“Sovetski”dən sürətli köç başlayıb Hadisə

“Sovetski”dən sürətli köç başlayıb

Bakının "Sovetski" məhəlləsində evlərini müəyyən edilmiş şərtlərlə satmaq istəyən ailələrin sayı 1950-yə çatıb.
Bu barədə APA-ya açıqlamasında Yasamal Rayon İcra Hakimiyyəti başçısının birinci müavini, Yasamal Rayon İcra Hakimiyyəti nəzdində yaradılmış Köçürmə Komissiyanın sədri Səməd İslamov bildirib.
S.İslamov son 2 həftə ərzində müraciət edənlərin sayının əvvəlki aylarla müqayisədə xeyli artdığını qeyd edib. Onun sözlərinə görə, indiyədək 1274 mənzilin sahibi ilə razılaşma protokolu imzalanıb, artıq 1130 əmlak sahibinin bank hesabına vəsait köçürülüb: "Köçmək üçün müraciət edənlərin sayı sürətlə artır. Komissiyanın son iclasında 78 mənzil sahibi ilə razılaşma protokolu imzalanıb. Müqayisə üçün deyim ki, Komissiyanın bundan əvvəlki iclasında 66 mənzil sahibi ilə razılaşma protokolu imzalanmışdı".
Komissiya sədri nəzərə çatdırıb ki, köçürülmə işləri yalnız könüllülük əsasında, hər kvadratmetr sahəyə 1500 manat verilməsi ilə aparılır.