Rusiyanın təxribatı sübuta yetirilir Hadisə

Rusiyanın təxribatı sübuta yetirilir

Rəsmi Moskva isə təyyarənin vurulmasında günahı başqasında axtarır

Cavid

Ukraynaın Donetsk vilayətində Amsterdamdan Kuala-Lumpura uçan "Boeing 777" təyyarəsinin qəzaya uğraması dünyanın diqqət mərkəzindədir. Təyyarədə 280 sərnişin və 15 nəfər eyət üzvü olub. Onların hamısı ölüb.
Təyyarə Ukrayna ərazisində, Rusiya sərhəddinin 60 kilometrliyində vurulub. Qəza təyyarənin Rusiya sərhədlərinə girməyə bir neçə dəqiqə qalmış baş verib. Təyyarə Amsterdamdan Kuala-Lumpura hərəkət edirdi. Ukrayna üzərində təyyarə 10 min metr yüksəklikdə uçurdu.
Rusiya və Ukrayna Müdafiə Nazirlikləri, eləcədə silahlı separatçılar qəzanın baş verməsində iştrak etmədiklərini iddia edirlər. Ukrayna prezidenti Petr Poroşenko isə baş verən hadisəni terror aktı adlandırıb. Məsələ ilə bağlı cinayət işi qaldırılıb.
Separatçıların isə məsələyə öz baxışları var. Onlar iddia edirlər ki, təyyarəni Ukrayna qırıcıları vurub. Bu məlumatı Boinqin uçuşunu izləyən ispaniyalı dispetçer də öz "Tvitter" səhifəsində 2 qırıcını radarda gördüyünü deyərək təsdiq edib.
Qərb və Ukrayna dairələri təyyarənin Rusiya tərəfindən vurulduğu ehtimalları üzərində dayanırlar. Bu arada Rusiya mətbuatı da müxtəlif mənbələrə istinadən təyyarənin Ukrayna qoşunları tərəfindən vurulması iddiasını irəli sürür. Rus mediasının Rusiya "Rosaviasiya" aviasiya idarəsinə istinadən verdiyi məlumata görə Ukrayna hərbiçilərinin əsas məqsədi Kreml rəhbəri Vladimir Putinin təyyarəsini vurmaq olub. İddiaya görə səhvən Malayziyaya məxsus təyyarə vurulub.
ABŞ-lı senator Con Makkeyn Ukrayna ərazisində vurulan Malaziya təyyarəsindən danışaraq bildirib ki, təyyarənin kimin vurmasına dair araşdırmalar davam edir.
Makkeyn bildirib ki, təyyarəni təyyarəni ya ruslar, ya da separatçılar vurub.
Makkeyninin sözlərinə görə, əgər təyyarəni ruslar vurubsa, Rusiya cəhənnəm əzabı yaşanacaq və ruslar buna görə cəzalandıralacaq: "İndi görürük ki, rusların və onların dəstəklədiyi insanların gerçək mahiyyəti nədir. Onlar etdikləri bu hərəkətlərlə özlərini ifşa etməyə davam edirlər".
Qeyd edək ki, ABŞ-lı senator sosial şəbəkələr vasitəsi ilə öz səhifəsindən çağırış edərək, Ukraynaya təcili hərbi yardım göstərilməsini, ABŞ və NATO qoşunlarının Rusiya ilə sərhədə yeridilməsini istəyib.
ABŞ-ın Müdafiə Nazirliyi isə Ukraynanın Donetsk vilayətində düşən Malayziya sərnişin təyyarəsinin "yer-göy" tipli raketlə vurulduğunu açıqlayıb.
ABŞ Müdafiə Nazirliyinin rəsmisi, kontr-admiral Con Kirbi "Tvitter" səhifəsində yazıb: "Biz tam əminik ki, avialayner Ukrayna üzərində vurulub".
CNN telekanalı isə Pentaqondakı yüksək hərbi rütbəli mənbəyə istinadla bildirib ki, ABŞ-ın texniki vasitələri təyyarəyə raket atıldığını və bundan sonra təyyarənin yerə düşdüyünü qeydə alıb.
Qondarma Donetsk Xalq Respublikasının separatçıları təyyarənin partlama nöqtəsində "qara qutu"ların tapdıqlarını və Moskvaya təhvil vermək istədiklərini bildiriblər.
Ukraynanın şərqində "Boing"in qəzaya düşməsinə görə Air France, Turkish Airlines və Aeroflot aviaşirkətləri Ukrayna səması üzərindən uçuşları dayandırır.
Bundan sonra Air France, Turkish Airlines və Aeroflot marşrutlarını dəyişərək o zonada uçmayacaq.
"Air France hazırda vəziyyəti müşahidə edir və hadisə haqqında xəbər veriləndən dərhal sonra bundan sonra şərqi Ukraynanın üstündən uçmamağa qərara alıb", - deyə şirkətin nümayəndəsi xəbər verib.
Şərqi Ukraynanın ərazisinin üzərindən uçuşların dayandırılmasını, həmçinin türk aviaşirkəti Turkisd Airlines də bildirib. Rusiyanın Aeroflot aviaşirkəti də Twitter sədifəsində yazır ki, Ukrayna ərazisindən uçuşları dayandırır.
"Təyyarənin vurularaq salınması ehtimalları çoxdur. Amma bunu Ukrayna ordusu etməyib". Bu bəyanatı isə Ukrayna prezidentinin mətbuat xidməti yayıb.
