Bakıda “Məhkəmə-hüquq islahatlarına vəkil baxışı” adlı konfrans keçirilib Hadisə

Bakıda “Məhkəmə-hüquq islahatlarına vəkil baxışı” adlı konfrans keçirilib

"Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən islahatlar çərçivəsində vəkillik institutunun inkişafına şərait yaradacaq yeni yanaşmalar tətbiq olunub".

Bunu “Məhkəmə-hüquq islahatlarına vəkil baxışı” adlı konfransda Prezident Administrasiyasının Hüquq mühafizə orqanları ilə iş şöbəsinin Hüquqi xidmətlərin göstərilməsi məsələləri sektorunun müdiri Vüsal İsayev deyib.

O bildirib ki, ASAN Xidmətlə Vəkillər Kollegiyasının imzaladığı memorandum əhaliyə daha keyfiyyətli hüquqi yardımın göstərilməsinə şərait yaradır və bu, həm paytaxtda, həm də regionlarda hüquqi yardımın əhatəsinin genişləndirilməsinə səbəb olacaq: "Ölkə Prezidentinin 3 aprel 2019-cu il tarixli sərəncamı ilə cəza siyasətinin humanistləşdirilməsi ilə bağlı növbəti tapşırıqlar verilib və bu istiqamətdə layihələr hazırlanacaq. Bu, ilk belə tapşırıq deyil. Bütövlükdə həyata keçirilən humanist siyasətin növbəti təzahürüdür. Cinayət qanunvericiliyində 300-dək dəyişiklik edilib. Azadlıqdan məhrumetmə ilə bağlı olmayan cəza növləri tətbiq olunub. Bütövlükdə kompleks şəkildə dəyərləndirilmə aparılıb və islahatlar həyata keçirilib. İslahatların nəticəsi isə göz qabağındadır. Belə ki, həmin islahatlar 14 minə yaxın şəxsə tətbiq olunub. 9 minə yaxın şəxs istintaq və məhkəmə dövründə məsuliyyətdən azad olunub. 1800 şəxs cəzadan azad olunub ki, onlardan 800 nəfəri azadlıqdan məhrumetmə cəzasından azad edilib. Hesab edirəm ki, bu islahatlar daha böyük güclə davam etdirilməlidir".

Sektor müdiri qeyd edib ki, cəza siyasətinə yeni baxış var və bunun nəticəsi olaraq Azərbaycanda azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş şəxslərin sayı ən aşağı səviyyədədir. Onun sözlərinə görə, mülki məhkəmə icraatı ilə bağlı Fərmanda bir sıra tapşırıq və tövsiyələr mövcuddur: "Bura həm ixtisaslaşmış vəkillərin yaradılması, həm bütövlükdə mülki-prosessual qanunvericiliyin yenidən işlənməsi daxildir. Mülki-prosessual məcəllə 20 il bundan öncə qəbul olunub və onun təkmilləşməsinə ehtiyac var. Gündəlik fəaliyyətində Məcəllədən istifadə edənlər orada müəyyən boşluqlarla rastlaşırlar. Vəkillər də bununla bağlı təkliflər irəli sürsə, çox yaxşı olar və biz bunu gözləyirik".

V. İsayev qeyd edib ki, fərmanda məhkəmədən kənar üsullara, operativ metodlara böyük önəm verilib: "Bu sahədə son illər böyük addımlar atılıb. 2016-cı ildə Apellyasiya şuralarının yaradılmasını misal göstərə bilərəm. Statistik göstəricilər deməyə əsas verir ki, 2018-ci ildə Apellyasiya şuralarına edilən müraciətlər nəticəsində həm Şuranın fəaliyyəti təkmilləşib, həm də müraciətlərə baxılmaların nəticələri əhəmiyyətli dərəcədə yaxşılaşıb. Yəni, sahibkarların hüquqlarının müdafiəsinə etibarlı şərait yaradılıb. Məsələn, yerli Apellyasiya şuralarına edilən müraciətlərin 95 faizindən çoxu yuxarı instansiya və Prezident yanında Apellyasiya Şurasına müraciət edilmir. Bu da mühüm göstəricidir".

“Elə rayon var ki, orada 1 vəkil fəaliyyət göstərir”

“2018-ci ildə Azərbaycanda cinayət işləri üzrə cəmi 89 bəraət hökmü verilib. Bu, ümumi cinayət işlərinin 1 faizindən aşağıdır”-deyən Azərbaycanın Birinci vitse-prezidentinin köməkçisi Gündüz Kərimov bildirib ki, bu, dövlət ittihamının çox təkmil işləməsindən, vəkillərin müqavimətindən, məhkəmənin passivliyindən və bizə məlum olmayan səbəblərdən irəli gələ bilər: “Biz hesab edirik ki, bütöv ittihamla müdafiə tərəfinin balanslı nəticə əldə etməsi üçün vəkillik səylərini artırmalıdır. Məlum olduğu kimi, Cənab Prezident İlham Əliyevin məhkəmə-hüquq sistemində islahatlarla bağlı imzaladığı Fərmanda ədalət mühakiməsinin əlçatanlığı məsələsi xüsusilə vurğulanır”.

