Xidmət: Füzuli şəhərində mənzili su basması sakinin müdaxiləsinə görə baş verib Hadisə

Xidmət: Füzuli şəhərində mənzili su basması sakinin müdaxiləsinə görə baş verib

Füzuli şəhəri bina 5, mənzil 112-də baş vermiş subasma hadisəsi ilə bağlı daxil olan müraciət əsasında aparılan araşdırma göstərib ki, subasma mənzil 112-dən deyil, üst mərtəbədə yerləşən mənzil 115-də radiatora sakin tərəfindən edilən kənar müdaxilə nəticəsində baş verib.

Bu barədə APA-nın sorğusuna cavabda Ağdam, Füzuli və Xocavənd rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətindən bildirilib.

Qeyd edilib ki, mühəndis-kommunikasiya sisteminə edilən bu özbaşına dəyişiklik barədə Ağdam, Füzuli və Xocavənd rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinə məlumat verilməyib. Test zamanı sistemə su verildikdə zədələnmiş radiatorun açılması nəticəsində su həmin mənzillə yanaşı, aşağıdakı mənzilə də axıb. Hadisədən dərhal sonra zərərçəkmiş və məsuliyyət daşıyan sakin Xidmət tərəfindən qəbul edilib və məsələnin mahiyyəti onlara izah olunub. Zərərin müvafiq olaraq onu törədən şəxs tərəfindən qarşılanmalı olduğu bildirilib.

Son günlər sosial mediada hadisə ilə bağlı yayılan bəzi paylaşımlar reallığı əks etdirmir. Subasma hadisəsi tikinti işlərinin keyfiyyəti ilə bağlı deyil, mənzildə edilən icazəsiz müdaxilə səbəbindən yaranıb. Ağdam, Füzuli və Xocavənd rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidməti sakinləri dövlət tərəfindən istifadəyə verilmiş yaşayış fonduna özbaşına müdaxilə etməməyə, mühəndis sistemləri ilə bağlı yaranan problemlər barədə Xidmətə müraciət etməyə çağırır.