Ruslan Quliyevin ÜSTT prezidenti seçilməsi münasibəti ilə mətbuat konfransı keçirilib Hadisə

Ruslan Quliyevin ÜSTT prezidenti seçilməsi münasibəti ilə mətbuat konfransı keçirilib

Azərbaycan Sağlamlıq və Termal Turizmə Dəstək Assosiasiyanın sədri Ruslan Quliyevin Dünya Sağlamlıq Turizmi Təşkilatının (DSTT) prezidenti seçilməsi münasibətilə aprelin 20-də Beynəlxalq Mətbuat Mərkəzində mətbuat konfransı keçirilib.
Tədbirdə Ruslan Quliyev rəhbərlik etdiyi təşkilatın fəaliyyət istiqamətlərindən danışıb. Qeyd edib ki, təşkilat yarandığı gündən ölkədə həyata keçirilən turizm siyasətini dəstəkləyir və Azərbaycanda sağlamlıq turizminin daha da inkişaf etdirilməsinə töhfə vermək üçün müəyyən fəaliyyət prinsiplərinə malikdir. "Azərbaycan 2013-cü ildən Dünya Sağlamlıq Turizmi Təşkilatında (Global Helathcare Travel Council – GHTC) təmsil olunur. 2014-cü ildən isə təşkilatın idarə heyətində fəaliyyət göstərir. Məqsədimiz GHTC-nin geniş imkanlarından istifadə edərək, ölkəmizə turist axınına səbəb olacaq fəaliyyətləri gücləndirmək, ekspert xidmətləri və investisiya imkanlarını dəyərləndirməkdən ibarətdir", - deyə Ruslan Quliyev bildirib.
Məlumat verilib ki, Dünya Sağlamlıq Turizmi Təşkilatı Türkiyənin təşəbbüsü ilə 2013-cü ildə Monakoda "İnternational Medical Travel Exhibition and Conference" sərgisi zamanı 14 ölkədən 21 nümayəndənin iştirakı ilə yaradılıb.
Diqqətə çatdırılıb ki, Antalyada keçirilən "Hestourex -2018" (Səhiyyə, idman və alternativ turizm) sərgisi çərçivəsində Dünya Sağlamlıq Turizmi Təşkilatının idarə heyətinə və rəhbərliyinə növbəti seçkilər keçirilib. Seçkidə 22 ölkədən 48 nümayəndə iştirak edib. Səsvermə ilə təşkilatın altı vitse-prezidenti və prezidenti elan olunub. Təşkilata rəhbərlik Birləşmiş Ərəb Əmirliklərindən Azərbaycana keçib. Eyni zamanda, Sağlamlıq və Termal Turizmə Dəstək Assosiasiyanın idarə heyətinin üzvi Ceyhun Aşurov DSTT-nin baş katibinin müavini seçilib.
Ruslan Quliyev Azərbaycan sağlamlıq turizminin imkanları və perspektivləri barədə məlumat verib, təşkilatın platformasını açıqlayıb. O deyib: Bu seçim Azərbaycanda sağlamlıq turizminin inkişafına yeni töhfə verəcək və ölkə turizminin bu istiqamət üzrə tanıdılmasına geniş imkanlar yaradacaq: "Bu təşkilatda fəal üzvlüyümüz Azərbaycan Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə reallaşıb. Ötən beş ildə ölkəmizin turizm potensialının tanınmasına böyük əmək sərf olunub. Biz çalışacağıq ki, rəhbərliyimiz dövründə də bu istiqamətdə işlərimizi davam etdirək. Azərbaycanın Dünya Sağlamlıq Turizmi Təşkilatına səsvermə yolu ilə rəhbər seçilməsi bir daha ölkəmizin dünyada artan nüfuzundan xəbər verir. Toplantının nəticələrinə görə, 2019-cu ildə Beynəlxalq Sağlamlıq Turizm Forumu Azərbaycanda keçiriləcək. Foruma 100-dən çox ölkədən nümayəndələr gələcək, iştirakçılar üçün bölgələrə turlar təşkil olunacaq. Bu da ölkəmizdə turizmin daha da genişlənməsinə təkan verəcək".
Ruslan Quliyev deyib ki, artıq Azərbaycan xarici turistlər üçün ucuzlaşmış turizm ölkəsi sayılır.
O qeyd edib ki, 10 il əvvəl bu sahədə vəziyyət o qədər də yaxşı olmayıb: "Biz bu problemləri mərhələli şəkildə həll edirik. Bölgələrdə 1-2 mehmanxananın ətrafında rəqib olmadıqca və parallel işləyən turizm şirktlətlərinin olmaması qiymətlərin 1 qütblü inkişafına gətirib çıxarır. Devalivasiyadan sonra xarici turistlərin sayı 35 faiz azalıb. Bu gün turizm bazarında rəqabət o qədər güclüdür ki, bu qiymətləri hissə-hissə aşağı salır. Ancaq amansız rəqabət aparılmamalıdır".
Ruslan Quliyev bildirib ki, bayramlar ərəfəsində bölglərdə və Bakıda yer tapmaq müşkül məsələyə çevirilir: "Artıq Azərbaycan vətəndaşları da erkən rezrvasiyalarda iştirak etməyə başlayıblar. İstər xarici, istər yeri turistlər erkən rezervasya ilə büdcələrinə və istəklərinə uyğun bir qiymət əldə edə bilərlər".
Tədbirdə Türkiyənin Sağlamlıq Turizm Assosiasiyasının Bakıdakı şəbəkə ofisi - "Gilan Turizm" şirkətinin təmsilçisi Fərid Məcidov da iştirak edib.
Qeyd edək ki, 60 ölkənin, o cümlədən, Rusiya, Böyük Britaniya, Almaniya, Türkiyə, Hindistan kimi ölkələrin təmsil olunduğu beynəlxalq quruma Azərbaycan 2014-cü ildən üzvdür.