Bələdiyyə seçkilərinin təbliği ilə bağlı dəyirmi masa keçirilib Hadisə

Bələdiyyə seçkilərinin təbliği ilə bağlı dəyirmi masa keçirilib

Sabirabad rayonunda “Seçicilər arasında maarifləndirmənin təşkili üçün QHT - vətəndaş əməkdaşlığı” adlı layihə üzrə növbəti dəyirmi masa keçirilib.
Qeyd edək ki, layihə Azərbaycan Respublikasını Prezidenti Yanında Qeyri - Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə "Demokratik İnkişafın Dəstəklənməsi" İctimai Birliyi tərəfindən həyata keçirilir.
Mədəniyyət Mərkəzində baş tutan tədbirə Sabirabad Rayon İcra Hakimiyyətinin təmsilçiləri də qatılıb.
İcra nümayəndəsi Cavanşir Nəsirov çıxış edərək, dəyirmi masanın təşkilinə görə QHT nümayəndələrinə öz təşəkkürünü bildirib. O, xüsusilə bələdiyyə seçkiləri öncəsi təbliğat işlərinin aparılmasının vacib olduğunu deyib.
Layihənin rəhbəri Kərim Əhmədov layihənin məqsədləri barədə məlumat verib. O, vətəndaşları bələdiyyə seçkilərində aktiv iştirak etməyə səsləyib:
“Yerli özünüidarəetmə qurumlarının aktiv fəaliyyət göstərməsi bir başa vətəndaşların problemlərinin həlli deməkdir. Bu baxımdan da bələdiyyələrin layiqli namizədlərdən təşkil olunması vacibdir. Bu isə vətəndaşların müvafiq seçkilərdə fəal iştirakından keçir. Nəzərə alsaq ki, bu ilin sonunda bələdiyyə seçkiləri keçiriləcək, onda bu məsələnin nə qədər aktual olduğu nəzərə çarpar”.
Daha sonra çıxış edən “İctimai İştirakçılığın Dəstəklənməsi” İctimai Birliyinin sədri Şaban Nəsirov öncə bələdiyyələrin tarxindən danışıb:
“Məlum olduğu kimi, Azərbaycan Respublikasında ilk bələdiyyə seçkiləri 1999-cu ilin dekabrında keçirilib. Seçkilərdən sonra respublikamızda 2700 bələdiyyə yaradılıb. Sonradan bələdiyyələrin birləşdirilməsi nəticəsində onların sayı 1771- ə endirilib. İkinci dəfə bələdiyyə seçkiləri 2004, üçüncü dəfə 2009, dördüncü dəfə isə 2014-cü ildə keçirilib. Müvafiq qanunauyğun olaraq respublikamızda bələdiyyə seçkiləri hər beş ildən bir keçirilir”.
Şaban Nəsirov bildirib ki, bələdiyyələrin səlahiyyətlərinin artırılması vacibdir. Bu məsələ realaşarsa, yerli icra strukturları daha çoxşaxəli fəaliyyət göstərmək imkanına malik olarlar:
“Digər idarəedici qurumlardan fərqli olaraq bələdiyyələrin təşkil olunması vətəndaşların öhdəsinə buraxılır. Bu hüquqdan yararlanmaq üçün fəal şəkildə seçkiyə qatılmaq vacibdir. Azərbaycan dövləti regionların inkişafı proqramı daxilində yerli bələdiyyələrin fəaliyyətlərinin artırılması üçün bir çox hüquqi reformalar həyata keçirib ki, bu da bələdiyyələrə əlavə stimul verib, onların müstəqil bir qurum kimi vətəndaşlar arasında nüfuzunun artmasına rəvac verib. Buna baxmayaraq, hələ də bələdiyyələr vətəndaşların tam rəğbətin qazana bilməyib. Bu da onların fəaliyyətlərində mənfi təsir edir. İctimai problemlərin həllində vətəndaşların yerli bələdiyyələrlə əlaqələri zəif olduğundan görülən işlər bəzən səmərə vermir. Yerli sakinlərin üzləşdiyi ictimai problemlərə bələdiyyələrin çevik reaksiya verməməsi, vətəndaşlar arasında ünsiyyətinin zəif olması bələdiyyələrin nüfuzuna birbaşa təsir edir”.
Sonra “Bələdiyyə maarifləndirmə-2019” adlı büklet tədbir iştirakçılarına paylanıb.
Kərim Əhmədov tədbirin təşkilində göstərdiyi Sabirabad Rayon İcra Hakimiyyətinin rəhbərliyinə, eləcə də icra nümayəndəsi Cavanşir Nəsirova təşəkkürünü bildirib.