Gənc alimlərə qrant mükafatları verildi Hadisə

Gənc alimlərə qrant mükafatları verildi

Tərlan

Dünən AMEA-nın Əsas binasında Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının maliyə dəstəyi, AMEA prezidenti, akademik Akif Əlizadənin 20 may 2014-cü il tarixli Sərəncamına əsasən AMEA Rəyasət Heyətinin gənc alimlər üçün elan etdiyi qrant müsabiqəsinin qaliblərinin mükafatlandırılma mərasimi keçirilib. AMEA-nın məlumatına görə, tədbiri giriş sözü ilə açan AMEA Azad Həmkarlar İttifaqının sədri, professor İsa Alıyev müsabiqənin keçirilməsində məqsədin gənc alimlərin fəaliyyətinin stimullaşdırılması, onlara əlavə yaradıcılıq imkanlarının yaradılması olduğunu bildirib. 37 gənc alimin son 3 ildə əldə etdikləri elmi nəticələr müsabiqəyə təqdim edilib. Təqdim edilmiş elmi nəticələrin ekspertizası və qiymətləndirilməsi AMEA prezidentinin sərəncamı ilə yaradılmış komissiya tərəfindən həyata keçirilib. İddiaçıların nəticələrinin elmi-praktiki əhəmiyyətinə görə 21 nəfər gənc alim 3 kateqoriya üzrə qrant mükafatına layiq görülüb.
Sonra qaliblərin mükafatlandırma mərasimi keçirilib. AMEA Rəyasət Heyətinin qərarı ilə müsabiqənin 1-ci kateqoriya üzrə 8 qalibinə 2500 manat, 2-ci kateqoriya üzrə 10 qalibinə 2000 manat, 3-cü kateqoriya üzrə 3 qalibinə 1500 manat pul mükafatı təqdim olunub. Sonda mükafatın qaliblərindən - Ədəbiyyat İnstitutunun aparıcı elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru Eşqanə Babayeva, Ədəbiyyat İnstitutunun kiçik elmi işçisi Aynurə Paşayeva, Fəlsəfə və Hüquq İnstitutunun kiçik elmi işçisi Yasmina Məlikova və başqaları çıxış edərək onlara göstərilən diqqət və qayğıya görə AMEA prezidenti, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası və AMEA Azad Həmkarlar İttifaqına minnətdarlıqlarını bildiriblər.