İrandan külli miqdarda narkotik gətirilməsinin qarşısı alınıb Hadisə

İrandan külli miqdarda narkotik gətirilməsinin qarşısı alınıb

Dövlət Gömrük Komitəsinin (DGK) əməkdaşları İrandan Azərbaycana külli miqdarda narkotik vasitələrin gətirilməsinin qarşısını alıblar.
Bu barədə APA-ya DGK-nin mətbuat xidmətindən məlumat verilib.
Biləsuvar Gömrük İdarəsinin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində Mehdiyev İsbəndiyar Şura oğlu istintaqa məlum olmayan şəxs tərəfindən İranda əldə edilib qaçaqmalçılıq yolu ilə Azərbaycana gətirilərək Beyləqan rayonu II Şahsevən kəndində su kəmərinin yanında yerləşən arxın qarşısına qoyulmuş 1 ədəd torbada üç ədəd polietilen bükümdə külli miqdarda - 2 kq 998,8 qram tiryək narkotik vasitəsini kəndin çıxacağında şərti alıcı qismində cəlb edilmiş gömrük əməkdaşına satarkən yaxalanıb.
Fakt üzrə Dövlət Gömrük Komitəsi İstintaq İdarəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə cinayət işi başlanıb. Mehdiyev İsbəndiyar Şura oğlu şübhəli şəxs qismində tutulub. Cinayət Məcəlləsinin 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə onun barəsində 3 ay müddətinə həbs-qətimkan tədbiri seçilib. Hazırda cinayətin digər iştirakçılarının müəyyən edilməsi məqsədilə zəruri istintaq hərəkətləri davam etdirilir.
Azərbaycan gömrükçüləri İrandan ölkəyə gizli yolla narkotik vasitə gətirən daha bir şəxsi Astarada saxlayıblar. Astara Gömrük İdarəsinin sərnişin şöbəsində İrandan piyada yolla Azərbaycana gələn Azərbaycan vətəndaşı Səadət Abbasovanın üzərində şəxsi yoxlama aparılıb. Yoxlama zamanı ondan iki ədəd bağlamada, xalis çəkisi 500,104 qram olan narkotik vasitə - heroin aşkar edilib.