“Məqsəd çap mediasını inkişafa sövq etməkdir” Hadisə

“Məqsəd çap mediasını inkişafa sövq etməkdir”

Kütləvi İnformasiya Vasitələrinin inkişafına, söz və mətbuat azadlığına dəstək Azərbaycanın dövlət siyasətinin prioritet istiqamətlərindən birini təşkil edir. Azərbaycan yeganə ölkədir ki, burada Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Konsepsiyası qəbul edilib və ölkəmizdə KİV-in inkişafına konseptual, elmi yanaşma var.
Bunu "Xalq cəbhəsi" qəzetinin baş redaktoru Elçin Mirzəbəyli deyil.
Baş redaktorun sözlərinə görə, Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu da məhz bu Konsepsiyanın icrası üçün yaradılıb və fəaliyyətdə olduğu 10 il ərzində çap mediasının inkişafına dövlət dəstəyinin uğurla həyata keçirilməsini təmin edə bilib:
"Amma dünya dəyişir, həyatın bütün digər sahələrində olduğu kimi media sektorunda da ciddi dəyişikliklər baş verir. Əgər Azərbaycan Prezidenti idarəetmə strukturlarının köhnəldiyini, müasir dövrün tələblərinə cavab vermədiyini bəyan edirsə, bu istiqamətdə islahatların dərinləşdirilməsi istiqamətində ciddi addımlar atırsa, nədən bu proses media sektoruna, xüsusilə də çap mediasına aid edilməsin?
Bu baxımdan hesab edirəm ki, Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun KİV layihələrinin maliyyələşdirilməsi ilə bağlı yeni tələblərini də məhz ölkədə aparılan islatlar kontekstində dəyərləndirmək və prosesə genişmiqyaslı islahatların tərkib hissəsi kimi yanaşmaq lazımdır.
Məqsəd sözün əsil mənasında çap mediasını silkələmək, durğunluqdan çıxarmaq və inkişafa sövq etməkdir. Çap mediası ölkədə həyata keçirilən islahatların tempinə, dünyada baş verən dəyişikliklərin ritminə uyğunlaşmalıdır. Əks təqdirdə Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Konsepsiyasında nəzərdə tutulan prioritet vəzifələrin öhdəsindən gəlmək mümkün olmayacaq.
Diqqət yetirsək görərik ki, Fondun yeni tələbləri açıqlamasın çap mediasında mövcud olan problemlərin ictimai müzakirəsinə yol açıb, bu sahədə bir canlanma yaranıb. Artıq qəzet çapı və yayımı ilə bağlı olan və dövlət dəstəyinə hər hansı bir formada aidiyyatı olmayan problemlər də müzakirəyə çıxarılıb. Olduqca maraqlı, kreativ ideyalar səsləndirilir, prosesə yaradıcı yanaşma daha qabarıq şəkildə nəzərə çarpır. Müsbət dinamika göz önündədir. Bütün bunlar isə KİVDF-nin son qərarının ciddi əsaslara söykənən, bütövlükdə medianın inkişafına xidmət edən bir qərar olduğunu təsdiqləyir".