Gürcüstan dəmir yolları ilə daşınan yüklərdə Azərbaycanın payı artıb İqtisadiyyat

Gürcüstan dəmir yolları ilə daşınan yüklərdə Azərbaycanın payı artıb

Bu ilin III rübündə Gürcüstanın dəmir yolu nəqliyyatı vasitəsilə daşınan yüklərin həcmi illik müqayisədə 1,4% azalaraq 3,5 milyon ton təşkil edib.

APA-nın yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstanın Milli Statistika İdarəsinin hesabatında bildirilib.

Məlumata görə, yüklərin 9,5%-i ölkədaxili, 32,4%-i beynəlxalq, 58,1%-i isə tranzit daşımaları olub.

Hesabat dövründə Gürcüstan ərazisinə daxil olan dəmir yolu yüklərinin 32%-i Azərbaycandan, 29,1%-i isə Rusiyadan göndərilib. Rüblük müqayisədə Azərbaycanın payı 1,7% artıb.

İyul-sentyabr aylarında ümumi yükdaşımaların 37,7%-ni koks və emal olunmuş neft məhsulları, 20,6%-ni kimya, kimya məhsulları və süni liflər, rezin və plastik məmulatlar, 12,6%-ni isə metal filizləri və digər mədən və karxana məhsulları təşkil edib.