“Arıqlamaq artıq asanlaşdı”? Hadisə

“Arıqlamaq artıq asanlaşdı”?

Məlahət Kərimova: "Bu dərmanlardan istifadə qadınlarda genekoloji xəstəliklərə, sonsuzluğa, hətta xərçəngə də səbəb ola bilər"

Adil Qeybulla: "Bu cür dərmanları qəbul etmək təhlükəlidir"

25 il bundan əvvəl kök qadınlar gözəl hesab olunurdusa, indi bu əksinədir. İndi xanımlar arıqlamaq üçün müxtəlif üsullardan istifadə edirlər. Müraciət edilən vasitələrdən biri də dərmanlardır. Reklamı hər gün TV ekranlarda və müxtəlif lövhələrdə gedən bu dərmanlar apteklərdə reseptsiz satılır. Satışda arıqlama vasitələri kimi müxtəlif adlarda bitki çayları, kofelər və həblər var. Əczaçıların dediyinə görə, bu qəbildən olan dərmanların alıcıları da az deyil.
Dietoloq Məlahət Kərimova deyir ki, arıqlama dərmanları vasitəsilə çəki atmaq məsləhət deyil. Çünki həmin dərmanların istifadəsi bir sıra fəsadlar törədə bilər: "Dərmanı qəbul edəndən sonra o, mədədə parçalanır və mərkəzi sinir sisteminə toxluq siqnalı gedir. Amma əslində insan özü ac olur. Bu dərmanlar əsasən on beş gün, ya da bir ay qəbul edilir. Həmin müddət ərzində adam özünü tox hiss edir, yemək yemir və arıqlayır. Amma dərmanın qəbulu bitəndən sonra yenə aclıq hissi yaranır və insan yenə əvvəlki kimi yeyir. Nəticədə kiçilmiş mədə yenidən böyüyür".
Arıqlama dərmanlarının insan orqanizmi üçün ziyanlarından danışan M.Kərimovanın sözlərinə görə, bu pereparatlar sinir sistemində müəyyən pozuntular, mədə və bağrsaqda problemlər yarada bilər: "Bu dərmanlardan istifadə qadınlarda genekoloji xəstəliklərə, sonsuzluğa, hətta xərçəngə də səbəb ola bilər. Onlardan istifadə edənlər arasında daha çox sinir sistemi pozuntularına və mədədə yara hallarına rast gəlinir. Bizə müraciət edən qadınlar arasında elələri var ki, bu dərmanlardan istifadə edib arıqlayıblar, lakin əsəbləri pozulub, sinir sistemlərində bəzi pozuntular yaranıb. Arıqlamaq üçün mənə müraciət edən heç bir qadına bu dərmanlardan istifadəni məsləhət görmürəm".
Dietoloq onu da qeyd etdi ki, arıqlamaq üçün iradəni gücləndirmək, düzgün pəhriz saxlamaq və fiziki hərəkətlə məşğul olmaq lazımdır: "Orqanizmdə toxluq hissi yaratmaq üçün yeməkdən əvvəl ilıq su içmək məsləhətdir. Bu, mədədə toxluq hissi yaradır və insan az yeməyə meyillənir".
Həkimin dediyinə görə, səhər yeməyindən imtina da yanlış fikirdir: "Səhər yeməyi çox vacibdir. Naharda da istənilən yeməyi qəbul etmək olar. Amma axşamlar çalışmaq lazımdır ki, yemək az yeyilsin və daha çox meyvə, tərəvəzə üstünlük verilsin".
Tibb elmləri doktoru, professor Adil Qeybulla da arıqlama dərmanlarından istifadənin əleyhinədir. Belə ki, arıqlama dərmanlarının çoxunun təlimatlarında onların istifadəsi ilə bağlı məlumatlar yoxdur və yaxud qeyri-dəqiqliyə yol verilir: "Bu cür dərmanları qəbul etmək təhlükəlidir. Həmin dərmanın mahiyyəti barədə heç bir ətraflı məlumat verilmir. Vətəndaşlar sadəcə reklamlara baxıb, onların əsasında alıb istifadə edirlər. Yəqin ki, Rusiyanın televiziya kanallarında ayrı-ayrı klinikalarda arıqlamış, hətta psixi durumu da pozulmuş xəstələri çoxları görüb. Birdən-birə arıqlamaq nəticəsində müşayiət olunan geridönməz proseslərin müalicəsi də çətinlik törədir. Ona görə də çox diqqətli olmaq lazımdır. İnsanlar mənşəyi məlum olmayan və Ümümdünya Səhiyyə Təşkilatının reyestrinə daxil olmayan dərmanları, xüsusilə də arıqlama pereparatlarını alıb istifadə etməməlidirlər. Bu cür dərmanlar müxtəlif firma və şəbəkələr vasitəsilə satışa çıxarılır və reklam edilir. Ona görə onlara nəzarət də çətindir".
