UNICEF: 10 körpədən yalnız 2-si ana südü ilə qidalandırılır Hadisə

UNICEF: 10 körpədən yalnız 2-si ana südü ilə qidalandırılır

BMT-nin Uşaq Fondunun (UNICEF) və Ümudünya Səhiyyə Təşkilatının (ÜST) yeni hesabatında deyilir ki, dünyada təxminən 78 milyon körpənin və ya hər beş körpədən üçünün doğuşdan sonra həyatının ilk saatında ana südü ilə qidalanmaması bu körpələr arasında ölüm və xəstəlik riskini artırır, davamlı şəkildə ana südü ilə qidalanma ehtimalını isə azaldır. UNICEF-dən verilən məlumata görə, sözügedən körpələrin əksəriyyəti aşağı və orta gəlirli ölkələrdə dünyaya göz açır ki, burada onların ana südü ilə qidalanması həyatı xilas edə bilər.
"Məqamı yaxala (Capture the Moment)" adlı həmin hesabata əsasən, Azərbaycan körpələrin 20%-dən az bir hissəsinə həyatlarının ilk saatında ana südü verilməsinə başlanılması göstəricisi ilə azsaylı ölkələr qrupuna daxildir. Bu göstərici 20%-dən aşağıdır. Bu da onu göstərir ki, Azərbaycanda hər 10 yeni doğulan körpədən yalnız ikisinə həyatlarının ilk saatında ana südü verilir.
Hesabatda qeyd olunur ki, doğuşdan sonra həyatının ilk saatında ana südü ilə qidalanan körpələrin sağ qalmaq ehtimalı əhəmiyyətli dərəcədə daha yüksəkdir. Dünyaya göz açdıqdan sonra bu cür qidalanma ilə bağlı hətta bir neçə saatlıq ləngimə körpələrin həyatı üçün təhlükə törədən fəsadlara yol aça bilər. Doğuşdan dərhal sonra döşlə yedizdirilmə vasitəsilə ana ilə köprə arasında dəri təması qidalı maddələrlə və anticisimlərlə həddindən artıq zəngin olan və "körpənin ilk peyvəndi" adlandırılan ana südünün, o cümlədən ağız südünün əmələ gəlməsini stimullaşdırır.
UNICEF-in Azərbaycandakı nümayəndəliyinin rəhbəri Edvar Karvardin bildirib ki, uşaqların ana südü ilə qidalanması onlara həyata maksimum yaxşı başlanğıc təqdim edir: "Biz Azərbaycanda ana südü ilə qidalanmanın təşviq edilməsi istiqamətində hökumətə göstərdiyimiz dəstəkdən məmnun olsaq da, bununla bağlı analara onların ailə üzvləri, tibb işçiləri, işəgötürənlər və hökumət tərəfindən verilən dəstəyi təxirə salınmadan artırmalıyıq ki, analar öz uşaqlarının həyata layiq olduqları kimi başlamasını təmin edə bilsinlər".
UNICEF-in Azərbaycandakı nümayəndəliyi 2016-cı ildən başlayaraq bir sıra fəaliyyətlər vasitəsilə ana südü ilə qidalandırmanın təbliğ edilməsi sahəsində Səhiyyə Nazirliyinə dəstək göstərib. Bura birgə ünsiyyət kampaniyalarından tutmuş səhiyyə mütəxəssisləri üçün təlimlərin keçilməsinədək müxtəlif fəaliyyətlər daxil olub. E.Karvardin bildirib: "Səhiyyə Nazirliyi səhiyyə müəssisələrinin ana südü ilə qidalandırma praktikası üzrə beynəlxalq standartlara cavab verməsini təşviq etmək məqsədilə, UNICEF-in dəstəyi ilə Körpə Dostu Xəstəxana Təşəbbüsünü gücləndirməyi planlaşdırır". 76 ölkənin məlumatlarının təhlil olunduğu "Məqamı yaxala" adlı hesabatda bu qənaətə gəlinir ki, həyatın ilk saatlarında ana südü ilə qidalandırmanın əhəmiyyətinə baxmayaraq, olduqca çox sayda körpə müxtəlif səbəblərdən çox uzun müddət gözləməli olur. Yenidoğulmuşlara başqa qidaların və mayelərin, o cümlədən süni qidaların verilməsi: Geniş yayılmış təcrübəyə əsasən ağız südündən imtina üçün yenidoğulmuşlara böyüklər tərəfindən balın verilməsi və ya tibb mütəxəssisi tərəfindən şirin su kimi xüsusi mayenin təyin edilməsi ana ilə körpə arasında xüsusi əhəmiyyət kəsb edən ilk əlaqənin yaranmasında ləngiməyə səbəb olur.
