Qəhrəman şəhər - Bakı Hadisə

Qəhrəman şəhər - Bakı

Böyük Vətən müharibəsinin döymədiyi qapı, ağlar qoymadığı ailə az tapılar. Müharibə Azərbaycandan çox uzaqda - SSRİ-nin şimali-qərb regionlarında başlansa da Bakı onun taleyində həlledici rol oynadı. Adolf Hitler anlayırdı ki, müharibənin əsas həyatverici orqanı olan neft Bakısı zəbt edilməsə, qalibiyyət mümkün deyil. Alman hərbi hissələrinin 1942-ci ilin avqust ayının sonunda Şimali Qafqaza çatması və Qroznı neft rayonunun faşist ordusu tərəfindən zəbt edilməsi Bakı neftinin müharibənin gedişində əhəmiyyətini və rolunu daha da artırdı və onu ön plana çəkdi. İkinci dünya müharibəsi illərində Baltik dənizindən Qara dənizə qədər uzanmış cəbhənin tələb etdiyi bütün benzinin 80 faizini, sürtgü yağlarının 90 faizini məhz Bakı təmin edirdi.
Almaniyanın I tank ordusu 1942-ci ilin sentyabrın 25-də Bakını zəbt etməli idi. Hitler Qafqaza hücuma başlayanda feldmarşal Manşteynə demişdi: "Biz mütləq Bakını tutmalıyıq. Əgər biz Bakı neftini ələ keçirməsək müharibəni uduzacağıq". Məhz bu səbəbdən Hitlerin hücum planında Bakı şəhəri "Qələbə tortu"nun ən qiymətli tikəsi sayılmışdı.
Alman qoşunlarına Xəzər boyunca, Qroznı-Maxaçqala-Bakı istiqamətində hücuma keçmək və hərbi təyyarələrdən desant buraxmaq haqqında tank və aviasiya komandanlarına əmr verilmişdi. Lakin 1942-ci ilin avqust ayının sonunda faşist ordu hissələri Şimali Qafqazda Terekçayının sahillərinə çıxsalar da, güclü müqavimətlə üzləşib irəliyə doğru hərəkət edə bilmədilər. 1942-ci il sentyabrın 24-də Azərbaycanda hərbi vəziyyət elan edildi.
Neft Bakısı uğrunda gedən gərgin döyüşlərdən bəhs edən "Krasnaya zvezda" qəzeti 1942-ci ilin 26 sentyabr sayında yazmışdı: "Üç aydır ki, ölkəmizin cənubunda qızğın döyüşlər gedir. Sovet ölkəsinin və bütün dünyanın nəzərləri Şimali Qafqaz və Stalinqrad ətrafına yönəlmişdir. Vətənin taleyi, milyonlarla Sovet adamının azadlığı və həyatı bu döyüşlərdən asılıdır! Bunu ancaq 1942-ci ilin payızında Moskvanın müdafiəsi ilə müqaisə etmək olar". İkinci dünya müharibəsində Azərbaycanın xidmətlərini yüksək qiymətləndirən Nikolay Baybakov qeyd edirdi:" Faşizm üzərində qələbə üçün Azərbaycanın etdiklərini bəlkə də heç bir respublika etməmişdir. 40-cı illərdə SSRİ-də çıxarılan 33 milyon ton neftin 23,5 milyon tonu Azərbaycanın payına düşürdü".
Müharibə illərində ölkənin neft və neft məhsulları, təyyarələrin və tankların motor yağı, benzinlə təmin edilməsinin dörddə üçü Azərbaycanın istehsalı idi. 1941-1945-ci illərdə Azərbaycan ölkəyə 70 milyon ton neft, 22 milyon ton benzin göndərmişdi. Uzun illər SSRİ neft və qaz sənayesinə başçılıq etmiş Nikolay Baybakov təsdiq edirdi ki, SSRİ-nin neft balansında Azərbaycanın iştirakı olmasaydı Sovetlər İttifaqının faşizm üzərində qələbəsi sual altında qala bilərdi. Marşal Konstantin Rokossovski həmin fikri belə şərh etmişdi: "Hər bir hərbi təyyarəmizin, tank ekipajının düşmənə zərbəsində Bakı neftçilərinin payı vardır". Marşal A.A.Qreçko yazırdı: "Azərbaycandan cəbhəyə tükənməz axınla yüksək keyfiyyətli benzin, silah, döyüş sursatı və ərzaqla dolu yük qatarları gəlirdi".
