Ərşad İbrahimov barəsində Hədə-qorxu ilə pul tələb etmə maddəsi ilə cinayət işi açılıb
"Azadlıq" qəzetinin əməkdaşı barəsində həbs-qətimkan tədbiri seçilib.
Hüquq mühafizə orqanlarından APA-ya verilən məlumata görə, Kəlbəcər rayon Təhsil Şöbəsinin sabiq müdiri Məhəmməd Bağırovun şikayəti əsasında "Azadlıq" qəzetinin əməkdaşı Ərşad İbrahimov barəsində Gəncə Şəhər Baş Polis İdarəsində Cinayət Məcəlləsinin 182 (Hədə-qorxu ilə pul tələb etmə) maddəsi ilə cinayət işi açılıb. Cinayət işinin istintaqı yekunlaşaraq Gəncə Şəhər Ağır Cinayətlə Məhkəməsinə göndərilib. Bu gün keçirilən prosesdə Ə. İbrahimov barəsində həbs-qətimkan tədbiri seçilib.
Qeyd edək ki, Kəlbəcər rayon sakini Fərqanə Əhliman qızı Ələkbərova "Youtube"də yayılan videosunda Məhəmməd Bağırovun ona cinsi əlaqə təklif etdiyini və bunun müqabilində ona saxta diplom, Bakı şəhərində ev, maşın alacağını bildirib.
Xatırladaq ki, Məhəmməd Bağırov bununla bağlı APA-ya açıqlamasında bütün bunların ona qarşı edilən təxribat olduğunu bildirmişdi. Onun sözlərinə görə, kimsə bu işləri görməklə ona zərər vurub işdən çıxartdırmaq istəyib: "Kimsə Məhəmmədə tələ qurub onu işdən çıxarmaq istəyir, ona görə də videonu çəkən və yayan Ərşadın əli ilə bu işi görür. Mən hacı, seyid adamam. Əgər bu gün həmin qıza əlavə söz demişəmsə, namusum, qeyrətim ən pis ləkələnmiş ermənilər kimi olsun. Onların hamısı dünənki uşaqlardır. Onlara mən ancaq köməklik edə bilərəm. Amma belə işlər mənlik deyil".
Onu da xatırladaq ki, Məhəmməd Bağırov Cinayət Məcəlləsinin 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddəsi ilə təqsirləndirilən şəxs qismində cinayət məsuliyyətinə cəlb olunub.
Baş Prokurorluğun bununla bağlı yaydığı məlumatda bildirilib ki, Azərbaycan Müəllimlər İnstitutunun Gəncə filialının və Kəlbəcər rayon Təhsil şöbəsinin vəzifəli şəxslərinin qanunsuz hərəkətləri barədə Təhsil Nazirliyindən daxil olmuş material üzrə Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində cinayət işi başlanıb.
Aparılmış istintaqla Kəlbəcər rayon təhsil şöbəsinin müdiri Məhəmməd Bağırovun qulluq səlahiyyətlərindən qulluq mənafeyinə qəsdən zidd olaraq müxtəlif dövrlərdə 30-dan artıq şəxsi saxta diplomlar əsasında şöbənin tabeliyində olan ayrı-ayrı ümumtəhsil məktəblərinə işə qəbul etməsində şübhələr üçün əsaslar olduğundan o, Cinayət Məcəlləsinin 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb olunub.
Cinayət işi üzrə rayon təhsil şöbəsinin vəzifəli şəxsləri tərəfindən törədilməsi ehtimal olunan digər cinayətlərin aşkar edilməsi istiqamətində zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir.