Tramp-Papa qarşıdurması güclənir Gündəm

Tramp-Papa qarşıdurması güclənir

Papa sülh istəyir, Tramp isə müharibə...

ABŞ Prezidenti Donald Tramp Roma Papası XIV Leonun siyasətini tənqid edib. Bu barədə o, "Truth Social" platformasında yazıb.

"Hamının bildiyi kimi, Leo minnətdar olmalıdır, çünki o, heyrətamiz bir sürpriz idi. O, heç bir papa namizədi siyahısında yox idi və Kilsə onu yalnız amerikalı olduğuna görə siyahıya daxil etdi. Onlar bunun Prezident Donald Trampla münasibət qurmağın ən yaxşı yolu olacağını düşünürdülər. Əgər mən Ağ Evdə olmasaydım, Leo Vatikanda olmazdı. Təəssüf ki, Leonun cinayətkarlıq və nüvə silahları ilə bağlı zəif cəhətləri mənə xoş gəlmir", - deyə Tramp bildirib.

Ağ Ev rəhbəri xüsusilə Papanın ABŞ-ın bəzi addımlarını dəstəkləməməsindən narazı olduğunu bildirib.

Roma Papası XIV Leo deyib ki, müharibələrə qarşı açıq şəkildə çıxış etməyə davam edəcəyəm, sülhü, dialoqu və dövlətlər arasında çoxtərəfli münasibətləri problemlərin ədalətli həlli axtarışında təşviq etməyə çalışacağam.

O bildirib ki, bəzi siyasətçilər xristianlıq mesajını təyin olunmuş məqsəd üçün istifadə etmir, bu mesajlardan sui-istifadə olunur.

Eyni zamanda, Papa ABŞ prezidentilə müzakirəyə girmək niyyətində olmadığını bildirib.

İran Prezidenti Məsud Pezeşkian isə Papa XIV Leonun müdafiəsinə qalxıb. Məsud Pezeşkian Papaya edilən təhqiri pisləyib.

"Müqəddəs Papa XIV Leo, İranın böyük xalqı adından sizə ünvanlanan təhqiri pisləyirəm. İsanın təhqir edilməsi istənilən azad insan üçün qəbuledilməzdir", - deyə o qeyd edib.

Mövzu ilə bağlı qəzetimizə danışan politoloq Vasif Əfəndi deyib ki, son günlər ABŞ siyasətində Donald Tramp ilə Roma Papası arasında yaranan gərginlik şəxsi və ya dini fikir ayrılığı deyil, böyük geosiyasi qarşıdurmanın əlamətidir. Mübahisənin üzdə görünən tərəfi İran məsələsi və müharibəyə münasibətdə fərqli yanaşmalardır: “Tramp İranı sərt şəkildə təhdid edən və hərbi təzyiq siyasətini müdafiə edən mövqe nümayiş etdirir. Roma Papası isə müharibəyə qarşı çıxaraq sülh və diplomatiyanın vacibliyini vurğulayır. Bu mövqe fərqi iki lider arasında açıq söz savaşına səbəb olub. Tramp Papaya “zəif” və “yanlış siyasət yürüdən lider” kimi sərt ifadələr işlədib. Papa isə cavabında müharibəyə qarşı mövqeyindən geri çəkilməyəcəyini bildirib. Bu qarşıdurmanın arxasında əslində daha geniş geosiyasi gərginlik dayanır. Avropanın müharibədən çəkinən dövlətləri Papaya daha çox sülh mövqeyi tutmağa təzyiq edir. Avropa ölkələri yeni müharibənin iqtisadi və təhlükəsizlik nəticələrindən ciddi şəkildə qorxurlar. Reallıq isə ondan ibarətdir ki, İran və Ukrayna münaqişələri həll olunmadan Avropaya sabitlik gəlməsi çətin görünür. Müharibələr uzaqda deyil, Avropanın qapılarına dayanıb və Avropanın təhlükəsizlik sisteminə birbaşa təsir göstərir. İran məsələsi Yaxın Şərqdə, Ukrayna müharibəsi isə Avropanın şərq sərhədlərində gərginliyi artırır. Bu səbəbdən Tramp ilə Roma Papası arasındakı mübahisə yalnız şəxsi fikir ayrılığı deyil, Avropanın qorxaq siyasəti ilə ABŞ-ın sərt güc siyasəti arasında gedən daha böyük geosiyasi qarşıdurmanın ifadəsidir”.

