Xarici ölkələrdə şənbə və bazar günləri fəaliyyət göstərən məktəblər yaradılır - Azərbaycan dilinin qorunması üçün Hadisə

Xarici ölkələrdə şənbə və bazar günləri fəaliyyət göstərən məktəblər yaradılır - Azərbaycan dilinin qorunması üçün

Azərbaycan dilinin qorunub saxlanması üçün xarici ölkələrdə şənbə və bazar günləri fəaliyyət göstərən məktəblərin yaradılmasına başlanılıb.

Bunu Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov deyib.

F.Muradov bildirib ki, bu məqsədlə Fransanın Nant, İsveçrənin Bern, Polşanın Varşava, İsveçin Stokholm şəhərlərində “Qarabağ” adlı həftəsonu Azərbaycan məktəbləri açılıb. F.Muradov vurğulayıb ki, həmin məktəblərdə Azərbaycan dili ilə yanaşı Azərbaycan rəqsləri və digər dərslər keçilir.

F.Muradov əlavə edib ki, 27 ölkəni əhatə edən 11 Kordinasiya Şurası təsis olunub.

Onun sözlərinə görə, Azərbaycan Diasporuna Dəstək Fondu yaradılıb və fəaliyyət göstərir: “Bu günədək 88 diaspor təşkilatı və 69 fərdi şəxs müvafiq elektron qeydiyyatdan keçib. Təşkilatların təqdim etdiyi 66 layihədən 32-i maliyyələşdirilib. Ümumilikdə 27 ölkəni əhatə edən 11 Koordinasiya Şurası təsis olunub”.

F.Muradov bildirib ki, Diasporla iş Üzrə Dövlət Komitəsi xaricdə yaşayan soydaşlarımızla bağlı dövlət siyasətini həyata keçirən mərkəzi icra qurumudur: “Çalışırıq ki, dünyada yaşayan azərbaycanlılar milli və dövlətçilik maraqlarımız ətrafında daha sıx birləşsinlər. Hədəfimiz ondan ibarətdir ki, yaşadığı ölkədən asılı olmayaraq hər bir soydaşımız müstəqil qüdrətli Azərbaycan dövlətini öz yanında görsün. “Mən hər bir azərbaycanlının prezidenti olacağam” fikrinə uyğun olaraq ölkə başçısı İlham Əliyevin diqqət və qayğısını hiss etsin. Dövlət Komitəsinin əsasnaməsi ilə qarşıya qoyulan vəzifələr var. Bu vəzifələrə və dövlət başçımızın tapşırıqlarına uyğun olaraq ardıcıl fəaliyyət göstəririk. Bu yolda prezident İlham Əliyevin, Heydər Əliyev Fondunun prezidenti, Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın dəstəyi xüsusi qeyd edilməlidir”.