Vətənə xidmət şərəf borcudur: XTQ-26 Hadisə

Vətənə xidmət şərəf borcudur: XTQ-26

Azərbaycan Xüsusi Təyinatlı Qüvvələr (XTQ) 30 aprel 1999-cu il də Ulu Öndər Heydər Əliyevin əmri ilə yaradılıb. Hər il aprelin 30-u tarixi Xüsusi Təyinatlı Qüvvələr (XTQ) günü kimi qeyd olunur.

Azərbaycan Ordusunun ən elit hərbi birləşmələrindən biri olan Xüsusi Təyinatlı Qüvvələr (XTQ) yüksək peşəkarlığa malik, çətin şəraitdə fəaliyyət göstərməyi bacaran və ölkənin təhlükəsizliyi naminə xüsusi əməliyyatlar həyata keçirən hərbçilərdən ibarətdir.

Bu gün həm də XTQ-nin Vətən uğrunda göstərdiyi xidmətlərə hörmət və ehtiram günüdür.

Azərbaycan Xüsusi Təyinatlı Qüvvələri (XTQ) 2020-ci il Vətən müharibəsində mühüm nəticələr əldə edib və qəhrəmanlıq nümayiş etdirib. Bu qüvvələr xüsusi əməliyyatlarla düşmənin dərin arxasına sızaraq strateji yüksəklikləri və yaşayış məntəqələrini azad edib, Azərbaycan Ordusunun qazandığı uğurlara həlledici təsir göstərib.

Ən mühüm hadisələrdən biri – Şuşanın azad olunmasıdır. XTQ-nin əsgər və zabitləri dağlıq, çətin relyefli ərazilərdə piyada yollarla irəliləyərək, Şuşaya gizli şəkildə daxil olub döyüşərək şəhəri azad ediblər. Bu əməliyyat Azərbaycan hərb tarixinə qızıl hərflərlə yazılıb.

Ali Baş Komandan İlham Əliyev bu qələbədən sonra çıxışlarında Xüsusi Təyinatlı Qüvvələrin qəhrəmanlığını xüsusi vurğulayıb, onların "dəmir yumruq" kimi düşmənin belini qırdığını bildirib. Ali Baş Komandanın etimadını doğruldan XTQ, həm taktiki, həm də mənəvi üstünlüyü ilə öz gücünü bütün dünyaya göstərib.

Cənab Ali Baş Komandan İlham Əliyev bu barədə bildirib: “Bu tarixi Zəfəri bizə yaşadan Azərbaycan Ordusudur. Xüsusi Təyinatlı Qüvvələrimiz şəhəri döyüşlə almışlar. Onlar piyada yollarla, dağlarla, meşələrlə, dərələrlə gedərək Şuşaya daxil oldular...".

"Xüsusi Təyinatlı Qüvvələrimiz qəhrəmanlıq göstərmişlər, fədakarlıq göstərmişlər. Onlar misilsiz şücaət göstərərək torpaqlarımızı azad etdilər. Onların hər biri xalqımızın fəxridir."

"Bu Qüvvələr mənim xüsusi diqqətim altında olmuşdur. Onların təchizatı, hazırlığı və peşəkarlığı məhz bu gün üçün formalaşdırılmışdı. Onlar mənim etimadımı tam doğrultdılar”.

"Azərbaycan əsgəri, Azərbaycan Xüsusi Təyinatlısı – bu, rəşadət, cəsarət, vətənpərvərlik simvoludur. Gənclərimiz sizə baxaraq böyüyəcək".

Xüsusi Təyinatlı Qüvvələr yarandığı gündən hər bir XTQ mənsubun bir şuarı olub Vətənə, Dövlətə sədaqətlə xidmət etmək. Vətənə sədaqətim şərəfimdir!

Bəhruz Məmmədzadə

Xüsusi Təyinatlıların Qaziləri, Şəhid ailələri və Veteranları ictimai birliyinin sədri, Mətbuat Şurası İdarə Heyətinin üzvü