Bəyanatda Donetskdə Malayziyaya məxsus təyyarəni qəzaya uğraması şərh olunarkən bildirilib ki, bu, son üç gündə baş verən xoşagəlməz hallardan biridir. Mətbuat xidmətinin yaydığı məlumata görə Poroşenko həlak olanların yaxınlarına başsağlığı verib və cinayətkarların məsuliyyətə cəlb ediləcəyinə əminliyini vurğulayıb.
Ukrayna prezidenti Petr Poroşenko öz növbəsində ölkə və dünya ictimaiyyətinə çağırış edib. Prezident bu çağırışını dövlət televiziyasının efirindən ünvanlayıb. O çıxışında ölkədəki son vəziyyət, respublikanın cənub-şərq bölgəsindəki gərginlik və ötən gecə Donetsk səmasında vurulan sərnişin təyyarəsinə toxunub. Poroşenko təyyarə faciəsi ilə bağlı ölənlərin yaxınlarına başsağlığı verərək, terrorizmin qlobal problem olduğunu bildirib.
Prezident deyib ki, artıq ölkənin cənub-şərq bölgəsində gedən müharibə Ukrayna hüdudlarından çıxıb: "Bu gün Donetsk vilayətinin səmasında baş verən faciə separatçıların xislətini və onların aqressiasını çılpaqlığı ilə nümayiş etdirir. Bu gün bütün dünya işğalçının əsl simasını gördü. Bu beynəlxalq səviyyəli terror aktıdır və bütün dünyaya yönələn hədədir. Bütün bunlara baxmayaraq, Ukrayna ordusunun ruhu qələbəyə aparacaq".
Poroşenko qeyd edib ki, hadisə ilə bağlı dövlət komissiyası yaradılıb və qəza detalları ilə araşdırılacaq. Komissiyaya Ukrayna, Malayziya və ABŞ-dan olan mütəxəssislər cəlb olunacaq.
Onu da bildirək ki, Ukrayna Dövlət Aviasiya Xidməti hərbi əməliyyatların keçirildiyi bölgənin hava məkanından uçuşları dayandırıb.
Ukrayna mediasının məlumatına görə, Xidmətdən bildirilib ki, sərnişin təyyarəsinin vurulmasından sonra Donetsk, Luqans və Xarkov vilayətləri üzərindən sərnişin təyyarələrinin uçuşlarına qadağa qoyulub.
Xatırladaq ki, iyulun 18-də Ukrayna səmasında vurulan, Amsterdam-Kuala Lumpur marşrutu ilə hərəkət edən və içərisində 298 sərnişinin olduğu Malayziyaya məxsus "Boeing-777" təyyarəsinin düşdüyü ərazidə 121 nəfərin meyiti tapılıb. Axtarış xilasetmə işləri Donetsk vilayətinin Rassıpnoye və Qrabovo yaşayış məntəqələri arasında aparılır. Bu məqsədlə 95 nəfər və 18 ədəd texnika cəlb edilib, lakin silahlı separatçılar aparılan işlərə mane olur.
Politoloq Ərəstun Oruclu bildirib ki, hər şey plan üzrə gedirdi, lakin iyulun 17-də axşam saatlarında Donetsk səmasında Malayziya Hava Yollarına məxsus sərnişin təyyarəsinin vurulması Rusiya hərbçilərinin bütün hesablamalarının yanlış olduğunu və hələ 55 il öncə Eyzenhauerin söylədiklərinin nə qədər böyük həqiqət olduğunu üzə çıxardı. Hakimiyyət uğrunda gizli (əslində isə açıq) mübarizə aparan Rusiya generallarının məğlub olduqlarını artıq indidən demək olar: "80-ə qədəri uşaq olan 295 insanın qətlə yetirilməsi dünya ölkələrini ayağa qaldırdı və bu da təbiidir. Rusiya diversantları tərəfindən qətlə yetirilən sərnişinlər arasında 10 ölkənin vətəndaşı var və onların yarısından çox Avropa ölkələrinin vətəndaşlarıdır. Artıq bir çox ölkələr BMT TŞ-nın Ukraynaya dair təcili toplantısını çağırıb. Deməli, Rusiyaya təzyiqlər və sanksiyalar da güclənəcək və daxili siyasi mübarizədə bu siyasi iddiaları durmadan qızışan generallara qarşı işləyəcək. Sübutlar isə tam ortalıqdadır. Belə ki, terrorçuların özlərinin təyyarəni vurmaları haqda sosial şəbəkələrdə yaydıqları sübutlar azmış kimi, üstəlik də Ukrayna Təklükəsizlik Xidməti də artıq terrorçuların bu barədə Rusiya hərbi kəşfiyyatının (QRU) rəsmilərilə telefon danışıqlarının audioyazılarını ictimailəşdirib. Bu hadisə və onun fəsadları təkcə Rusiya hərbçilərini deyil, ümumilikdə Rusiyanı bundan sonra öz "kiçik" qonşuları ilə münasibətlərində daha diqqətli olmağa vadar edəcək, o cümlədən də Azərbaycana. Həmçinin, Rusiya hərbiyyəsinin növbəti revanşının da sona yaxınlaşdığını demək olar".