Azərbaycanda sovet rejiminin bərqərar olması və ona qarşı üsyanlar Hadisə

Azərbaycanda sovet rejiminin bərqərar olması və ona qarşı üsyanlar

1920-ci il aprelin 28-dən 1921-ci ilin avqustunadək Azərbaycanda 48 min adam öldürüldü

1920-ci il aprelin 28-də Bakıda Azərbaycan Sovet Sosialist Respublikasının yaradıldığı elan edildi. Hakimiyyət Müvəqqəti İnqilab Komitəsinə verildi və Azərbaycan SSR Xalq Komissarları Soveti yaradıldı (N.Nərimanov-sədr, H.Sultanov, Ə.H.Qarayev, Q.Musabəyov, M.D.Hüseynov, Ç.İldırım, D.Bünyadzadə, Ç.Vəzirov). Qırmızı ordu hissələri aprelin 28-30-da Lənkəranı, Salyanı, Şuşanı, Ağdamı və b., mayın əvvəllərində Gəncəni, Şamaxını, Goyçayı, Şəkini, Zaqatalanı və Balakəni zəbt etdilər, mayın ortalarında isə Qarabağ bölgəsini öz nəzarətləri altına aldılar. Rusiyanın hərbi donanması Lənkəran və Astaraya desant çıxardı. İnqilab Komitəsinin 1920-ci il 3 may tarixli dekreti ilə yerlərdə qəza, mahal və kənd inqilab komitələri yaradıldı, polis ləğv edildi, fəhlə-kəndli milisi təşkil olundu. Torpaq haqqında 1920-ci il 5 may tarixli dekreti ilə bütün xan, bəy torpaqları müsadirə edildi və ödənişsiz kəndlilərin istifadəsinə verildi. 1920-ci il mayın 7-də ordu və donanmanın yenidən təşkili barədə dekret verildi. Digər bir dekretlə isə Azərbaycan ərazisindəki meşələr, sular və yeraltı sərvətlər milliləşdirilərək, dövlət mülkiyyətinə verildi. 1920-ci il 12 may tarixli dekreti ilə silki və mülki rütbələr (zadəgan, kəndli, bəy, xan, knyaz və s.) ləğv edildi. Xalq Maarif Komissarlığının 15 may tarixli qərarı ilə vicdan azadlığı elan olundu, hər cür dini ayinlərin icra olunması qadağan edildi, din dövlətdən və məktəbdən ayrıldı. Fövqəladə Komissiya (ÇK) və Ali İnqilabi Tribunal təşkil olundu.
1920-ci il sentyabr tarixli fərman ilə kəndlərdə yaradılan yoxsul komitələri 1921-ci ilin yayından etibarən kənd sovetləri ilə əvəz olundu. 1920-ci il 24 may tarixli dekret ilə neft sənayesi milliləşdirildi, onu idarə etmək üçün V.İ.Lenin tərəfindən göndərilmiş A.P.Serebrovskinin başçılığı ilə Azərbaycan Neft Komitəsi (sonralar "Azneft") təşkil olundu və neft faktiki olaraq Sovet Rusiyasının ixtiyarına keçdi. 1920-ci ilin iyununda Xəzər Ticarət Donanması, banklar və balıq sənayesi milliləşdirildi. 1920-ci ilən sonuna kimi Azərbaycandan Rusiyaya 3 mln. ton neft daşınmışdı, bu da Bakıda istehsal olunan neftin 90%-dən çoxu idi. 1921-ci il mayın 6-da Bakıda keçirilən Azərbaycan SSR-in I Sovetlər qurultayı Azərbaycan SSR-in ilk Konstitusiyasını qəbul etdi. Azərbaycan İnqilab Komitəsi ləğv edildi və qurultaylararası dövrlərdə respublikada ali qanunverici orqan olan Azərbaycan Mərkəzi İcraiyyə Komitəsi (Az. MİK) seçildi. MİK sədri Muxtar Hacıyev, sədrin müavini Səmədağa Ağamalıoğlu seçildilər. Az. MİK qarşısında məsuliyyət daşıyan ali icraedici hakimiyyət orqanı - Azərbaycan SSR Xalq Komissarları Soveti (sədri N.Nərimanov) yenidən təşkil olundu. Azərbaycanda sovet hakimiyyəti qurulduqdan sonra bolşeviklər ziyalıları, din xadimlərini, Azərbaycan ordusunun yüksək rütbəli hərbiçilərini həbs edərək Nargin adasında güllələdilər. 1920-1921-ci illərdə Azərbaycan Xalq Cümhuriyyəti Nazirlər Kabinetinin keçmiş sədrləri F.X.Xoyski və N.Yusifbəyli, parlamentin sədr müavini H.Ağayev, hökumət üzvləri X.Rəfibəyli, İ.Ziyadxanlı və b. öldürüldülər.
