
Türkiyənin Suriyada hərbi baza yaratmaq niyyəti və İsrailin buna qarşı çıxması məsələyə yalnız iki ölkə arasındakı münasibətlər deyildir. Burada əsas məsələ Suriyanın gələcək təhlükəsizliyi və bütövlükdə Yaxın Şərqdə güc balansının kimin xeyrinə dəyişəcəyidir.
Bunu xalqcebhesi.az-a politoloq Vasif Əfəndi deyib.
"YPG-nin ayrıca silahlı struktur kimi zəifləməsi və Suriya dövlətinin təhlükəsizlik sisteminə inteqrasiyası Türkiyənin cənub sərhədləri baxımından mühüm strateji üstünlük yaradır. ABŞ qüvvələrinin Suriyadakı mövcudluğunu azaltması və Rusiyanın əvvəlki hərbi mövqelərini itirməsi isə bölgədə yeni geosiyasi boşluq formalaşdırır. Bu boşluğun əsas regional güclərdən biri olan Türkiyə tərəfindən doldurulması Ankara ilə Dəməşq arasında hərbi-siyasi əməkdaşlığın daha da dərinləşməsinə şərait yarada bilər" - o, qeyd edib.
Əfəndinin sözlərinə görə, İsrailin narahatlığının əsas səbəblərindən biri də İranın Suriyadakı təsirinin zəifləməsindən sonra meydana çıxan boşluğun Türkiyənin təsir dairəsinə keçməsi ehtimalıdır. İsrail üçün İran təhlükəsinin azalması müsbət olsa da, onun yerində güclü, hərbi baxımdan inkişaf etmiş və regional ambisiyaları olan Türkiyənin dayanması tamam başqa strateji mənzərə yaradır: "Türkiyənin güclü donanması Ankaranın təsir imkanlarını yalnız Suriya və Yaxın Şərqlə məhdudlaşdırmır, Şərqi Aralıq dənizinə qədər genişləndirir. Şərqi Aralıq dənizində böyük neft-qaz ehtiyatlarının mövcudluğu isə bu rəqabətə enerji amilini də əlavə edir. Bölgədə kəşf edilmiş böyük qaz yataqları İsrail, Türkiyə, Kipr, Yunanıstan və digər regional dövlətlərin maraqlarını bir-biri ilə daha sıx bağlayır.
Türkiyənin Aralıq dənizində dəniz qüvvələrini gücləndirməsi və hərbi-dəniz imkanlarını genişləndirməsi İsrailin uzunmüddətli təhlükəsizlik hesablamalarına təsir edən amillərdəndir. Eyni zamanda Türkiyə Hərbi Hava Qüvvələrinin modernləşdirilməsi, milli müdafiə sənayesinin sürətli inkişafı, pilotsuz uçuş aparatları, raket texnologiyaları və yeni nəsil hərbi silahlar Ankaranın hərbi imkanlarını əvvəlki dövrlə müqayisədə əhəmiyyətli dərəcədə artırır.
Quru qoşunları, donanma, hava qüvvələri və müdafiə sənayesinin paralel inkişafı Türkiyəni regionun ən böyük hərbi güclərindən birinə çevirir.
Bu prosesə Türkiyə–Səudiyyə Ərəbistanı–Pakistan arasında inkişaf edən təhlükəsizlik əməkdaşlığını da əlavə etmək lazımdır. Hələ bunu tam formalaşmış hərbi ittifaq adlandırmaq tez olsa da, bu üç ölkənin strateji yaxınlaşması gələcəkdə Yaxın Şərqin təhlükəsizlik sisteminə ciddi təsir göstərəyi şübhəsizdir. Türkiyənin NATO üzvü olması, eyni zamanda müsəlman dövlətləri ilə müstəqil təhlükəsizlik əlaqələrini genişləndirməsi Ankaraya çoxistiqamətli regional siyasət aparmaq imkanı verir.
Beləliklə, İsrailin Türkiyənin Suriyada hərbi baza yaratmasına etirazının arxasında yalnız konkret bir hərbi obyekt məsələsi dayanmır. Əsas narahatlıq Suriyadan Şərqi Aralıq dənizinə qədər uzanan yeni türk dominanatlığıdır.YPG məsələsinin Türkiyənin maraqlarına uyğun şəkildə həll edilməsi, ABŞ və Rusiya qüvvələrinin Suriyadakı mövqelərinin zəifləməsi, Dəməşqin Ankara ilə yaxınlaşması, Türkiyənin güclü donanma və sürətlə inkişaf edən hava qüvvələri, eləcə də Səudiyyə Ərəbistanı və Pakistanla təhlükəsizlik əməkdaşlığı bu prosesi daha əhəmiyyətli edir. Bu mənzərədə Türkiyənin məqsədini “bütün regiona nəzarət” kimi təqdim etməkdən daha çox, Ankaranın öz təhlükəsizlik və siyasi maraqlarını qoruyan müstəqil regional nizam yaratmağa çalışması kimi qiymətləndirmək daha doğrudur. İsrail isə belə bir nizamın özünün Yaxın Şərqdəki hərbi və siyasi üstünlüyünü məhdudlaşdıra biləcəyindən ehtiyat edir.
Nəticədə Türkiyə ilə İsrail arasındakı rəqabət tədricən yalnız Suriya məsələsindən çıxaraq enerji, dəniz yolları, hava üstünlüyü, müdafiə sənayesi və Yaxın Şərqin gələcək siyasi arxitekturası uğrunda daha geniş geosiyasi rəqabətə çevrilir".
Cavid