Yaponiya hökumətinin dəstəyi ilə Şəkidə 19 layihə reallaşıb Hadisə

Yaponiya hökumətinin dəstəyi ilə Şəkidə 19 layihə reallaşıb

Yaponiya hökumətinin “Ot kökləri və insan təhlükəsizliyi qrant yardımı proqramı” çərçivəsində Şəki rayonunda sayca 19-cu layihənin icrası uğurla başa çatıb. Noyabrın 4-də Şəki şəhərində 23 saylı uşaq bağçası binasının tikintisi layihəsinin icrasının başa çatması münasibətilə mərasim keçirilib. Mərasimdə Yaponiyanın ölkəmizdəki səfiri Teruyuki Katori, şəhər rəhbərliyi, layihəni icra edən “Şəki Ekologiya və Təhsil Mərkəzi” Gənclərin İctimai Birliyinin üzvləri, ictimaiyyət nümayəndələri, valideynlər iştirak ediblər.
Tədbirin əvvəlində İctimai Birliyin sədri Əlirza Məhərrəmov layihə barədə məlumat verib. Mərasimdə Şəki Şəhər İcra Hakimiyyəti başçısının birinci müavini Həsən Həsənov çıxış edərək, Yaponiyanın ölkəmizdəki səfirliyi ilə şəhər icra hakimiyyəti arasında əməkdaşlığın 2000-ci ildən uğurla davam etdiyini diqqətə çatdırıb. Bildirilib ki, qrant yardımı proqramı çərçivəsində indiyədək Şəkidə uşaq bağçası binasının tikintisi də daxil olmaqla, ümumilikdə, 19 layihə reallaşıb. Bu layihələr məktəb və uşaq bağçalarının tikintisi və təmiri, tibb, ekologiya, su təchizatı və digər sahələri əhatə edir.
Şəkiyə dördüncü dəfədir səfər etdiyini diqqətə çatdıran səfir Teruyuki Katori Yaponiya hökumətinin dəstəyi ilə həyata keçirilən bu layihələrin insanların yaşayış səviyyəsini daha da yaxşılaşdırmaq məqsədi daşıdığını vurğulayıb. Səfir bağçada təlim-tərbiyə alacaq uşaqların gələcəkdə Azərbaycanın inkişafına öz töhfələrini verəcəklərinə ümid etdiyini bildirib.
Diqqətə çatdırılıb ki, Yaponiya hökumətinin “Ot kökləri və insan təhlükəsizliyi qrant yardımı proqramı” çərçivəsində indiyədək Azərbaycanda bu layihə də daxil olmaqla, ümumi dəyəri 20 milyon ABŞ dolları olan 248 layihə üzrə qrant müqaviləsi imzalanıb. İcrası yeni başa çatan bu layihənin dəyəri isə 89 min 147 ABŞ dolları təşkil edib. Uşaq bağçasının müdiri Vüsalə Qəniyeva çıxış edərək, bağça binasının tikintisinə göstərdiyi dəstəyə görə kollektiv və valideynlər adından Yaponiya səfirinə və şəhər icra hakimiyyətinin rəhbərliyinə minnətdarlığını bildirib. Uşaq bağçasının açılışını bildirən rəmzi lent kəsildikdən sonra tədbir iştirakçıları layihə çərçivəsində görülən işlərlə tanış olublar.