FAO: sentyabrda dünya ərzaq qiymətləri sabit qalıb Hadisə

FAO: sentyabrda dünya ərzaq qiymətləri sabit qalıb

Sentyabr ayında dünya ərzaq qiymətləri sabit qalıb. Belə ki, şəkərin qiymətinin düşməsi bitki yağı və ətin kotirovkalarının yüksəlməsi ilə kompensasiya olunub.
BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Proqramının (FAO) mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, ərzaq qiymətlərinin sentyabrdakı indeksi 170 punkt təşkil edib ki, bu da avqust ayı ilə müqayisədə demək olar ki, dəyişməyib və 2018-ci ilin eyni dövrü ilə müqayisədə cəmi 3,3 faiz yüksək olub.
Dənli bitkilərin indeksi də dəyişməz olaraq qalıb. Belə ki, taxılın qiymətindəki artım qarğıdalı kotirovkalarındakı azalma ilə kompensasiya olunub. Düyünün beynəlxalq qiymətləri və bu məhsula olan tələbatın və qeyri-müəyyənliyin fonunda cüzi azalıb. Bu azalma Filippin və Nigeriyadakı siyasətlə bağlıdır.
FAO-nun bitki yağlarının qiyməti ilə bağlı indeksi sentyabr ayında 1,4 faiz artaraq ötən ildən bəri ən yüksək səviyyəyə çatıb. Bu artım Hindistan və Çində palma yağına olan tələbatın dayanıqlı olaraq artması və Avropa İttifaqında bioyanacaq kimi istifadə edilən bitki toxumları yağlarının qiymətinin yüksəlməsi ilə əlaqədardır.
Şəkərin qiyməti üzrə FAO indeksi avqust ayı ilə müqayisədə 3,9 faiz azalıb. Bu, şəkər ehtiyatının artması və bu məhsula olan tələbatın azalması, həmçinin etanol istehsalında istifadə olunan Braziliya şəkər qamışına olan ehtiyacın aşağı düşməsi ilə bağlıdır.
FAO-nun süd məhsulları qiymətlərinin indeksi 0,6 faiz azalıb. Bunun səbəbi quru südün qiymətlərinin artması ilə yanaşı pendir və kərə yağının qiymətindəki azalmadır.
FAO-nun ət qiymətləri indeksi isə, 0,8 faiz artıb. Bu artım Çinin ət məhsullarına tələbatının artması ilə əlaqədardır. Eyni zamanda, donuz ətinin dünyada ən böyük bazarı olan Çində qiymətlər avqust ayından bəri yüksək səviyyədə qalıb. Avropadan idxalın artması isə, dünya bazarlarında donuz ətinin qiymətlərinin azalmasına səbəb olub.
FAO-nun yeni məlumatında taxıl və dənli bitkilərin dünyada istehsalının 2706 milyon tona qədər azalacağı proqnozlaşdırılır. Bu, ötən ilin analoji göstəricisi ilə müqayisədə 2 faiz yüksəkdir.
Taxıl və dənli bitkilərinin istehsalının azalması Avstraliyada quraqlıq nəticəsində məhsuldarlığın aşağı düşməsi ilə bağlıdır. Həmçinin, Çin, Hindistan, Filippin və ABŞ-da düyü istehsalının da azalacağı bildirilir. Bununla yanaşı, FAO cari ildə arpa, habelə Braziliya və ABŞ-da qarğıdalı məhsuldarlığının yüksək olacağını planlaşdırır.
Proqnozlara görə, növbəti ildə dənli bitkilərin qlobal istehlakı 2,714 milyon ton olacaq ki, bu da indiki göstəricilər ilə müqayisədə cüzi azalma deməkdir. 2020-ci ildə dünyada taxıl ehtiyatı 850 milyon ton təşkil edəcək.
Dünya taxıl ehtiyatlarının 1,6 faiz artacağı, eyni zamanda, qarğıdalı ehtiyatlarının Çində olan azalma nəticəsində xeyli aşağı düşəcəyi gözlənilir.
FAO taxıl məhsulları üzrə əmtəə dövriyyəsinin 2019-2020-ci illərdə dəyişməyəcəyini və 415 milyon ton səviyyəsində qalacağını proqnozlaşdırır. Dünyada taxıl və düyü ixracatı artacaq, eyni zamanda, yemlik dənlik bitkilərin ixracı azalacaq.