“Qabiliyyət imtahanlarının təşkilatçıları vəzifələrinin öhdəsindən gələ bilmirlər” Hadisə

“Qabiliyyət imtahanlarının təşkilatçıları vəzifələrinin öhdəsindən gələ bilmirlər”

Dövlət İmtahan Mərkəzi bu il abituriyentlərin yaddaşında bir çox yeni dəyişikliklərlə yadda qaldı. Bunlardan biri də qabiliyyət tələb edən ixtisaslar üzrə hər qeydiyyatdan keçdikləri komissiyaya müəyyən məbləğin ödənilməsi şərtidir. Amma imtahanların keçirildiyi günlər ödənişdən öncə bilinmir. Nəticədə abituriyent imtahan günlərindən xəbərsiz halda ödənişləri edir. Və bəlli olub ki, imtahan günlərindən üst-üstə düşənlər var. Bundan əlavə, bu gün keçiriləcək olan təsviri sənət üzrə qabiliyyət imtahanı da təxirə salınıb. Bununla bağlı fikirlərini Azadinform-a bildirən təhsil məsələləri üzrə ekspert Kamran Əsədov deyib ki, bu ildən etibarən Azərbaycan ali məktəblərinin qabiliyyət tələb edən ixtisasları üzrə imtahanları bir sıra mühüm yeniliklər edib: "Keçən ildən etibarən abituriyentlər nə qədər istəsə qabiliyyət tələb edən ixtisaslar üzrə komissiyalardan qeydiyyatdan keçə bilərdilər. Lakin bu ildən etibarən isə onlar hər qeydiyyatdan keçdikləri komissiya üzrə 30 manat pul ödəməli idilər. Məlum olub ki, imtahan vaxtları üst-üstə düşür. Bu abituriyent eyni gündə, eyni saatda 4-5 komissiyada imtahanda iştirak etməlidir".
Ekspert qeyd edib ki, bu gün keçirilməli olan Azərbaycan Dövlət Pedaqoji Universitetin Təsviri sənət müəllimliyi üzrə qabiliyyət imtahanı abituriyentlərə xəbərdarlıq edilmədən təxirə salınıb. Buna səbəb kimi, qabiliyyət imtahanı verəcək şəxslərin sayının çoxluğu əsas gətirilib. Uzaq bölgələrdən böyük vəsait ödəyib Bakıya gələnlər kor peşman geri qayıdıblar. Bu, onu göstərir ki, qabiliyyət imtahanlarının təşkilatçıları vəzifələrinin öhdəsindən gələ bilmirlər. Onlar qabiliyyət imtahanı verəcək şəxslərə bununla bağlı məlumat verməli idilər".
Kamran Əsədov hesab edir ki, bu kimi hallar qabiliyyət tələb edən ixtisaslar üzrə imtahanlara aidiyyəti qurumların qeyri-ciddi yanaşmasından xəbər verir.