Qeysəriyyə əməliyyatlarının artması: 51 ölkəni əhatə edən tədqiqatda qeyd olunur ki, kesariyyə əməliyyatı ilə doğuşdan sonra körpələrin həayatının ilk saatında ana südü ilə qidalanması üzrə göstərici əhəmiyyətli dərəcədə aşağıdır. Məsələn, Hondurasda bu cür əməliyyatla doğuşdan sonra körpələrin yalnız 12%-i həyatının ilk saatında ana südü ilə qidalanır, təbii doğuşla dünyaya göz açan körpələr arasında isə bu rəqəm 77%-ə bərabərdir.
Analara və yenidoğulmuşlara göstərilən qayğının keyfiyyətində çatışmazlıqların mövcud olması: Hesabata əsasən ehtimal etmək olar ki, təcrübəli ginekoloq-mamaçanın doğuşda iştirakı körpələrin həyatının ilk saatında ana südü ilə qıdalanması üzrə göstəriciyə təsir etmir. 2005-2017-ci illərdə 58 ölkədə doğuşların səhiyyə müəssisələrində aparılması halları 18% artsa da, körpələrin doğuşdan sonra həyatının ilk saatında ana südü ilə qidalanması üzrə göstərici cəmi 6% artmışdır. Bir çox halda körpələr dərhal doğuşdan sonra öz analarından ayrılır və bununla bağlı müvafiq tibb işçiləri tərəfindən göstərilən qayğı çox məhdud xarakter daşıyır. Serbiyada 2010-2014-cü illərdə əsasən analara doğuş zamanı göstərilən qayğının təkmilləşdirilməsi sayəsində sözügedən göstərici 43%-dək artıb.
Hesabatda istinad olunan əvvəlki tədqiqatların nəticələri göstərir ki, həyatının ilk saatından ana südü ilə qidalanan yenidoğulmuşlarla müqayisədə, doğuşdan 2-23 saat sonra ana südü ilə qidalanan körpələr arasında ölüm riski 33% daha yüksəkdir. Doğuşdan bir və ya bir neçə gün sonra ana südü ilə qidalanan körpələr arasında isə bu cür risk iki dəfə çoxdur. Hesabat dövlətləri, donor təşkilatları və digər qərar qəbuledici fiqurları təkidlə körpələr üçün süni qidaların və digər ana südü əvəzedicilərinin reklamını məhdudlaşdırmaq məqsədilə əsaslı hüquqi tədbirlər görməyə çağırır.
UNICEF həyata keçirdiyi istənilən fəaliyyətdə uşaqların hüquqlarını və rifahını dəstəkləyir. UNICEF bu öhdəliyi praktik olaraq həyata keçirmək üçün tərəfdaşlarımızla birgə 190 ölkə və ərazidə çalışır. Dünyanın istənilən yerində yaşayan uşaqların maraqları naminə, bu fəaliyyətin diqqət mərkəzində ən həssas və təcrid olunmuş vəziyyətdə olan uşaqlara əlçatanlığı təmin etmək üçün xüsusi səylər dayanır. UNICEF və onun Azərbaycandakı fəaliyyəti barədə daha ətraflı məlumat üçün www.unicef.org/azerbaijan internet səhifəsini ziyarət edin.