18 Noyabr 2025 18:59
2 856
“Amerika Birləşmiş Ştatları tərəfindən təklif olunan yeni sanksiyalar paketi həm ağırlığı, həm də əhatə dairəsinə görə əvvəlkilərdən ciddi şəkildə fərqlənir”.
Bu sözləri Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komiətisnin üzvü, siyasi elmlər doktoru Rizvan Nəbiyev Xalqcebhesi.az-a açıqlamasında deyib.
Deputat bildirib ki, ABŞ administrasiyası Rusiya ilə ticarət edən, xüsusilə xammal idxal edən ölkələrə qarşı ikinci dərəcəli sanksiyaları gündəmə gətirmək niyyətindədir: “Vaşinqtonun məqsədi Moskva ilə aparılan danışıqlarda əlavə təzyiq alətinə və ya mexanizminə sahib olmaqdır. ABŞ Prezidenti bu aləti danışıqların gedişinə uyğun olaraq istənilən vaxt masa üzərinə qoymaq imkanını özündə saxlamaq istəyir. Bu, Rusiyanı diplomatik danışıqlar və vasitəçilik prosesində qısa müddətdə real addımlar atmağa məcbur etmək niyyətindən xəbər verir”.
Rizvan Nəbiyevin sözlərinə görə, yeni sanksiyaların məqsədi Rusiyanın hərbiləşməsini təmin edən əsas maliyyə mənbələrini əhəmiyyətli dərəcədə məhdudlaşdırmasına nail olmaqdır:
“Rusiyanın əsas gəlirləri neft, qaz və digər xammal növlərinin satışından formalaşır. Sanksiyalar qəbul olunacağı təqdirdə, məhz bu sahələri hədəfə almaqla Rusiyanın potensial maliyyə mənbələrini ciddi şəkildə qapatmaq və hərbi büdcəni zəiflətmək niyyətini hədəfləyir”.
Deputat qeyd edib ki, ABŞ Rusiyaya təzyiqi artırmaqla Ukrayna müharibəsində diplomatik müstəvidə dönüş yaratmaq istəyir:
“Prezident Donald Tramp əvvəllər də bu təzyiq mexanizmlərini işə salacağını istisna etməmişdi. Belə ki, Ağ Evdə fəaliyyətə başladıqdan sonra Ukrayna və Rusiya rəhbərləri ilə aparılan intensiv danışıqlardan nəticə əldə olunmaması isə administrasiyanı sanksiya paketini də əsas təsir vasitəsi kimi masaya gətirməyə vadar edir. Hazırkı mərhələdə bu paket ABŞ və onun Avropadakı tərəfdaşları və digər müttəfiqləri tərəfindən Rusiyaya qarşı istifadə edilə biləcək ən təsirli siyasi-iqtisadi və maliyyə təzyiq alətlərdən biridir. Rəsmi Moskva isə sanksiyaları səhv və beynəlxalq hüquqa zidd hesab edir”.
Günel Elxan