BAMF və UNICEF-in birgə hazırladığı video çarx təqdim olunub Hadisə

BAMF və UNICEF-in birgə hazırladığı video çarx təqdim olunub

BMT Uşaq Fondu (UNICEF) və Beynəlxalq Avrasiya Mətbuat Fondunun birgə hazırladığı video çarx təqdim olunub. Video çarx UNICEF-in dəstəyi ilə BAMF tərəfindən həyata keçirilən Azərbaycan Gənclərinə Dəstək Proqramı çərçivəsində hazırlanıb. Video çarxda cəbhə xəttində yaşayan uşaqların və gənclərin keçirdiyi hisslər, baş verənlərin onlara psixoloji təsirindən söhbət gedir. Video artıq BMT Uşaq Fondu (UNICEF) tərəfindən internet vasitəsilə fondun beynəlxalq şəbəkəsi arasında da paylaşılıb. Məlumat üçün deyək ki, Beynəlxalq Avrasiya Mətbuat Fondu 2011-ci ildən etibarən UNICEF-in dəstəyi ilə Azərbaycan Gənclərinə Dəstək Proqramını həyata keçirir. Proqramın əsas məqsədi yeniyetmə və gənclər arasında özünə inam hissinin aşılanması və onların həmyaşıdları arasında gənc liderlər kimi formalaşmasıdır. Proqram sayca 3-cü mərhələsi çərçivəsində Tərtər, Bərdə və Goranboy rayonlarında 12 -19 yaş arası yeniyetmə və gənclərdən ibarət Məşvərət Şuraları Formalaşdırılıb. Proqramın məhz bu rayonları əhatə etməsi təsadüfi deyil. 2016-cı ilin aprel ayında cəbhə xəttində baş verən hadisələr hər kəsi olduğu kimi, yeniyetmə və gənclərə də psixoloji təsir etdi. Video hekayənin qəhrəmanları olan Rövşən və Nigar Tərtər Yeniyetmə və Gənclərinin Məşvərət Şurasının üzvləridir. Onlar təmas xəttinə yaxın rayonda yaşadıqları üçün özləri aprel hadisələrinin birbaşa şahidi olublar. Onlar digər həmyaşıdları kimi proqram çərçivəsində keçirilən liderlik, mina təhlükəsizliyi və digər mövzulardakı təlimlərdə iştirak edir və öz həmyaşıdlarını da fəlakət risklərindən qorunmaq və fövqəladə hadisələrə psixoloji hazır olmaq üçün maarifləndirirlər.