Ali məktəblərə qəbul planı artıb Hadisə

Ali məktəblərə qəbul planı artıb

Məleykə Abbaszadə: "Sənədlərini toplayıb müraciət etməyənləri imtahana buraxmayacağıq"

Ali məktəblərə qəbul planı artıb. APA-nın xəbərinə görə, Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının sədri Məleykə Abbaszadə dünən keçirdiyi mətbuat konfransında bildirib ki, 2013-cü ildə ali məktəblərə ayrılan qəbul planı 36537 olub.
Ötən il I qrup üzrə 11596, II qrup üzrə 10094, III qrup üzrə 10397, IV qrup üzrə isə 4450 yer ayrılıb. Bu il isə ali məktəblərə ayrılan qəbul planı 37956 yer təşkil edir. Bu il I qrupa 12052, II qrupa 10969, II qrupa 10453, IV qrupa isə 4482 yer ayrılıb. Bu, ötən illə müqayisədə 1419 yer və ya 3,88 faiz çoxdur.
Qeyd edək ki, ali təhsil müəssisələrinə ixtisas seçimi abituriyentlərin qəbul imtahanlarında topladıqları ballar elan olunduqdan sonra bütün ixtisas qrupları üzrə iyulun 24-dən avqustun 5-dək internet vasitəsilə aparılacaq.

İmtahan mayın 18-də keçiriləcək

TQDK mayın 18-də 2014/2015-ci tədris ili üçün Azərbaycan Respublikasının ali təhsil müəssisələrinə və tam orta təhsil bazasında (11 illik) orta ixtisas təhsili müəssisələrinə qəbul olmaq istəyən əvvəlki illərin məzunları üçün I və IV ixtisas qrupları üzrə qəbul imtahanı keçirəcək. TQDK sədri Məleykə Abbaszadə bildirib ki, imtahan respublikanın 11 şəhərində - Bakı, Naxçıvan, Gəncə, Sumqayıt, Mingəçevir, Şəki, Ağcabədi, Göyçay, Şirvan, Lənkəran və Xaçmaz şəhərlərində ümumilikdə 34 binada olacaq. İmtahanların idarə olunmasına 152 imtahan rəhbəri və orta ümumtəhsil müəssisələrindən 1619 nəzarətçi-müəllim cəlb olunacaq.
İmtahanda 18773 abituriyentin iştirakı nəzərdə tutulur. Onlardan 13856 abituriyent I qrup üzrə, 4917 abituriyent IV qrup üzrə imtahan verəcək. Abituriyentlərdən 17551 nəfəri (I qrup üzrə 12876 nəfər, IV qrup üzrə 4675 nəfər) Azərbaycan bölməsinin, 1222 nəfəri (I qrup üzrə 980 nəfər, IV qrup üzrə 242 nəfər) isə rus bölməsinin məzunudur. Abituriyentlərin 11923 nəfəri (I qrup üzrə 8709 nəfər, IV qrup üzrə 3214 nəfər) oğlanlar, 6850 nəfəri (I qrup üzrə 5147 nəfər, IV qrup üzrə 1703 nəfər) isə qızlardır.
16810 nəfər orta ümumtəhsil məktəblərinin, 191 nəfər ali təhsil, 1772 nəfər isə orta ixtisas təhsili müəssisələrinin məzunudur. 57 abituriyent xarici ölkələrin vətəndaşıdır. Ən yaşlı abituriyent 1972-ci il, ən gənc isə 1996-cı il təvəllüdlüdür.
Bakı şəhərində 9257, Naxçıvanda 1156, Gəncədə 2181, Sumqayıtda 1461, Mingəçevirdə 704, Şəkidə 701, Ağcabədidə 517, Göyçayda 644, Şirvanda 567, Lənkəranda 891, Xaçmazda isə 694 abituriyentin imtahan verəcəyi gözlənilir. İmtahan bütün binalarda eyni vaxtda - saat 11:00-da başlanacaq və 3 saat davam edəcək.
İmtahan binasına giriş zamanı üzərində mobil telefon, konspekt və digər yardımçı vasitələr aşkar olunan abituriyentlər barədə akt tərtib olunacaq və imtahan binasına buraxılmayacaqlar. İmtahan başa çatdıqdan dərhal sonra müstəqil ekspertlər tərəfindən test suallarının ekspertizası aparılacaq. Həmin gün saat 16:00-da "Space" telekanalında canlı yayımlanan "Abituriyent" verilişində TQDK-nın məsul əməkdaşları və ekspertlər tərəfindən imtahanda istifadə olunmuş sualların düzgün cavabları və test tapşırıqları ilə bağlı geniş izahat veriləcək. İmtahanda istifadə olunmuş sualların düzgün cavabları eyni zamanda TQDK-nın internet saytında və facebook səhifəsində yerləşdiriləcək.
İmtahan vermiş abituriyentlərin cavab kartlarının emalı başa çatdıqdan sonra nəticələr və hər bir abituriyentin cavab kartının qrafik təsviri TQDK-nın internet saytında yerləşdiriləcək. Abituriyentlər imtahan nəticələri barədə məlumatı həmçinin mobil telefonla iş nömrələrini 7727 nömrəsinə göndərməklə öyrənə biləcəklər. Bütün qruplar üzrə müsabiqədə iştirak hüququ qazanan abituriyentlərin (həm əvvəlki, həm də cari ilin məzunları) ixtisas seçimi internet vasitəsilə iyulun 24-dən avqustun 5-dək aparılacaq.
Tam orta təhsil bazasında (11 illik) orta ixtisas təhsili müəssisələrinə daxil olmaq istəyən və müsabiqə şərtlərini ödəyən abituriyentlər ali təhsil müəssisələrinə yerləşdirmənin nəticələri elan olunduqdan sonra avqustun 8-dən 13-dək elektron ərizələrinə daxil olub, orta ixtisas təhsili müəssisələrinin ixtisaslarını seçə biləcəklər.

