CASCFEN Türkiyə jurnalistlərinə etiraz edir Hadisə

CASCFEN Türkiyə jurnalistlərinə etiraz edir

Orta Asiya və Güney Qafqaz Söz Azadlığı Şəbəkəsi (CASCFEN) Türkiyə Jurnalistlər Federasiyası (Türkiye Gazeteciler Federasyonu - TGF) başqanlar toplantısının Gürcüstanın ərazisi olan separatçı Abxaziyada keçirilməsinə etiraz edir.
Bu haqda açıqlamanı CASCFEN başqanı Azər Həsrət verib. O, bildirib ki, başçılıq etdiyi qurum Türkiyə Jurnalistlər Federasiyası başqanlar toplantısının bu il mayın 8-13-ü arası qonşu Gürcüstan Respublikasına aid olsa da Rusiyanın dəstəyilə bu ölkədən qopardılmış, lakin müstəqil subyekt kimi beynəlxalq aləm tərəfindən tanınmayan Abxaziyada keçirilməsini üzülərək öyrənmişdir. Mediada yayımlanan xəbərlərdə deyilir ki, TGF-nin öz toplantısını bu bölücü bölgədə keçirməsi Abxaziya tərəfinin dəvəti əsasında olmuşdur.
Azər Həsrət bildirib ki, Türkiyənin milli bir təşkilatının öz toplantısını ölkə xaricində, üstəlik separatçı bir bölgədə keçirməsinə anlam verə bilmir: "Biz TGF-nin öz toplantısını bu bölgədə keçirməsini anlamaqda çətinlik çəkirik. Abxaziya bir Türk bölgəsi deyil, TGF ilə hər hansı hüquqi bağlılığı yoxdur və üstəlik də bu bölgəni dünya müstəqil subyekt kimi tanımır. Belə olan halda Türkiyəli jurnalistlərin bu tədbiri orda keçirməsini anlamaq asan deyil".
CASCFEN başqanı onu da əlavə edib ki, qondarma Abxaziya rejimi Ermənistanın işğalı altında olan Azərbaycan torpaqlarında elan edilmiş qondarma Dağlıq Qarabağ rejimilə də yaxından işbirliyi edir və belə olan halda TGF təmsilçilərinin hərəkəti ikiqat üzücüdür: "Azərbaycan torpaqlarının işğalına haqq qazandıran bir rejimin nəzarəti altındakı bölücü bölgədə toplantı keçirən Türkiyəli jurnalistlər bu hərəkətlərilə bütün Türk dünyasına xəyanət etmişlər".
Azər Həsrət TGF-nin qondarma Abxaziya jurnalistlər birliyilə işbirliyi razılaşması imzalamasına da etiraz edərək Türkiyə jurnalistlərini olaya təpki verməyə çağırıb.