məktubda həmçinin qeyd edilir ki, sözügedən ölkələr bu addımları ilə İrana qarşı beynəlxalq öhdəliklərini pozublar.
Mözu ilə bağlı qəzetimizə danışan politoloq Zeynal Əmrəliyev deyib ki, İran tərəfi müharibədə çox ağır itkilərə məruz qalıb. İslam Respublikası hazırda iqtisadi çöküş ərəfəsindədir. Bu İran rəsmiləri tərəfindən də dəfələrlə etiraf edilib, hələ müharibədın əvvəl İrana ağır sanksiyaların tətbiq edilməsi, onun dünya bazarlarına çıxışının məhdudlaşdırılması, eyni zamanda on iki günlük müharibədə, ondan sonrakı dövrdə İranın müttəfiqlərindən, xüsusilə Rusiya və Çindən istədiyi dəstəyi ala bilməməsi nəticəsində İran iqtisadiyyatı ağır böhran içində olub: “Hazırda İran bu böhranla savaşır və müharibədən sonra da Tehran iqtisadi gözləntilərini əldə etmədi. İran düşünürdü ki, bu müharibədən sonra ABŞ İrana qarşı ağır iqtisadi sanksiyaları götürəcək və İranın neft bazarına çıxışı təmin ediləcək. Hörmüz boğazın bağlı saxlanmasının əsas səbəblərindən biri də budur. Heç təsadüfi deyildi ki, İslamabadda keçirilən görüşdə nümayəndə heyətinin tərkibinə İranın Mərkəzi Bankının sədri Əbdülnasir Hemmati də salındı ki, bu da İranın müharibədın sonra özünü gələcək kompensasiyalara fokusladığına işarə idi. Nə qədər kompensasiya əldə etsə və sanksiyaların ləğvinə nail olsa, bu İran iqtisadiyyatına bir nəfəslikdir. Çünki Tehranın buna çox ciddi şəkildə ehtiyacı var. İranın bölgələrində, xüsusilə şimal bölgəsində vəziyyət çox gərgindir. Son dövrlərdə həyata keçirilən yanlış siyasətin nəticəsində bütün infrastruktur layihələr cənubda icra olunduğundan iqtisadi böhran şimalıda daha qabarıqdlr. Bu baxımdan düşünürəm ki, Pezeşkian komandası investisiyanı daha çox şimala yönəltməlidir ki, İranda ölkədaxili də iqtisadi tarazlıq pozulmasın”.
Güney azərbaycanlı araşdırmaçı-yazar, siyasi şərhçi Məhəmməd Rəhnanifər deyib ki, İran çox şey istəyə bilər, amma əhəmiyyətli olan odur ki, onun istədiyini kim verəcək və İran bunu necə alacaq: “Baxın, İran səkkiz il İraqla savaşı. BMT bu savaşın başlamasında İraqın suçlu olduğunu dilə gətirsə də, yəni İraqın İrana vurduğu zərərlə bağlı kompensasiya ödəməli ola biləcəyini nəzərə alsa da, İran bunu ala bilmədi. İndi burada ərəb ölkələrindən söhbət gedirsə, gərək İran BMT-də bunu sübuta yetirsin ki, onlardan zərər görüb. Yəni əvvəl ərəb ölkələrinin təcavüzkar olduğunu sübuta yetirsin sonra kompensasiya tələb etsin. Düşünmürəm ki, İran belə bir iş görə. Əksinə ərəb ölkələri sübut ortaya qoya bilərlər ki, müharibənin ilk günlərindən İran tərəfindən hücuma məruz qalıblar. Bu zaman İran iddia edəcək ki, mən ABŞ-ın oradakı hərbi bazalarını vurmuşam, amma bunlarla yanaşı İran ərəb ölkələrində mülki obyektləri də raket atəşinə tutub. Necə ki, Azərbaycana da raket atmışdı. İran ərəb ölkələrindən kompensasiya tələb etməklə qabaqdangəlmişlik edir, onları təhdid edir. İran ABŞ-dan da kompensasiya tələb edir, bunu ondan ala biləcək gücündədir?”
Cavid