Türk yazar və şairlər ön cəbhədə Hadisə

Türk yazar və şairlər ön cəbhədə

Türkiyədən və İraqdan gələn heyət üzvlərinə Azərbaycan əsgərinin hərbi forması hədiyyə olunub

Azərbaycanda səfərlə olan Türkiyədən və İraqdan tanınmış yazıçılar, şairlər, jurnalistlər, sənətçilər və aydınlardan ibarət 20 nəfərlik nümayəndə heyəti aydınları, sənətçi və media mənsublarından ibarət nümayəndə heyəti Tovuz rayonunda ön cəbhədə "N" saylı hərbi hissədə olub.
Səfər millət vəkili Qənirə Paşayevanın rəhbərlik etdiyi "Avrasiya Beynəlxalq Araşdırmalar İnstitutu" İB-nin təşkilatçılığı, "Aşıq Şəmşir Ocağı" İB-nin və Beynəlxalq Avrasiya Mətbuat Fondunun dəstəyi ilə təşkil edilib.
Tədbirdə "Avrasiya Beynəlxalq Araşdırmalar İnstitutu" İctimai Birliyinin rəhbəri, millət vəkili Qənirə Paşayeva, Tovuz rayon İcra Hakimiyyətinin başçısı Tofiq Zeynalov, Türkiyədən və İraqdan gəlmiş aydınlar, sənətçilər və media mənsubları iştirak ediblər.
Tədbirdə çıxış edən millət vəkili, "Avrasiya Beynəlxalq Araşdırmalar İnstitutu" İctimai Birliyinin rəhbəri Qənirə Paşayeva ön cəbhədə əsgərlərimizlə, hərbçilərmizlə bir arada olmaqdan və qarşıdan gələn 26 iyun - Silahlı Qüvvələr gününü bərabər keçirməkdən öz məmnunluğunu ifadə edib. Millət vəkili Qənirə Paşayeva torpaqlarımızın işğaldan azad olunacağı günün uzaq olmadığını vurğulayıb: "Ali Baş komandan, prezident İlham Əliyev hər zaman bildirir ki, biz torpaqlarımızın bir qarışından belə vaz geçməyəcəyik, torpaqlarımızın bir qarışı nə bazarlıq mövzusu olmayacaq, nə də biz ondan bir qarış belə keçməyəcəyik. Əgər Ermənistan sülh yolu ilə razılaşmasa, Azərbaycan öz suveren hüqundan istifadə edib istənilən yolla torpaqlarını işğaldan azad edəcək. Arzu edirəm ki, Türkiyədən və İraqdan gəlmiş dostlarımızla gələn bu cür tədbirlərimizi Ali Baş komandanın rəhbərliyi altında birlik və bərabərlik içində işğaldan azad edəcəyimiz Dağlıq Qarabağımızda, Xankəndində, Xocalıda, Şuşada və digər o gözəl torpaqlarımızda qeyd edək".
Tovuz rayon İcra Hakimiyyətinin başçısı Tofiq Zeynalov da bütün əsgərləri və zabitləri 26 iyun - Silahlı Qüvvələr günü münasibəti ilə təbrik edib, Azərbaycan Ordusunun gücü və qüdrətinin daha da artdığını və işğal altında olan torpaqlarımızı işğaldan azad etmək iqtidarında olduğunu deyib. Sonra hərbi xidmətdə fərqlənən əsgər və zabitlərə təşkilatçılar və qonaqlar adından hədiyyələr təqdim edilib.
Türkiyədən və İraqdan gəlmiş nümayəndə heyətinin üzvləri hərbi hissədə Azərbaycan əsgər və hərbçiləri ilə birlikdə olmaqdan böyük məmnuniyyət duyduqlarını deyiblər.
Onlara Azərbaycanın əsgər və zabitləri adından Azərbaycan əsgərinin hərbi formasını hədiyyə edilib.
Nümayəndə heyətinin üzvləri bu hərbi formalar ən gözəl hədiyyələrin önündə gəlir və onlar hər zaman Azərbaycanın və ordusunun yanındadırlar, onun əsgərləridirlər.
Əsgərlər qarşısında öz şeirlərini, duyğu və düşüncələrini səsləndirən şair və yazarların çıxışlarından sonra tədbir konsert proqramı ilə başa çatıb. Hümayəndə heyəti millət vəkili Qənirə Paşayevanın müşayiəti ilə Tovuzun ön cəbhə kəndlərində olub və onlara atəşkəs dövründə Ermənistan Silahlı Qüvvələrinin kəndlərin mülkü sakinlərinə zərər vurmaları, insanların neçə illərdir kənd qəbirstanlığını ziyarət etməyə imkan verməmələri, bu addımı atmaq istəyən şəxslərin snayperlərlə vurulması yanğın törətmələri, insanlığa sığmayan əməlləri barədə məlumat verilib.