Nurçulara bağlı təhsil müəssisələri fəaliyyətini dayandırdı Hadisə

Nurçulara bağlı təhsil müəssisələri fəaliyyətini dayandırdı

Təhsil Nazirliyi: "Şagirdlərin və çalışan pedaqoji heyətin ölkəmizin təhsil şəbəkəsində yerləşdirilməsi üçün Təhsil Nazirliyi tərəfindən işçi qrup yaradılıb"

Təhsil Nazirliyi Azərbaycan Beynəlxalq Təhsil Kompleksinə daxil olan təhsil müəssisələrinin fəaliyyətinin dayandırılması ilə müraciətlərə münasibət bildirib.
Nazirliyin mətbuat xidmətindən APA-ya verilən xəbərə görə, Təhsil Nazirliyi daxil olan müraciətlərə cavab olaraq bildirir ki, Azərbaycan Beynəlxalq Təhsil Kompleksinin nəzdində fəaliyyət göstərən ümumi təhsil müəssisələrinin ləğv edilməsi ilə bağlı təsisçilərin qərarı dünən nazirliyə daxil olub.
"Təhsil Nazirliyi təsisçilərin qanunvericilik çərçivəsində qəbul olunmuş qərarına hörmətlə yanaşır və onu şərh etmir. Qərarın qəbul olunması özəl təhsil müəssisələrinin tabe olduğu ictimai birliyin müstəsna səlahiyyətlərinə daxildir.
Eyni zamanda, Azərbaycan Beynəlxalq Təhsil Kompleksinin liseylərində təhsil alan şagirdlərin və çalışan pedaqoji heyətin ölkəmizin təhsil şəbəkəsində yerləşdirilməsi üçün Təhsil Nazirliyi tərəfindən işçi qrup yaradılıb və prosesin normal gedişini təmin etmək üçün hazırlıq işlərinə başlanılıb.
Təhsil Nazirliyi ABTK-da təhsil alanların və onların valideynlərinin diqqətinə çatdırır ki, onların sərbəst seçimi əsasında müvafiq təhsil müəssisələrində təhsillərinin davam etdirilməsi, eləcə də bu məktəblərdə çalışan pedaqoji heyətin yeni dərs ili başlayanadək müvafiq qaydada yerləşdirilməsi üçün lazımi şərait yaradılacaqdır. Dövlət məktəblərinin kifayət qədər şagird qəbul etməyə imkan və şəraiti vardır. Bununla bağlı heç bir narahatçılığa əsas yoxdur.
Azərbaycan təhsili zəngin ənənələrə, güclü maddi-texniki və pedaqoji potensiala malikdir. Ölkəmizin bir çox ümumtəhsil müəssisələri dünya miqyasında keçirilən müxtəlif yarışma və müsabiqələrdə yüksək nailiyyətlər qazanırlar. İnanırıq ki, bu uğurlarımız bundan sonra da artacaq", - deyə nazirlikdən bildirilib.
Qafqaz Universitetinin prorektoru Natiq Paşa isə bildirib ki, Qafqaz Universiteti Azərbaycan Beynəlxalq Təhsil Mərkəzinin tərkibindədir, ancaq qərar Qafqaz Universitetini əhatə etmir. Onun sözlərinə görə, Qafqaz Universiteti bağlanmır, fəaliyyətini davam etdirəcək.
N. Paşa bildirib ki, təsisçilərin qərarına əsasən, Ağdaş Liseyi, Bakı Liseyi, Dədə Qorqud Liseyi, Qafqaz Gimnaziyası, Gəncə Liseyi, Quba Liseyi, Lənkəran Liseyi, Mingəçevir Liseyi, Sumqayıt Liseyi, Şəki Liseyi, Şirvan Liseyi bağlanır və bununla bağlı Təhsil Nazirliyinə müraciət edilib.
Qərar eyni zamanda "Araz" kurslarını da əhatə edir.