Müharibə illərində marşal Q.K.Jukov yazırdı: "Bakı neftçiləri ölkə və cəbhə üçün qələbənı tezləşdirmək üçün lazım olan qədər yanacaq verirdilər". Stalinqrad uğrunda həlledici döyüşlər zamanı Bakı ordunu yanacaqla fasiləsiz olaraq təmin edirdi. Hmin illərdə akademik Yusif Məmmədəliyevin başçılıq etdiyi laboratoriyada hazırlanan ən yüksək oktanlı benzini neftayırma zavodlarında istehsal etmək üçün iş prosesi bir an da olsun dayanmırdı. Arxa cəbhə kimi nisbətən təhlükəsiz ərazi sayılan Azərbaycanda bütün sənaye obyektləri hərbiləşdirilmiş iş rejimi ilə çalışırdı. "Hər şey cəbhə üçün, hər şey qələbə üçün" devizi altında Azərbaycandakı həyat yalnız cəbhə üçün qaynayırdı.
Bakı eyni zamanda mərkəzi nəqliyyat dəhlizi idi. Dəmiryolu və Xəzər dənizi vasitəsilə ən vacib avadanlıqlar, ən başlıcası isə neft tankerləri vasitəsi ilə cəbhəyə göndərilirdi. Bakıda istehsal olunan neft məhsullarının daşınmasında, faşistlər tərəfindən dağıdılmış şəhər və kəndlərin sakinlərinin təhlükəsiz ərazilərə köçürülməsində həm dəmiryolundan, həm də Xəzər dənizindən əlverişli nəqliyyat kimi istifadə olunurdu. İngiltərənin tanınmış dövlət xadimi Çörçil yazırdı ki, Hitler Bakını ələ keçirmək ümidlərini itirdiyi anda havadan hücum etməklə bu şəhəri darmadağın edəcək.
Sənədlərdən, dövrün mətbuatında dərc olunan yazılardan görünür ki, həmin illər Bakı neftçiləri ikiqat qüvvə ilə çalışırdılar. Döyüşlərin həlledici mərhələsi olan 1942-ci ildə Xəzər dənizi ilə cəbhəyə 505 min ton, Həştərxan vasitəsilə 436 min ton neft məhsulları daşınmışdı.
Bakı sözün əsil mənasında Sovet Silahlı Qüvvələrinin və döyüşən cəbhənin cəbbəxanası idi. O qanlı-qadalı illərdə neft sənayesinin rolu xüsusilə artmışdı. Bakı şəhərində hərbi sənaye potensialı, neft sənayesinin müxtəlif sahələri, tibbi xidmət sahəsi güclü inkişaf etmişdi. Müharibə başlanan kimi Bakının bir çox sənaye müəssisələri funksiyalarını dəyişdirib fasiləsiz olaraq hərbi məhsul istehsal etməyə başladılar. Bakı döyüşən ordunun əsil cəbbəxanası, "motorlar mübaribəsi"ni aparan hərbi texnikanı yanacaqla təmin edən güclü və etibarlı baza, 130 növ silah istehsal edən potensial cəbbəxana idi. Bakıda fəaliyyət göstərən xalq təsərrüfatı əhəmiyyətli zavodlar cəbhə və döyüşən ordu üçün silah və hərbi sursat istehsal edirdilər. 1941-ci ilin dekabrında noyabrla müqayisədə 50 mm minomyot istehsalı 6 dəfə, əl qumbarası 5 dəfə, PPŞ avtomat silahı 20 dəfə artdı. Kütləvi döyüş sursatı hesab olunan mina, aviasiya bombası, əl qumbarası istehsal edildi. 1941-ci ilin dekabrından "Yak-3" qırıcı bombardmançı təyyarələrin istehsalına başlandı. 1942-ci ilin əvvəlindən başlayaraq cəbhənin sifarişlərini yerinə yetirən təyyarə təmiri zavodu tikildi. "Motorlar müharibəsi" deyilən müharibənin lap əvvəlindən Bakı ölkənin başlıca yanacaq bazasına çevrilərək döyüşən ordunu fasiləsiz olaraq yanacaqla, neft və benzinlə, mazut, vazelein və digər sürtgü yağları ilə təmin etdi. Tanınmış dövlət xadimi N.Voznesenski yazırdı: "Bakı cəbhəni və ölkənin xalq təsərrüfatını neft məhsulları ilə fasiləsiz təmin edir, havada və yerdə yüz minlərlə motoru hərəkətə gətirirdi".