3151 şagirdin sənədi yoxdur

Hazırda Azərbaycanda iyun ayında keçiriləcək buraxılış imtahanlarına hazırlıq işləri aparılır. Məleykə Abbaszadə mətbuat konfransında deyib ki, ölkə üzrə hazırlanan siyahıya əsasən, IX və XI sinif üzrə buraxılış siniflərində 200 576 nəfər təhsil alır. Onun sözlərinə görə, indiyədək Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının "Şagird-Məzun" Elektron Məlumat Bazasında həmin şagirdlərdən "Şəxsiyyəti vəsiqəsi" olan 197 165 nəfəri barədə məlumatlar təsdiqlənib. Şagirdlərin 1,57%-nin, yəni 3151 nəfərinin isə sənədlərinin olmadığını deyən TQDK sədri qeyd edib ki, XI sinif şagirdlərindən 650 nəfərin sənəd yoxdur və bu da XI sinif üzrə buraxılış imtahanında iştirak edəcəyi gözlənilən bütün şagirdlərin 1%-dən də azını təşkil edir: "İmtahanda 85 358 XI sinif şagird iştirak etməlidir. Onlardan 84 608-nin sənədləri artıq bazada təsdiqlənib. Amma təəssüflər olsun ki, IX siniflər üzrə sənədi olmayan şagirdlərlə bağlı rəqəm kifayət qədər yüksəkdir. Azərbaycanda keçiriləcək buraxılış imtahanında IX siniflər üzrə 115 255 nəfər iştirak etməli idisə, onlardan yalnız 112 561 nəfərin sənədləri təsdiq edilib. Bu, bütün IX sinif şagirdlərinin 97%-ni təşkil edir. İndiyədək təxminən 2500 nəfərin aqibəti məlum deyil və onların sənədləri yoxdur".
M.Abbaszadə qeyd edib ki, sənədləri olmayan şəxslər buraxılış imtahanına buraxılmayacaq. Sənədləri almaq üçün yerli orqanların bütün valideynlərə, uşaqlara kömək göstərdiyini deyən komissiya sədri vurğulayıb ki, məktəb direktorları da bu prosesdə iştirak edirlər: "Mən valideynlərə müraciət edirəm. Şəxsiyyət vəsiqələri dövlət tərəfindən verilən sənədlərdir və həmin sənədləri vaxtında əldə etmək lazımdır ki, uşaqlar imtahanda iştirak etsin. Şagirdlər sənədlərini miqrasiya orqanları və ya şəxsiyyət vəsiqəsi almaq üçün polis orqanlarına təqdim ediblərsə və onlarda sənədlərin təhvil verilməsi haqqında sənəd varsa, onda biz onu qeydiyyata götürəcəyik. Amma sənədlərini toplayıb həmin qurumlara müraciət etməyənləri imtahana buraxmayacağıq. TQDK hansısa üzrlü səbəblərlə əlaqədar sənəd ala bilməyənlərə kömək etmək üçün yerlərə müraciət edib. Amma həmin şagirdlərin valideynləri və ya himayəçiləri sənəd almaq üçün müraciət etməlidirlər".

