Vakant vəzifələr üzrə ən çox müraciət Maliyyə Nazirliyi üzrə qeydə alınıb Hadisə

Vakant vəzifələr üzrə ən çox müraciət Maliyyə Nazirliyi üzrə qeydə alınıb

Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən vakant inzibati vəzifələr üzrə dövlət qulluğuna qəbul üçün aprelin 12-də elan edilmiş müsabiqə üzrə müsahibədə qeydə alınmış namizədlərlə müsahibələrin keçirilmə qrafiki müəyyənləşdirilib. DİM-dən bildirilib ki, namizədlərlə müsahibələrin qurumun Bakı şəhərində və regionlarda yerləşən inzibati binalarında keçirilməsi nəzərdə tutulur. Müsahibələr Maliyyə Nazirliyi, Kənd Təsərrüfatı Nazirliyi, Təhsil Nazirliyi, Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi və məhkəmə orqanları üzrə vakant vəzifələri əhatə etməklə iyunun 11-dən 29-dək keçiriləcək.
Müsabiqədə ən çox rəqabət Maliyyə Nazirliyinin Bakı Şəhəri üzrə Baş Maliyyə İdarəsinin büdcə sektorunda böyük məsləhətçi (1 vakant yer üzrə 45), xəzinə əməliyyatlarının uçotu sektorunda böyük məsləhətçi - mühasib ekspert (1 vakant yer üzrə 31), sosial sahələrdə büdcədənkənar fondların maliyyəsi sektorunda məsləhətçi (1 vakant yer üzrə 30), Bakı Şəhəri üzrə Təhsil İdarəsində aparıcı məsləhətçi (2 vakant yer üzrə 39) vəzifələri üzrə müşahidə edilir. Vakant vəzifələr üzrə ən çox müraciət Maliyyə Nazirliyi (17 vakant vəzifə üzrə 277 müraciət), ən az müraciət isə Kənd Təsərrüfatı Nazirliyi (434 vakant vəzifəyə 31 müraciət) üzrə qeydə alınıb. Müsabiqə üzrə qeydə alınmış namizədlərlə müsahibələrin keçirilmə qrafikinə dair ətraflı məlumatı DİM-in saytından əldə etmək mümkündür.