Hesablama Palatasının rəyi nəzərə alınacaq Hadisə

Hesablama Palatasının rəyi nəzərə alınacaq

Dövlət Neft Fondunun büdcəsi Azərbaycan Respublikasının dövlət büdcəsi ilə əlaqələndirilməklə tərtib edildikdən sonra qurumun icraçı direktoru NF büdcəsinin layihəsini rəy verilmək üçün hər il sentyabr ayının 5-dən gec olmayaraq NF vəsaitinin istifadə edilməsinin əsas istiqamətləri proqramı, NF investisiya siyasəti və NF-nin idarə edilməsi ilə bağlı illik xərclər smetası ilə birlikdə Neft Fondunun Müşahidə Şurası ilə bərabər Hesablama Palatasına da təqdim edəcək.
Bu, Azərbaycan prezidenti İlham Əliyevin imzaladığı "Azərbaycan Respublikası Dövlət Neft Fondunun illik gəlir və xərclər proqramının (büdcəsinin) tərtibi və icrası Qaydaları"nda dəyişikliklər edilməsi haqqında" fərmanda əksini tapıb.
Müşahidə Şurası artıq Hesablama Palatasının rəyini nəzərə almaqla, Neft Fondunun büdcə layihəsinə dair rəy verəcək. Eyni zamanda Müşahidə Şurası Hesablama Palatasının rəyini nəzərə almaqla, Neft Fondunun büdcəsinin icrası ilə bağlı illik hesabata rəy verəcək.
Qeyd edək ki, "Büdcə sistemi haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə" Azərbaycan Respublikasının 2016-cı il 16 dekabr tarixli qanununun tətbiqi ilə əlaqədar "Azərbaycan Respublikası Dövlət Neft Fondunun illik gəlir və xərclər proqramının (büdcəsinin) tərtibi və icrası Qaydaları"nda müvafiq dəyişikliklər edilib. Qanuna dəyişikliklər Hesablama Palatasına dövlət büdcəsinin layihəsinə və büdcənin icrasına dair səlahiyyətlərinin artırılması ilə bağlı olub.