1920-ci il aprelin 28-dən 1921-ci ilin avqustunadək Azərbaycanda 48 min adam öldürüldü. M.Ə.Rəsulzadə Şamaxı qəzasında həbs edilərək Bakıya gətirilmiş, lakin Stalin tərəfindən azad edilərək Moskvaya aparılmış və 1922-ci ildə Finlandiyaya, oradan Türkiyəyə mühacirət etmişdi. 1921-ci ildə "Müsavat", "İttihad", "Əhrar" partiyalarının qanundankənar olması və fəaliyyətlərinin qadağan olunması barədə rəsmi qərar verildi. Xalqın Sovet rejimindən narazılığı getdikcə artırdı. İlk güclü silahlı çıxış 1920-ci il may ayının 25-26-da Gəncədə Azərbaycan Milli Ordusunun bölmələri tərəfindən baş verdi, üsyançıların sayı 10-12 minə çatırdı. Üsyana general Cavad bəy Şıxlinski, general Məmməd Mirzə Qacar, polkovnik Cahangir bəy Kazımbəyov və b. ibarət Hərbi Şura rəhbərlik edirdi. Mayın 26-da üsyançılar dəmiryol stansiyasını ələ keçirdilər. Bolşevik hökuməti Gəncə üzərinə güclü hərbi qüvvə göndərdi, erməni əhalisi isə arxadan zərbə vuraraq, Qırmızı orduya köməklik göstərirdi. Mayın 31-də şəhər XI Qırmızı ordu hissələrinin nəzarətinə keçdi. Üsyançılardan 13 min nəfər həlak oldu, 76 nəfər zabit və əsgər Nargin adasında güllələndi.
1920-1924-cü illərdə Lənkəran, Cavanşir, Ordubad və Şərur qəzalarında, Qəbələ və Xaçmazda da sovet rejimi əleyhinə kütləvi çıxışlar baş vermişdi. "İttihad" partiyasının Sovet hakimiyyətini devirmək üçün hazırladıqları üsyan planı baş tutmadı. Belə ki, partiyanın sədri Qarabəy Qarabəyov başda olmaqla 155 nəfər üzvü xüsusi şöbə tərəfindən həbs olunmuşdu.
1920-ci il aprel çevrilişindən sonra da Ermənistan Naxçıvan, Zəngəzur, Dağlıq Qarabağ və Şərur-Dərələyəz torpaqlarını ələ keçirmək niyyətində idi. Erməni hərbi hissələri 1920-ci ilin yayında Zərgəzuru dağıdıb Naxçıvana hücum etdilər. Əhalinin tələbi ilə Naxçıvanı müdafiə etmək üçün Veysəl bəyin başçılığı ilə köməyə gələn türk qoşun hissələri Naxçıvanı nəzarət altına aldılar. 1920-ci ilin iyulunda XI Qırmızı ordu hissələri də Naxçıvana girdi. 1920-ci ilin avqustunda Sovet Rusiyası ilə Ermənistan arasında bağlanmış müvəqqəti sazişə görə, Şərur-Dərələyəz qeyd-şərtsiz Ermənistana verilir, rus qoşunlarının zəbt etdiyi Qarabağ, Zərgəzur və Naxçıvan mübahisəli ərazilər elan olunur. 1920-ci il oktyabrın əvvəllərində təcili olaraq Naxçıvanda fövqəladə komissarlığın yaradılması faktiki olaraq Naxçıvanı Ermənistan idarəçiliyinə vermək məqsədi güdürdü. 1921-ci il fevral-mart aylarında keçirilən Moskva danışıqlarının əsas obyektlərindən biri Atatürkün "Türk qapısı" adlandırdığı Naxçıvanın statusu məsələsi idi. Türkiyə nümayəndəsi bildirdi ki, Azərbaycanın Naxçıvan üzərində himayəsi o zaman təmin olunar ki, o bu himayəni 3-cü bir dövlətə güzəştə getməyəcəyinə dair öhdəlik götürsün. Rusiya isə Azərbaycanın himayəsi altında Naxçıvana muxtariyyət verilməsini və onun sərhədlərinin müəyyənləşdirilməsini ön plana çəkirdi. 1921-ci il martın 16-da RSFSR ilə Türkiyə arasında Moskvada müqavilə imzalandı. Müqavilənin 3-cü maddəsində göstərilirdi ki, tərəflər müqaviləyə əlavədə nəzərdə tutulan sərhədləri ilə Azərbaycanın himayəçiliyi altında Naxçıvanın muxtar ərazi olmasına razılıq verirlər və Azərbaycan onu 3-cü dövlətə güzəştə getməməlidir.