Xəzər Dəniz Gəmiçiliyi İdarəsi və Bakının neft daşıyan donanması müharibə illərində özəl yeri vardı. 1941-ci il iyunun 1-nə olan məlumata görə Bakının Gəmiçilik İdarəsində 69 tanker və 76 yük gəmisi olub. Bundan əlavə SSRİ Dəniz Donanması Xalq Komissarlığının göstərişi ilə sərnişin daşımaq məqsədilə 11 tanker ayrılmışdı. "Dağıstan", "Türkmənistan", "Qırğızıstan" sərnişin teploxodları yaralıları daşımaq üçün üzən qospitala çevrilmişdi. 1941-ci ilin avqustunda Xəzər Dəniz Gəmiçiliyinin 30 gəmisi döyüş əməliyyatlarında fəal iştirak etmişdi. 1942-ci ilin ortalarında Xəzər dənizində vəziyyət xeyli mürəkkəbləşmişdi. Stalinqrad istiqamətində və Qafqaz uğrunda aparılan döyüşlərlə əlaqədar faşist təyyarələri gəmiləri bombalayırdı. Bu zaman Xəzər nəqliyyat donanmasında xüsusi cədvəl tərtib edilmiş və cəbhəyə göndərilən qoşunların və yüklərin daşındığı qatar və gəmilərin növbədənkənar hərəkəti nəzərdə tutulmuşdu. Həmin vaxtlarda Bakı dəmir yol qovşağına yüzlərlə vaqonlarla yük gəlir və Xəzər dənizi vasitəsilə gəmilərdə külli miqdarda döyüş sursatı, neft məhsulları yola salınırdı. Belə bir vaxtda Bakı neftinin daşınması çox təhlükəli və qorxulu idi. Ancaq Bakı neftçiləri eyni zamanda həm də düşmənə müqavimət göstərirdilər. Neftdaşıyan donanmanı hava basqınlarından qorumaq üçün tankerlərə müdafiə topları və zenit pulemyotları qoyulurdu.
Bakı neftçiləri dünya təcrübəsində ilk dəfə olaraq neftlə doldurulmuş sisternləri gəmilərin yedəyinə alıb aparırdılar. Bu üsulla Xəzər dənizçiləri Bakıdan Krasnovodska 35 neftdaşıyan dəmiryol sisterni, Mahaçqaladan Krasnovodska hər birinin ağırlığı beş ton olan neft çənləri daşımışdılar. Rəşadətli əməyinə, qəhrəmanlığına və igidliyinə görə Xəzər Gəmiçiliyinin 1534 işçisi SSRİ orden və medalları ilə təltif olunmuş, 160 dəfə DMK-nin və SSRİ Neft Komissarlığının keçici Qırmızı Bayrağını almışdılar. Bakı neftçiləri 280 dəfə Ümumittifaq sosializm yarışının qalibi olmuşdu. Neftin hərbi-strateji əhəmiyyətini nəzərə alaraq DMK-nin qərarı ilə minlərlə gənc ordu sıralarına çağırışdan azad edilərək neft sənayesinə göndərilirdilər. Onlardan Sosialist Əməyi Qəhrəmanları Qurban Abbasov, Ağa Nemətulla, Musa Bayramov, Yusif Fərzəliyev, Məmməd Qəmbərov, Qaraş Əmirov, Məmməd Dünyamalıyev, görkəmli mədən qazma ustaları olan Baba Qafar Muradov, Rüstəm Rüstəmov, Gülbala Əliyev və b. yüksək ad-san çıxarmış, böyük şöhrət qazanmışdı.
Müharibə illərində Bakı əməkçiləri döyüşən orduya çoxlu yeyinti məhsulları; 1260 vaqon suxarı, 1100 vaqon makaron məmulatı, 1300 vaqon tütün və siqaret, 1800 vaqon konserv, 350 vaqon ərinmiş yağ, külli miqdarda ət məhsulları, ət-süd məmulatı və geyim məmulatı göndərmişdi. 1942-ci ilin sonunda Bakıda 31400 yerlik 41 hərbi xəstəxana var idi. Müharibə illərində Bakıda yaralıları müalicə edən çoxlu qospitallar fəaliyyət göstərirdi. Burada 441 mindən çox yaralı və xəstə müalicə almışdı. Sovet İttifaqı Qəhrəmanı adına layiq görülmüş 44 tibb işçisinin 2-si azərbaycanlı idi. Bakının ayrı-ayrı zavodlarında çoxlu dərman preparatları, müalicə üçün lazım olan tibbi ləvazimat istehsal olunurdu. Bakılılar 1942-ci ilin aprelində ölkənin müdafıə fonduna 20 milyon manat pul, çoxlu qızıl, gümüş, istiqraz və b. qiymətli əşyalar köçürmüşlər. Müharibə illərində Azərbaycan Dəmir yolunun Bakı şöbəsindən 1 milyondan artıq vaqon yola salınmışdı.
Tarixdə baş verən 15 mindən çox müharibənin ən dəhşətlisi sayılan və dünyanın 72 dövlətinin cəlb olunduğu 1939-1945-ci illər müharibəsində 60 milyondan çox insan həlak oldu. Şəhərlər, kəndlər dağıdıldı. Müharibədə iştirak etmiş 600 min azərbaycanlıdan 300 mini həlak oldu, 130 nəfəri Sovet İttifaqı Qəhrəmanı adına layiq görüldü. 30 nəfər "Şöhrət" ordeninin I-III dərəcəsi ilə təltif olundu. 170 min Azərbaycan əsgər və zabiti müxtəlif orden və medallar aldı. Dizel yanacağını kəşf etməklə elmə yeniliklər gətirən akademik Yusif Məmmədəliyev dövlət mükafatı laureatı adına layiq görüldü.

Ülviyyə Tahirqızı