Politoloq Bakir Həsənbəylinin fikrincə isə ABŞ Prezidentinin Roma Papasını tənqid etməsi, Katolik Kilsə rəhbərinin cinayətkarlıqla mübarizədə zəif, xarici siyasətdə isə uğursuz olduğunu deməsi hər iki lider arasındakı münasibətləri kritik həddə çatdırıb. Tramp Papanın İran və Venesuela ilə bağlı mövqeyini qətiyyətlə rədd edir. İranın nüvə silahına sahib olmasını məqbul hesab edən və ABŞ-ın Venesuelaya qarşı addımlarını tənqid edən Papa ilə razılaşmaq mümkün deyil deyən Tramp əlavə olaraq qeyd edib ki, Ağ Evdə baş verən hadisələr olmasaydı, XIV Leo bu vəzifəni tutmazdı. O, Papanı kilsə rəhbəri kimi öhdəliklərinə diqqət yetirməyə çağırıb. Əslində Trampın Roma Papasına qarşı qəzəbi təsadüfi deyil. Roma Papası daha əvvəllərdə, ABŞ-ın İrana qarşı siyasətini tənqid etmişdi. O, xüsusilə Amerika liderinin İran sivilizasiyasını məhv etməklə bağlı səsləndirdiyi təhdidləri qəbuledilməz adlandırmışdı. Papa Pasxa bayramı münasibətilə Qərb xristianlarına müraciətində dünya liderlərini münaqişələrin kəskinləşməsinin qarşısını almağa və dialoqa üstünlük verməyə çağırmışdı: “Sözsüz ki, Tramp xarakter baxımından iradı qəbul edən edən tipaj deyil. Bundan başqa Papanın Tramp üçün iki həssas məsələdə - Venesuela və İranla bağlı fikirlərini qəbul etməsi mümükün deyil. Bir ildə artıq hakmiyyətdə olan Tramp seçkiöncəsi verdiyi vədlərin demək olr ki, heç birini yerinə yetirə bilmədi. əksinə ölkədə infilyasiya və onun fponunda isə qiymət artımları özünü daha qabarıq şəkildə göstərməyə başlayıb. Sadə amerikalı üçün nə Venesuela, nə də ki, İran-Hörmüz boğazı maraqlı deyil. Onun üçün maraqlı olan bir qallon yanacağın qiymətinin düşməsidir. Lakin İsrail/ABŞ–İran münaqişəsi fonunda bir qallon (əsasən ABŞ və Böyük Britaniyada istifadə olunan, mayelərin və bəzən bərk cismlərin həcmini ölçmək üçün nəzərdə tutulmuş ənənəvi həcm vahididir) yanacaq 1,5 dollardan çox artıb. Tramp yaxşı bilir ki, ölkəsində Papanın fikirlərini önəmsiyən milyonlarla insan var. Papanın bu mövqeyi istər noyabr seçkilərində, istərsə də, 2 ildən bir az çox qalan prezident seçkilərində onun komandası üçün həlledici amil ola bilər. Bu aspektdən Tramp Papaya qarşı aqressiyasını “mən onun qardaşı Luini ondan daha çox bəyənirəm, çünki Lui tamamilə MAGA-dır. O bunu başa düşür, Leo isə yox"- deyə biruzə verir. Tramp İranın nüvə silahına sahib olmasını normal qəbul edən Roma Papasını istəmir. Mən Birləşmiş Ştatlara külli miqdarda narkotik göndərən və daha da pisi, qatillər, narkotik tacirləri və canilər də daxil olmaqla öz həbsxanalarını bizim ölkəyə boşaldan Venesuelaya Amerikanın hücumunu dəhşətli hal kimi qəbul edən bir Papa istəmirəm – deyə az qala üsyan edir. ABŞ Prezidentinin sözlərinə görə, XIV Leonun adı heç bir siyahıda yox idi və və o, sırf amerikalı olduğu üçün Roma Papası seçilib. Əgər mən Ağ Evdə olmasaydım, Leo Vatikanda olmazdı – deyə Tramp Papanın tutduğu posta görə ona borclu olduğunu açıq tekstlə ruhani liderin diqqətinə çatdırmaqla tərəfdarlarına mesaj verir: Mən hətta buna da, qadirəm. Qarşılıqlı söz dueli sözsüz ki, ruhani liderin cavab verib-verməməsindən aslıdır. Əgər Trampın iddialarına əks tərəfdən cavab gələrsə, o, zaman ABŞ prezidentinin daha ciddi təpkisinin şahidi ola bilərik. Və bu qarşıdurma Ermənistan Baş naziri ilə II Qareginin söz duelinə bənzəməyəcək. Çünki Tram üçün müqəddəslik anlayışı onun qırmızı cizgiləridir”.

Siyasi şərhçi Əkrəm Bəydəmirli deyib ki, Donald Trampdan gözlənilmız addımlar görürük, bəzən siyasi-diplomatik leksiona uyğun gəlməyən ifadələr eşidirik: “O baxımdan ABŞ prezidentinin Roma Papası haqqında sərt ifadələr işlətməsi təəccüblü qarşılanmır. Düşünmək olar ki, bəzən siyasi gedişlər, davranışlar tragikomediya elementləri ilə yüklənir. Ümumiyyətlə, beynəlxalq münasibətlərdə, hüquqda dərinləşən çatlar siyasi mədəniyyətin tənəzzülünü sürətləndirir. Amma belə xoşagəlməyən tendensiyalar uzun müddət davam edə bilməyəcək. Təbii ki, ciddi siyasətlə məşğul olan və beynəlxalq münasibətlərin mahiyyətini dərk edən şəxslər məsuliyyətlərini dərk edəcəklər”.

Politoloq Məhəmməd Əsədullazadə isə deyib ki, ABŞ prezidenti D. Trampın Roma Papasını İranla bağlı mövqeyinə görə təhqir etməsi, xristian dünyasında ona qarşı nifrətin artmasına gətirib çıxaracaq. Nəzərə alaq ki, B. Netanyahu da ötən həftələrdə İsa peyğəmbər haqqında təhqiramiz ifadələr işlətmişdi.: “Qeyd edim ki, Yəhudi dini inancı xristianlığı qəbul etmir. Bununla da Trampın nə qədər Yəhudi Lobbisindən asılı olduğunu və Netanyahunu qorumaq üçün Roma Papasını təhqir edir. Roma Papası dünyada sülhün və rifahın olmasında, İranla müharibənin əleyhinə açıqlama verib. Roma Katolik Kilsəsinin rəhbəri bütün dinlər tərəfindən, həmçinin dövlətlər tərəfindən qəbul edilir və hörmət edilən nüfuzlu dini xadimidir. Trampın Pasxa bayramında Papanı təhqir etməsi, bir növ İsrailə və Netanyahuya xidmət etdiyini açıq şəkildə göstərməsidir”.

Cavid