1921-ci il oktyabrın 13-də Qarsda imzalanmış müqavilədə Naxçıvanın Azərbaycan ərazisi olması bir daha təsdiqləndi, onun sərhədləri və gələcək statusu qəti olaraq müəyyənləşdirildi. 1929-1931-ci illərdə Ordubad və Zəngilan rayonlarının bir sıra kəndləri Ermənistana verildi və bu ərazi Mehri rayonu adlandırıldı. Nəticədə Naxçıvanla Azərbaycanın digər torpaqları arasında olan sərhəd bağlandı. Naxçıvan barədə 1922-ci ilin yazında təsdiq olunmuş Əsasnamədə Naxçıvan Sovet Sosialist Respublikası (NSSR) adı ilə Azərbaycan SSR himayəsində muxtar respublika elan olundu. 1923-cü ilin fevralından dekabrına kimi o, Azərbaycan SSR tərkibinə muxtar ölkə kimi, dekabrın 31-də qəbul olunmuş qərara görə Naxçıvan SSR, 1924-cü il fevralın 9-da Naxçıvan MSSR kimi daxil oldu.
1921-ci ilin yayında Ermənistan SSR XKS sədri A.Myasnikov tərəfindən Dağlıq Qarabağ Ermənistanın ayrılmaz tərkib hissəsi elan olundu. Dağlıq Qarabağda fövqəladə nümayəndə təyin olunan A.Mravyan N.Nərimanovun təkidi ilə iyunun 27-də geri çağırıldı. 1920-ci ilin dekabrında Türkiyə ilə Ermənistan arasında imzalanmış Gümrü (Aleksandropol) sülh müqaviləsinə görə, İrəvan bölgəsi və Göyçə gölü istisna olmaqla, bütün Ermənistan ərazisi təxminən 10 min kv.km hüdudlarında müəyyənləşdirilmişdi. Lakin Rusiya bir müddətdən sonra Gümrü sülh müqaviləsini tanımaqdan imtina etdi. RK(b)P-nin Qafqaz bürosu 1921-ci il iyulun 4-də toplanmış plenumunda Qarabağ məsələsini müzakirə etdi. Müzakirələrdə 2 fikir irəli sürüldü: I. Qarabağın Azərbaycanın tərkibində saxlanılması və bütün əhalisi arasında rəy sorğusu keçirilməsi; II. Qarabağın dağlıq hissəsinin Ermənistanın tərkibinə qatılması və rəy sorğusunun yalnız ermənilər arasında keçirilməsi. İclasda əksəriyyət (Orconikidze, Myasnikov, Kirov) 2-ci təklifə səs verdi. Lakin N.Nərimanovun qəti etirazı, kəskin narazılıq yarandığını nəzərə alaraq Qafqaz Bürosu son qərar üçün məsələni RK(b)P MK-nın müzakirəsinə verməyi tövsiyə etdi. Məsələ iyulun 5-də Qafqaz bürosunun plenumunda yenidən müzakirə olundu. Plenum RK(b)P MK-nın rəyini nəzərə alaraq Dağlıq Qarabağın Azəraycan SSR-in tərkibində saxlanılması qərarını qəbul etdi, paytaxtı Şuşa şəhəri olmaqla geniş vilayət muxtariyyəti verilməsi bəndi salındı. Bu məsələdə Stalinin, Çiçerinin, Orconikidzenin və Kirovun həlledici rolu olmuşdu. Lakin bu qərar Azərbaycan rəhbərliyini qane etmirdi. Buna baxmayaraq, 1923-cü il iyunun 27-də RK(b)P Zaqafqaziya Ölkə Komitəsinin plenumunda bu qərar təsdiq olundu. S.Orconikidzenin təkidi ilə Azərbaycan MİK-i 1923-cü il 7 iyul tarixli qərarı ilə Azərbaycan SSR-in tərkibində Dağ ıq Qarabağ Muxtar Vilayətinin (DQMV) yaradıldığını elin etdi. "RSFSR ilə Azərbaycan SSR arasında hərbi-iqtisadi ittifaq haqqında" 1920 il sentyabrın 30-da bağlanmış müqavilə, Cənubi Qafqaz respublikalarını Federativ Respublika kimi birləşdirmək siyasəti və 1921-ci ilin noyabrında RP(b)P MK Qafqaz bürosu və RK(b)P MK-nın Siyasi Bürosu tərəfindən Zaqafqaziya Federasiyasının yaradılması barədə qərarlar qəbul etməsi Azərbaycanın formal müstəqilliyinin ləğv olunması demək idi. 1922-ci ilin martında Azərbaycan, Gürcüstan və Ermənistan Mərkəzi İcraiyyə Komitələrinin səlahiyyətli nümayəndələri müqaviləni təsdiq etdilər və Zaqafqaziya Sovet Federativ Sosialist Respublikası - ZSFSR yaradıldı. Cənubi Qafqaz Respublikalarının 1922-ci il dekabrın 10-da toplanmış I Sovetlər qurultayında Ali orqan-Zaqafqaziya Mərkəzi İcraiyyə Komitəsi seçildi. Bununla Azərbaycanın bütün yeraltı və yerüstü sərvətləri, xüsusən nefti digər Cənubi Qafqaz respublikalarının ixtiyarına verildi...

İradə Nuriyeva