Qəbul imtahanlarında yeni sistem tətbiq edilir

Bu ildən Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) qəbul imtahanlarında şəffaflığın və təhlükəsizliyin təmin olunması istiqamətində daha bir yenilik tətbiq edir. Məleykə Abbaszadə deyib ki, qəbul imtahanları keçirilən imtahan binalarında mobil telefon və digər rabitə qurğularını avtomatik aşkar edən sistemin köməkliyi ilə həmin vasitələrdən istifadənin qarşısı alınacaq.
TQDK sədrinin sözlərinə görə, əgər imtahan iştirakçılarından kimsə qeyd olunan qurğulardan hər hansı birini aktiv edərsə, sistemin köməkliyi ilə onun yerləşdiyi otaq müəyyənləşdiriləcək: "Onsuz da imtahan binalarına buraxılış rejimində abituriyentlər ciddi yoxlamadan keçirlər. Buna görə də köməkçi vasitəni imtahan binasına keçirmək demək olar ki, mümkün deyil. Ancaq hər hansı belə bir hal baş versə belə, həmin imtahan iştirakçısı müəyyən olunacaq və onun barəsində müvafiq tədbirlər görüləcək".
Mayın 15-i saat 10.00-dək olan məlumata əsasən, ümumi orta təhsil bazasında (9 illik) orta ixtisas müəssisələrinə sənəd verən 2778 abituriyent ərizəsini təsdiq edib. Ərizə qəbulu mayın 12-dən başlayıb. Qəbul haqqında elan, qəbul qaydaları, qəbul aparılan ixtisasların siyahısı, müsabiqə şərtləri və digər məlumatlar "Abituriyent" jurnalının 3-cü sayında dərc olunub. Abituriyentlər göstərilən müddət ərzində TQDK-nın internet saytının müvafiq səhifəsində (www.eservices.tqdk.gov.az/erizetex) şəxsiyyət vəsiqəsinin seriyasını, nömrəsini və PİN kodunu daxil etməklə qeydiyyatdan keçir, iş nömrəsi və şifr əldə edirlər. Ümumi orta təhsil (9 illik) səviyyəsini Azərbaycan Respublikasının ümumi təhsil müəssisələrində 2013-cü və 2014-cü illərdə bitirən abituriyentlər elektron ərizələrini Sənəd Qəbulu Komissiyalarına (SQK) müraciət etmədən elektron ərizə səhifəsindəki müvafiq düyməni basmaqla özləri təsdiq edirlər. Ümumi orta təhsil (9 illik) səviyyəsini Azərbaycanın ümumi təhsil müəssisələrində 2013-cü ildən əvvəl və ya ölkə hüdudlarından kənarda yerləşən təhsil müəssisələrində bitirən abituriyentlər elektron ərizələrini tələb olunan sənədləri təqdim etməklə müvafiq SQK-larda təsdiq etdirirlər.

Monitorinq imtahanlarının nəticələri müzakirə ediləcək

Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) sədri Bakı şəhərində müəllimlərin Sınaq Qiymətləndirilməsinin keçirilməsini vacib hesab edib. TQDK sədri Məleykə Abbaszadə deyib ki, bu qiymətləndirməni keçirməklə müəllimlərin bilik səviyyəsinin indiki zamanın tələblərinə uyğun olub-olmadı bilinəcək. Onun sözlərinə görə, bu proses tam şəffaf keçirilməli və onun meyarları, bütün məsələlər ictimaiyyət üçün aydın olmalıdır: "TQDK bu imtahanlarda iştirak etmir. Nə məzmunla əlaqədar hazırlanmış materiallara, nə də prosesin keçirilməsinə bizim aidiyyətimiz yoxdur. Amma ümidvaram ki, bu proses başa çatandan sonra statistik məlumatlar əldə olunacaq. Bunun birgə müzakirəsinə yəqin ki, biz cəlb olunacağıq. Mən inanıram ki, belə olacaq. Çünki bizim üçün də bu proses çox vacibdir".
M.Abbaszadə əlavə edib ki, TQDK tərəfindən V, VI və XI siniflərdə monitorinq imtahanları aparılır. Onun sözlərinə görə, monitorinq imtahanlarının nəticəsində də müəyyən səbəblərə görə şagirdlərin biliklərinin standartlara uyğun olmadığı məlum olur: "Səbəblərin biri də ondan ibarətdir ki, müəllimlərin bəziləri standartlara uyğun olaraq tədris prosesini qura bilmir, standartları anlamırlar. Müxtəlif fənlər üzrə belə qeydlər bizdə var. Monitorinqlərin nəticələrini də Təhsil Nazirliyi ilə birgə ümumi müzakirəyə çıxarmağa hazırıq. Bu proseslə əlaqədar bizim anlaşma danışığımız olub".