Asim bütün sevgisini Vətənə vermişdi Hadisə

Asim bütün sevgisini Vətənə vermişdi

Sabirabad rayonunun Əsədli kəndindən olan şəhid Asim Əliyev həyatı dərk edən gündən Vətəninə ürəkdən bağlanıb. Odur ki, canına yağı dadanmış yurdunun taleyi onu çox narahat edib. Orta təhsilini yüksək qiymətlərlə başa vursa da, ordu sıralarında xidmət etməyi hər şeydən üstün tutub. Vətən qarşısında övladlıq borcunu yerinə yetirmək üçün 2016-ci ildə Daxili Qoşunların Bakıdakı “N” saylı hərbi hissəsində qulluğa başlayıb. Qeyrət-namus rəmzi bildiyi Vətənin müqəddəsliyinə tapınan əsgər sözün həqiqi mənasında, qısa zaman kəsiyində cəsurluğu, igidliyi, mərdliyi sayəsində zabitlərin, əsgərlərin sevimlisinə çevrilib. Həmçinin erməni qəsbkarlardan qisas almaq məqsədilə döyüş təcrübəsi qazanmaqdan ötrü təlimlərə ürəklə qatılıb, bütün sınaqlardan uğurla keçib, heyrət doğuran məqamlarla yadda qalıb. Xidmət zamanı Qarabağımızın azadlığı uğrunda döyüş əməliyyatlarına qoşulması üçün özünü hazır bilib.
Beləcə Vətəninə, dövlətinə ləyaqətlə xidmət edən Asim Əliyev ordudan tərxis olunub. Amma düşməndən alacağı öcə görə Vətən, torpaq sevgisi onu döyüş meydanına səsləyib. Elə buna görə də 2018-ci ildə müddətdən artıq hərbi qulluqçu kimi xidmətə qayıdıb. Ali Hərbi Məktəbdə 2 aylıq kurs keçdikdən sonra cəbhə bölgəsinə yollanıb, işğalçılarla üzbəüz olan barıt qoxulu səngərlərdə doğma Azərbaycana keşik çəkib. İşğalçılar atəşkəs rejimini pozmağa can atanda ilk olaraq Asim qabağa düşüb, düşmənə yaxşı da dərs verib. Peşəkar hərbiçiyə xas keyfiyyətlərinə görə dəfələrlə təşəkkürnamə də alıb.
Həm də Asim öz şəxsi nümunəsi ilə gənc əsgərlərdə doğma yurduna, torpağına məhəbbət, yağıya nifrət hisslərini oyada bilib. Həmişə də deyib ki, düşmən tapdağında qalan Qarabağ bizim əzəli yurd yerimizdir. Onu azad etmək bir övlad kimi bizim şərəfli borcumuzdur. Bu yolda ölüm olsa belə. Fəqət, torpaq mərd oğulların çiynində Vətən olur.
2020-ci ilin sentyabrın 27-də İkinci Qarabağ müharibəsi başlayanda Asim Əliyev Vətən torpağının hər qarşının azadlığı uğrunda qorxmadan, çəkinmədən və zəfər ovqatı ilə ölüm-dirim savaşına girib. Kifayət qədər döyüş təcrübəsinə malik Asim ön sıralarda vuruşa-vuruşa düşmənə sarsıdıcı zərbələr endirib. Nəticədə dığalar güclü hücumlar qarşısında tab gətirməyib, ciddi itkilər verə-verə qaçmağa üz qoyublar.
Asim Füzuli döyüşlərində əsl qəhrəmanlıq nümunəsini göstərib. Neçə-neçə erməni faşistini məhv edib, dəfələrlə ölümlə üzləşib, amma Vətən sevgisi hər şeyə qalib gəlib. Təəssüf ki, oktyabrın 14-də güllə onun ürəyinə dəyib. Ömrünün 22-ci ildə ağır müharibə meydanında düşmən hücumlarının qarşısını alarkən şəhidlik zirvəsinə ucalıb, doğulduğu Sabirabad rayonunda torpağa tapşırılıb. Və əbədi könüllərə köç edən Asim Əliyev həm də ölkəmizin ərazi bütövlüyü, suverenliyi uğrunda gedən əməliyyatlar zamanı hərbi hissə qarşısında qoyulmuş döyüş tapşırıqlarını yerinə yetirərkən göstərdiyi qəhrəmanlığa görə ölümündən sonra “Vətən uğrunda”, “Cəsur döyüşçü” və digər medallara layiq görülüb.
Bəli, Asim Əliyev Vətən torpaqlarının azadlığı uğrunda şüurlu surətdə canını fəda edib. Bu müqəddəs yolu seçənlər isə heç zaman ölmürlər.

Zəfər Orucoğlu