Adil Qeybulla bildirir ki, arıqlama üçün istifadə edilən dərmanlar öz təsir mexanizmləri ilə təsnif olunurlar. Onlardan bəziləri piylərin həddən artıq yanmasına, toxluq hissi yaratmağa, iştəhanın azalmasına xidmət edir. Bəziləri isə süni sürətdə bədəndə katobalizmi gücləndirir, orqanizmdə maddələr mübadiləsini sürətləndirdiyindən daha çox yağlar sərf olunur, qida maddələrinin sorulmasına təsir göstərir. Bu vasitələrin bəziləri isə oyandırıcı təsirə malikdirlər: "Bu dərmanlar orqanizmdə duz mübadiləsini pozur, uzun müddət ishal yaradır, bağırsaqdan sorulmanın qarşısını alır. Qidalanma düzgün olmadıqda orqanizmdə əvəz olunmayan amin və yağ turşusunun konsentrasiyası aşağı düşür. Bədəndə əvəz olunmayan amin turşuları, yağlar var ki, onlar qəbul edilməyəndə maddələr mübadiləsi pozulur. Bu zaman pisixi təsirlər də baş verir və onların çoxu bərpa olunmur".
Həkim bildirir ki, əslində arıqlama prosesləri xüsusi proqramlar əsasında həyata keçirilməli və həkim nəzarəti altında aparılmalıdır. Türkiyədə özünü dərmanla arıqladan 20 yaşlı tələbə qız infarktdan keçinmişdi. Faciəyə münasibət bildirən həkimlər bu qəbil dərmanların bir çox xəstəliklərlə yanaşı infarkta da yol açdığını gizlətmədilər.
Xüsusən internet vasitəsilə satılan və reklam olunan dərmanların alıcılarının kifayət qədər olması problemi daha da qəlizləşdirir. Bəzi saytlarda və pərakəndə satış mağazalarında satılan dərmanların əksəriyyətinin "təbii", "100 faiz bitki mənşəli" olduğu iddia edilsə də, bu tip məhsulların etiketlərində, ya da reklamlarında göstərilməyən zərərli maddələr daşıdığı məlum olub.
Qeyd edək ki, ABŞ və bir sıra Avropa ölkələrində aparılan araşdırmalar zamanı istifadə olunan bu cür preparatların tərkibində sağlamlığa ziyan vuran bəzi vasitələrin aşkar edilməsi ilə bağlı artıq məlumatlar verilib. Belə ki, "Payuytsi" çayında və həbində sibutramin aşkar edilərək Avropada təhlükəli hesab olunub. Bu üzdən dərmanın satışı qadağan edilib. Həmçinin həkimlər belə dərmanların infarkt və insult xəstəliklərinin inkişafına kömək etdiyini aşkarlayıblar. O cümlədən, dərmanların satışı ötən il ABŞ-da da qadağan edilib. Ümumiyyətlə, hazırda ABŞ-da tərkibində sibutramin olan bütün bitki tərkibli dərmanların satışı qadağandır. Hərçənd Türkiyədə də bu kimyəvi maddə qadağan edilib, tərkibində subtramin olan məhsulların qeyri-qanuni olaraq satışı davam etməkdədir. Bu maddə həblərdən əlavə, gel, krem, sprey kimi bir çox məhsulların da tərkibində ola bilər.
Mütəxəssislər arıqlama üçün nəzərdə tutulan bu cür dərmanların orqanizm üçün təhlükəli olduğunu iddia etsələr də, göründüyü kimi, dərman istehsalçıları öz bazarlarını öldürmək fikrindən uzaqdırlar. Odur ki, efirdə də, mətbuat səhifələrində də, küçə reklamlarında da "Çəkinizi bizə etibar edin", "İlk kapsuldan effekt", "Arıqlamaq artıq asanlaşdı" kimi elanlara istənilən qədər rast gəlmək olur. Ekspertlər həyəcanla reklam bazarının həddən artıq çirkləndiyi, əhalinin "kimyalaşması" prosesinin həyata keçirildiyini bildirirlər.
