
1991-ci ildə Sabirabad rayonunun Ətcələr kəndində dünyaya göz açan Rahil Canəhməd oğlu Əkbərov Vətənini canında çox sevdiyi üçün 44 günlük haqq savaşımızda məqamında sinəsini ona sipər etməyi bacarıb. Müharibə başlandığı gündən Rahil odun-alovun içinə girib və Vətən sevgisi onu qələbəyə aparan mənəvi qüvvəyə çevrilib. Bütün şəxsi arzularının əsasında 30 il yağının əsarətinə düşən müqəddəs yurd yerimiz-Qarabağın azadlığı olub. Ulu torpağın bağrına zəfər bayrağını sancmaq üçün son nəfəsinə qədər yağıya qan qusdurub. Ölüm-dirim savaşlarda döyüşə-döyüşə Şuşaya qədər gedib çıxıb. Qələbə günümüzə hamıdan çox sevinən məhz Rahil olub.
Şanlı zəfərdən sonra Azərbaycanın qəhrəman oğlu noyabr ayının 25-nə qədər Cəbrayılda olub. 26 noyabr gecə saatlarında ərazini yoxlamaq məqsədilə tapşırıq alan Rahil beş nəfərlə bir evə girib. Həmişə ehtiyatla hərəkət edən hərbi qulluqçumuz qəfil açılan yağı gülləsindən özünü qoruya bilməyib. Belə ki, evin zirzəmisində gizlənən düşmən əsgərlərinin açdığı atəşə tuş gəlib.
Müharibənin sonuna qədər sağ-salamat gəlib çıxan qəhrəman Vətən sevdalısı digər iki yoldaşı ilə birgə adlarını Azərbaycanın şəhidlik salnaməsinə yazıblar. Beləcə qazanılan qələbəmizin qəhrəmanlıq simvoluna dönməklə o, əbədi milyonların ürəyinə köçüb. Həm də dövlət tərəfindən layiq görüldüyü “Vətən uğrunda”, Cəbrayılın, Qubadlının azadlığına görə medallara gələcək nəsillər onun keçdiyi döyüş yolunun, Vətən uğrunda göstərdiyi mərdliyin, fədakarlığın və azadlıq mübarizəsində iştirakının rəmzi kimi baxacaqlar.
Ürəyi Vətənə sevdalı böyüyən Rahil Əkbərov 2009-cu ildə Ətcələr kənd orta məktəbi yaxşı qiymətlərlə başa vurub. Doğma Azərbaycanının keşiyində durmaq, yağıdan qisas almaq istəyi onu ordu sıralarına aparıb. Cəbhə bölgəsində Vətəninə xidmət etməyi özünə böyük şərəf sayan əsgər ilk gündən bütün tapşırıqları layiqincə yerinə yetirib. Mərdliyi, cəsurluğu, igidliyi əsgər yoldaşlarına nümunə olub. Erməni işğalçıların tapdağında olan Qarabağımızın taleyini düşünməklə bütün təlimlərə ürəklə qatılıb, hərbin sirlərinə həvəslə yiyələnib. Ən əsası Vətənin qeyrətini hər şeydən üstün tutaraq erməni işğalçılarından qisas almaqdan ötrü hər an canından belə keçməyə hazır olub.
Rahil Vətən qarşısında oğulluq borcunu verib 2011-ci ildə geriyə dönüb. Amma canına yağı dadanmış yurdu üçün narahat olub, əli heç bir işə yatmayıb. Odur ki, yenidən hərbi hissəyə qayıtmaq, yağıdan alacağı öcə görə döyüşçü olmaq istəyib. 2017-ci ildə ordu sıralarında üç il xidmət edərək kiçik çavuş rütbəsi alıb, döyüş bölgəsinə yollanıb.
2020-ci il sentyabrın 27-də İkinci Qarabağ müharibəsi başlayanda xalqımızın 30 ilə yaxın qəlbində yaşatdığı Qarabağ həsrəti böyük bir mübarizəyə çevrilib.
Qeyrətli oğulların cərgəsində Rahil də manqa komandiri kimi Vətənin haqq davasına qoşulub. Yağıya birinci sarsıdıcı zərbəni Füzulidə vurub. Daha sonra Cəbrayıl döyüşlərində misilsiz şücaət göstərib. Ağır sınaqlardan keçə-keçə Şuşaya doğru üz tutub. Qarşıda təhlükəli yollar, sərt döyüşlər, mərmi səsləri, tüstüyə bürünən səngərlər və hər an ölüm təhlükəsi ürəyindən Vətən sevgisini çıxarda bilməyib. Kiçik çavuş snayper atəşi ilə erməni dığalarını qıra-qıra müharibənin sonuna qədər savaşdan qalmayıb. Ağır döyüş tapşırıqlarını yerinə yetirməklə bərabər, həm də yaralıların müharibə meydanından təxliyəsində xüsusi cəsarət göstərib.
Zəfərimizdən 17 gün sonra, yəni noyabrın 25-də düşmən güləsi onun ömrünü yarımçıq qoyub. Qaldı ki, uğrunda mübarizə apardığı amal Rahilə xalqımızın yaddaşında əbədi yaşamaq haqqı qazandırıb.
Zəfər Orucoğlu