Qaradağda şəhid ailələrinə yeni mənzil verildi Hadisə

Qaradağda şəhid ailələrinə yeni mənzil verildi

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Qarabağ müharibəsi əlilləri və şəhid ailələrinin mənzil-məişət şəraitlərinin yaxşılaşdırılması sahəsində ölkəmizin bütün bölgələrində məqsədyönlü tədbirlər həyata keçirir. Nazirliyin ictimaiyyətlə əlaqələr şöbəsindən bildiriblər ki, həmin tədbirlərin davamı olaraq, paytaxtın Qaradağ rayonunun Lökbatan qəsəbəsində yeni inşa olunmuş yaşayış binalarından alınaraq təmir etdirilmiş 33 mənzili Qarabağ müharibəsi və şəhid ailələrinə təqdim edilib.
Əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini İlqar Rəhimov nazirlik tərəfindən Qarabağ müharibəsi əlilləri və şəhid ailələrinin yeni mənzillərlə təminatı proqramına uyğun olaraq ölkəmizin şəhər və rayonlarında fərdi yaşayış evlərinin inşa etdirilərək və hazır yaşayış binalarından mənzillər alınaraq həmin təbəqədən olanların istifadəsinə verildiyini bildirib. Qeyd edilib ki, son illərdə bu sahədə işlər daha da sürətlənib və hər il orta hesabla 335 nəfər Qarabağ müharibəsi əlili və şəhid ailəsinin mənzillə təminatı həyata keçirilir. İndiyə qədər artıq 6100 mənzil həmin kateqoriyadan olanların istifadəsinə verilib. Növbəti ildə də bu sahədə məqsədyönlü işlər davam etdiriləcək.
Bildirilib ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən Qarabağ müharibəsi əlilləri və şəhid ailələrinin Azərbaycan Prezidentinin aylıq təqaüdləri, əmək pensiyası və ya sosial müavinətlə də təminatı həyata keçirilir. Dövlət başçısının müvafiq Sərəncamına əsasən, Qarabağ müharibəsi əlilləri və şəhid ailələrinin respublikamızın ali təhsil müəssisələrində bakalavriat və magistratura (tibb təhsilində əsas və rezidentura) təhsil səviyyələrində və orta ixtisas təhsili müəssisələrində ödənişli əsaslarla təhsil alan uşaqlarının təhsil müddəti ərzində təhsil haqqı da dövlət büdcəsinin vəsaiti hesabına ödənilir.
Eyni zamanda, Qarabağ müharibəsi əlillərinin tibbi-sosial reabilitasiyası sahəsində də mühüm işlər aparılır. Bu ilin 11 ayında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin bərpa mərkəzlərində əlavə olaraq 34, 7 minə yaxın əlilə reabilitasiya xidmətləri göstərilib ki, onlardan bir hissəsi də Qarabağ müharibəsi əlilləri olub. Bütün bunlar, eləcə də qanunvericilik aktlarında Qarabağ müharibəsi əlilləri və şəhid ailəsi üzvləri üçün nəzərdə tutulan bir sıra imtiyaz və güzəştlər onlara göstərilən dövlət qayğısının ifadəsidir. Yeni mənzillə təmin olunan Qarabağ müharibəsi əlilləri və şəhid ailələri maddi təminatlarının artırılmasına, Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı ərəfəsində onlara yeni mənzillərin təqdim olunmasına görə ölkə rəhbərliyinə dərin minnətdarlıqlarını bildiriblər.