"Həblər ilk baxışdan sehrli vasitə kimi görünsə də, arzuları həmişə sona qədər yerinə yetirmir"- deyə Rusiya saytlarında arıqlama dərmanları ilə bağlı müzakirələrə qoşulanlar daha çox onun zərərindən danışırlar. Forumlarda "həblərlə arıqlama düzgün üsul deyil, hətta faciəlidir" fikirləri üstünlük təşkil edir. Xüsusən preparatların hormonal təsirini vurğulayan iştirakçılar "bununla zarafatın nəticəsi çox pisdir. Bu, hormonal pozğunluqlara, ginekoloji və ürək-damar xəstəliklərinə səbəb ola bilər. Bütün hallarda bu müdaxilə orqanizmin normal fəaliyyətinə maneədir"- deyə yazırlar. Forum iştirakçılarının fikrincə, ən yaxşısı, reklamlara və tanışların məsləhətinə aldanıb orqanizm üzərində eksperiment aparmamaqdır: "Eksperimentin biri yaxşı alınırsa, digəri zərərli olur. Bu, insanın xəstəliyi özünün axtarıb tapmasına bərabərdir".
AMEA-nın İnsan Hüquqları İnstitutunun direktoru Aytən Mustafayeva da satışda olan bu cür dərmanlara heç bir nəzarət edilmədiyini bildirib: "Həmin preparatlara heç bir nəzarət edilmir. Nəticədə satışda yüzlərcə dərman vasitələri peyda olur və onların geniş reklam kampaniyaları təşkil edilir. Hətta bəzən həkimlər həmin preparatları xəstələrə də təyin edirlər". Aytən Mustafayevanın sözlərinə görə, bu dərmanların qutularında onların tərkibi, keyfiyyəti ilə bağlı heç bir düzgün məlumatın olmamasını dünya təcrübəsi də göstərib: "Hazırda bizə də həmin vasitələrlə bağlı çoxlu sayda narazılıq daxil olur. Ən təəssüfedici hal odur ki, qanunvericilikdə bu preparatlarla bağlı heç bir məqam yoxdur. Bununla belə, ölkədə həmin dərmanları müayinə edən laboratoriyalar fəaliyyət göstərmir. Bu da ancaq müəyyən adamların maraqlarına xidmət edir".
Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov da belə dərmanların tərkibinin araşdırılmadığını deyir. Onun sözlərinə görə, bu preparatlar qida əlavələri olduğundan heç bir yoxlamadan keçmir. Bu da son nəticədə insanların sağlamlıqlarını itirməsi ilə nəticələnir: "Bu preparatlar əsasən qida əlavəsi kimi istifadə olunur. Ona görə də nə qidadır, nə də dərman vasitəsi. Qalıb ortalıqda. Bir müddət əvvəl "Vision" adlı kökəlmə dərmanlarından şikayət olmuşdu. Həmin vaxt bu preparetdan istifadə edən gənc bir xanım tamamilə sağlamlığını itirmişdi". AİB sədri bu dərmanların ölkə bazarlarına çıxarılmasının səbəbini qanundakı boşluqlarda görür.
Psixoloq Dəyanət Rzayev hesab edir ki, arıqlamaq istəyən insanlar ilk növbədə psixoloqlara, psixoterapevtlərə müraciət etməlidirlər: "Hər bir insanın öz quruluşu var. Əgər o, genetik olaraq 60 kq-dırsa, elə də olmalıdır. Ondan artıq arıqlamaq istəyərsə, səhhətinə pis təsir göstərəcək. Və yaxud əgər onun çəkisi 45 kiloqramdırsa, onu artırmağa çalışmamalıdır. Əgər özünü normal hiss edirsə, həmin çəkidə qalmalıdır". Psixoloqun fikrincə, xüsusən modellər özlərini məcbur edərək arıqlamaq üçün müxtəlif dərmanlar qəbul edirlər və onlar anoreksiya keçirirlər: "İnsan anoreksiyadan dünyasını dəyişə bilir. Tutaq ki, 40 yaşlı bir qadın 16 yaşlı modellərdən nümunə götürərək özünü onlara bənzətmək istəyir. Bu, yolverilən deyil. O, başa düşmür ki, artıq onun orqanizmi elə formalaşıb".
Dəyanət Rzayevin məlumatlarına görə, artıq dünyada qəbul edlən "gözəllik" standartları aradan qaldırılmaqdadır: "Artıq standartları yığışdırırlar. Hər bir insan özünün quruluşuna uyğun yaşamalıdır". Psixoloq həmçinin, arıqlamaq adı ilə satılan dərmanların reklamının insanların psixikasına mənfi təsir etdiyini, xüsusən də qadınları qıcıqlandırdığını bildirir.

Ülviyyə Tahirqızı