“İraqda baş verənlər gələcəkdə neqativ misallarla dilə gətirilə bilər” Hadisə

“İraqda baş verənlər gələcəkdə neqativ misallarla dilə gətirilə bilər”

"Azərbaycan təhlükəsizlik baxımından dünyaya ibrət verəcək bir təcrübəyə malik olsa da, ölkəmiz sabit olmayan bir regionda yerləşir. Şübhəsiz ki, regionda baş verənlər Azərbaycanın sabitliyinə təsir etməyəcək. Sadəcə olaraq ölkəmizin xarici siyasəti baş verənlərdən müəyyən fikir yenilənməsi əldə edəcək". Bunu beynəlxalq ekspert Tamerlan Vahabov deyib. Ekspert bildirib ki, İraqın suveren dövlət olaraq ondan hər hansı bir ərazisinin ayrılması müsbət hal deyil: "Çünki, İraqda baş verənlər gələcəkdə Kosova və digər münaqişələr kimi neqativ misallarla dilə gətirilə bilər. Ona görə də bunun dünyada sabitliyin, dövlətlərin ərazi bütövlüyü üçün müsbət tərəfi yoxdur. Biz Ukrayna, Gürcüstan və Azərbaycanın qanunsuz referendumdan əziyyət çəkən ölkələr olduğunu nəzərə almalıyıq. Bu baxımdan həmin siyahıya daha bir ölkənin əlavə olunması, təbii ki, vəziyyəti yaxşılaşdırmır".
Türkiyənin bu məsələdə atacağı addıma gəlincə, T.Vahabov hesab edir ki, qardaş ölkə İraqda vəziyyətin inkişafından asılı olaraq hərəkət edəcək, dövlətin və sərhədlərinin təhlükəsizliyini qoruyacaq: "Əgər İraqda baş verənlər qardaş ölkənin sərhədləri, dövləti üçün birbaşa təhlükəsizlik təhdidləri yaradarsa, o zaman Türkiyənin ixtiyarı var ki, təhlükəsizlik tədbirlərini görsün. Yəni hər bir dövlətin özünü müdafiə etmək, eləcə də daxili, siyasi, ictimai və sosial sabitliyini qorumaq üçün hər hansı bir addım atmaq hüququ var".
Məsələ ilə bağlı beynəlxalq təşkilatarın bəyanatlar verdiyini deyən ekspert məsələlərin bundan kənara çıxmadığına təəssüfləndiyini deyib: "Artıq uzun müddətdir ki, İraqda baş verənlərlə bağlı beynəlxalq təşkilatlar tərəfindən müxtəlif bəyanatlar verilsə də, hələ ki əməldə icra olunmur. Statistika baxımından indiyədək bəyənatların icra olunması ilə bağlı böyük təcrübəni görməsək də, ümid edirik bu dəfə vəziyyət başqa cür olacaq".