Gündüz Kərimov qeyd edib ki, Azərbaycanda vəkillərin sayı elə də çox deyil. Onun sözlərinə görə, son ilyarım ərzində vəkillərin sayı 800 nəfərdən 1500-ə qədər artıb: “Bu, çox yaxşı haldır. Lakin qanunvericiliyə qoyulmuş, xüsusilə də nümayəndəlik institutu ilə bağlı məhdudiyyətlər bəzi kateqoriyalı şəxslərin, xüsusilə Bakıdan kənarda yerləşən şəxslərin məhkəməyə müraciət etmək imkanlarına maneələr yaradıb. Bizdə olan məlumata görə elə rayon var ki, orada 1 vəkil fəaliyyət göstərir”.

G.Kərimov vurğulayıb ki, vəkilliyə qəbul qaydalarının və ixtisas suallarının yüngülləşdirilməsinə ehtiyac var.

“İslahatlarda hər bir vətəndaş yaxından iştirak etməlidir”

“Vəkillər Kollegiyası ilə prokurorluq orqanları arasında yeni əməkdaşlıq mərhələsinə start verilib”-deyən Azərbaycan Baş Prokurorunun müavini Namiq Əsgərov bildirib ki, məhkəmə-hüquq islahatlarında hər bir Azərbaycan vətəndaşı yaxından iştirak etməlidir: "Prokurorluq peşəsini mənə sevdirən vəkil olub. "Vəkil" sözü çətinə düşəndə çağırılan şəxs mənasını verir. Vəkil hüquqi əsgərdir. Prokuror isə qayğı göstərən deməkdir. Hər iki peşə sahibinin və qurumun fəaliyyəti normativ aktlarla tənzimlənir. Vəkillər ədalət mühakiməsinin əsas təmsilçiləridir. Vəkillər və prokurorlar insan hüquqları və azadlıqlarının müdafiəsini təmin edirlər. Azərbaycanda 1500 vəkil, 1200 prokurorluq əməkdaşı var. Şadam ki, bu gün vaxtilə prokuror işləmiş insanlar vəkil kimi fəaliyyət göstərirlər".

N.Əsgərov qeyd edib ki, Prezident İlham Əliyevin məhkəmə-hüquq sistemində islahatlarla bağlı imzaladığı fərmanda Baş Prokurorluğa edilmiş 2 tövsiyə var: “Baş prokuror Zakir Qaralovun göstərişi ilə Baş Prokurorluqda 15 nəfərdən ibarət işçi qrupu yaradıldı. Göstəriş verildi ki, Prezidentin fərmanının icrası ilə əlaqədar qanun layihəsi hazırlansın. Baş Prokurorluq bütün qurumlara məktub göndərdi. Mayın 2-də artıq biz öz təkliflərimizi tamamladıq. Həm Ali Məhkəmə, həm də Ədliyyə Nazirliyinə 00-dən çox təklif göndərildi. Hazırda Ali Məhkəmə, Ədliyyə Nazirliyi və Baş Prokurorluğun işçiləri birlikdə fərmanda qeyd olunan məsələləri yekunlaşdırmaq üzrədir. Layihə aidiyyəti üzrə quruma göndəriləcək”.

“Dövlət hesabına ödənilən hüquqi yardım 3 dəfə artırıb”

“Vəkillər Kollegiyasının müasir tələblərə cavab verən binası var. Kollegiya bir çox iş görüb”-deyən Vəkillər Kollegiyasının sədri Anar Bağırov söyləyib ki, Vəkillər Kollegiyasının işlərinə ən böyük töhfəni Prezident İlham Əliyev verib: “Kollegiyanın Rəyasət Heyəti işə başlayanda ictimaiyyətə bildirdik ki, vəkilliyi inkişaf etdirəcəyik. Dərhal da cənab Prezident səsimizi eşitdi. Vəkilliyin inkişafı ilə bağlı əlavə tədbirlər barədə sərəncam imzaladı. Dövlət hesabına ödənilən hüquqi yardım 3 dəfə artırıldı. Bu, illər boyu dəyişmirdi. Çox biabırçı rəqəm idi. Mən demirəm ki, bu məbləğ çox böyükdür, bütün problemləri aradan qaldırır. Onu deyə bilərəm ki, bu, postsovet dövlətləri arasında böyük rəqəmdir. Nəzərə almalıyıq ki, vəkil dövlət hesabına hüquqi yardım göstərmir axı. Vəkil də uzağı ayda bir dəfə dövlət hesabına hüquqi yardım göstərir. Hansı sahədə 3 dəfə ödənişlər, maaşlar artırılıb? Bu, çox böyük rəqəmdir. Bu, vəkilliyə olan bir avansdır. Artıq Sumqayıt Regional Vəkil bürosu fəaliyyət göstərir. Həmin büro bizə dövlət tərəfindən müddətsiz ayrılıb, oranın təmiri də dövlət hesabına həyata keçirilib. Vəkillər buna vəsait sərf eləməyib. Şirvanda, Şəkidə də hazırda büroların binalarının təmiri aparılır".