13:22
588
“Rusiya-Ukrayna savaşı başlanandan sonrakı dönəmdə ilk periodda Türkiyə Rusiya və Ukrayna arasında vasitəçilik etdi. Hətta İstanbulda görüş keçirilərək müəyyən anlaşma əldə olunmuşdu. Bunun ardınca taxıl anlaşması öz həllini tapdı. Sonrakı dövrdə bu proseslər donduruldu və savaş davam etdi. Keçən ildən bəri ABŞ bu prosesə aktiv şəkildə vasitəçi qismində qoşuldu, dəfələrlə Tramp və Putin arasında telefon danışıqları gerçəkləşdi. Bundan başqa, tərəflər keçən ilin avqustunda Alyaskada bir araya gəldilər və ABŞ Rusiya nümayəndələri, o cümlədən Ukrayna nümayəndələrinin dəfələrlə görüşləri keçirildi. Ancaq çox ciddi nəticələr əldə olunmayıb”.
Bu sözləri xalqcebhesi.az-a açıqlamasında politoloq Oqtay Qasımov deyib.
Politoloq qeyd edib ki, son dövrlər Rusiya tərəfindən belə bir iddia ortaya atıldı ki, Avropadan Rusiya ilə münasibəti normal olan bəzi şəxslər vasitəçilik edə bilərlər: “Konkret olaraq Almaniyanın keçmiş kansleri Gerhard Şröderin və Angela Merkelin adları keçirdi. Avropa İttifaqının nümayəndələri Şröderin vasitəçilik etməsini qəti şəkildə rədd etdilər. Çünki Şröderin Rusiya ilə ciddi əlaqələri və müəyyən korrupsiya əlaqələrinin də olduğu bəllidir. Şröder hakimiyyətdən gedəndən sonra Rusiyanın enerji sektorunda Qazpromda, Rosneftdə və digərlərində vəzifələrdə çalışıb və buradan ona kiyafət qədər ciddi məbləğlərdə vəsaitlər ödəniş edilib. Bu baxımdan Şröderin şansı demək olar ki, sıfır idi”.
O.Qasımov söyləyib ki, Merkelə gəldikdə isə bu, onunla əlaqələndirildi ki, Merkel və Putinin də müəyyən konstruktiv münasibətləri olub və bundan istifadə edərək prosesi irəli apara bilər: “Amma Merkelin özü də bu məsələdə maraqlı olmadığını göstərdi və bundan imtina etdi. Düşünmürəm ki, Merkel, yaxud hansısa bir başqa vasitəçi bu prosesin həllinə yardım edə bilər. Yəni bu, şəxslərlə bağlı deyil, danışıqlar prosesini və savaşın durdurulmasını döyüş meydanındakı şərtlər, o cümlədən böyük güclər diktə edə bilər. Hesab edirəm ki, bu prosesdə ABŞ və Çin maraqlı olarsa, (xüsusilə də Çin, hansı ki, Çinin Rusiyaya ciddi təzyiq imkanları var) o zaman prosesi irəliyə aparmaq mümkün ola bilər. Merkel variantı da artıq gündəmdən çıxmış vəziyyətdədir”.
Röya İsrafilova