QHT sektorundakı boşluğun səbəbləri Hadisə

QHT sektorundakı boşluğun səbəbləri

Azərbaycanda vətəndaş cəmsiyyəti institutları inkişaf etsə də QHT sektorunda müəyyən problemlər qalmaqdadır. Xüsusən də ciddi və effektli layihələrə çox az hallarda rast gəlirik. Bu sahədə bir boşluq var. Ümumiyyətlə QHT sektorunda boşluğun səbəbləri nədir? Həyata keçirilən layihələrin effekti varmı?
İctimai Tədqiqatlar Mərkəzinin rəhbəri İlqar Altay dedi ki, bu gün QHT sektorunda olan boşluq və yeyintilərin əsas səbəbi bu təşkilatların öz mahiyyəti və təyinatı anlamından kənara çıxmasıdır. Onun fikrincə, QHT mahiyyətcə bir ictimai təşkilatdır ki, təyinatı da vətəndaş cəmiyyətinin inkişafına təmənnasız xidmətdir: "QHT xeyriyyəçilik məqsədli olduğu üçün onun ilk yaranışından müvafiq qədər maddi fondu olmalıdır ki, heç kimdən ya nəden asılı olmadan birbaşa qərəzsiz cəmiyyətin mövqeyində dayana bilsin. Ona görə də mənim fikrimcə bu tipli təşkilatlar qeydiyyata alınanda onu yaradanlar konkret maddi fond ortaya qoymalıdırlar. QHT-lərə yardım isə, istisna hallarda, onların maddi imkanlarının hansısa böyük xüsusi ictimai əhəmiyyətli layihəyə gücü yetmədikdə şəffaf dövlət dəstəyi vasitəsilə ola biler. Bu da o səbəbdən ki, həmin vəsait dövlət büdcəsi olmaqla xalqın vəsaitidir və deməli sırf xalqın dəstəyi deməkdir. Başqa hansısa qrant və s. adı altında xaricdən ya daxildən yardım edilməsi və onun alınması artıq bu təşkilatın mahiyyət və təyinat prinsipini zədələyir. Bu səbəbdəndir ki, əksər QHT-lər təsisçilər tərəfindən sıfır maddi fondla açılır, sonradan müxtəlif maraqlı tərəflərdən yardım almaq adı ilə qeyri-leqal biznes xarakterli gəlir və dolanışıq mənbəyinə çevrilir. Bu halda isə həmin təşkilatlar artıq ictimai təyinat prinsiplərini itirir və hətta antiictimai xarakter almağa başlayırlar. Cəmiyyətə yardım, xeyriyyə adı ilə yaradılan təşkilatlar cəmiyyətin baş acrısına çevrilirlər. Bu gün ölkədə çox az miqdarda QHT var ki, öz vəsaiti hesabına fəaliyyət göstərib vətəndaş cəmiyyəti üçün təmənnasız böyük işlər görsün. Ona görə də ilk növbədə öz təmənnasını dühünən QHT-lərə ayrılan layihə və pulların effekti olmur və ola da bilməz. Düşünürəm ki, QNT sektorundaki əsas problem budur və bu gün bu qüsurlu boşluğun aradan qaldırılması üzərində dayanılmalıdır".
Milli QHT Forumu İdarə Heyətinin üzvü Əkbər Qoşalı dedi ki, QHT sektorunda son illər çox ciddi hüquq tədbirləri görülüb, nizamyaradıcı addımlar atılıb: "Bilirsiz, dövlətin QHT-lərlə işinin fəlsəfəsini, mahiyyətini açan Konsepsiya qəbul edilib, Prezident yanında QHT Şurası və digər milli donor institutları yaradılıb və s. Habelə 15 ildən artıqdır ki, Milli QHT Forumu fəaliyyət göstərir, ondan da öncədən Gənclər Təşkilatlarının Milli Şurası fəaliyyətdədir. Əlbəttə, bu konfederativ qurumlar varsa, deməli onları təşkil edən (eləcə də, forum yaxud şuralarda birləşməyən) müstəqil QHT-lər var. Bugünədək, onlarla fərqli QHT tərəfindən neçə-neçə layihə həyata keçirilib, saytlar yaradılıb, kitablar nəşr edilib, istedadlar üzə çıxarılıb, bir sıra sosial problemlər araşdırılıb, sərgilər keçirilib, səfərlər gerçəkləşdirilib, təkliflər zərfi hazırlanıb, sorğular təşkil edilib, tədiqatlar aparılıb və s. Belə olan halda, hansısa xüsusi raHatsızlıq yaradan boşluqdan danışmaq nə dərəcədə düzgün olardı? Əlbəttə, "hər şey yolundadır", "QHT-lər qüsursuz xidmət medalı ilə təltif edilməlidir" kimi fikirlərdən uzağam - bu sahənin də özünəməxsus problemləri olmamış deyil. Lakin hüquq var, artıq gənc yaşda olsa da, gələnəklər var, ən başlıcası, bu sektorda cilalanma prosesi gedir - deməli, ümidlər böyüyür. Effektivliyə gəldikdə isə, deməliyəm ki, əgər bir milli donor bir QHT-yə bir neçə dəfə qrant ayırırsa, deməli, onun öncəki hesabatlarını qəbul edib, qənaətbəxş sayıb. Həmin hesabatlarda effektivliklə bağlı ayrıca bəndlər üzərə cavablar verilir. - Bu anlamda da, hesab edirəm, hesabatlılıq məsuliyyəti daşıyan, bunun mənəvi sorumluluğunun fərqində olan QHT-lər layihədən-layihəyə irliləyiş içindədirlər".
"Əsgər Anaları" İctimai Birliyinin sədri Roza Əliqızı vurğuladı ki, QHT sektorunda o qədə də boşluq yoxdur: "Mən, yalnız hərb yönümlü QHT-lərin fəailiyyətini izləyirəm deyə, burda boşluq görmürəm. Hər təşkilat üzərinə düşəni edir. O ki qaldı effektə, başqalarını deyə bilmərəm, mən öz layihələrimə cavabdehəm və effektli işlər görürük".
Azərbaycan Gənc Alim, Aspirant və Magistrlər Cəmiyyəti sədri İlqar Orucov "fikirləşmirəm ki, QHT sektorunda boşluq var",- deyə vurğuladı: "Bu gün Azərbaycanda QHT-lərin fəaliyyətindəki indiki aktivlik heç bir zaman bəlkə də olmayıbdır. Milli donor institutlarının yaradılması, dövlət tərəfindən QHT-lərin layihələrinin maliyyələşdirmələrinə birbaşa yardımların edilməsi fonunda cəmiyyətin bütün sahələrində vətəndaş cəmiyyəti strukturlarının aktivliyi hiss olunmaqdadır. Digər tərəfdən hüquqi-normativ bazanın formalaşdırılması istiqamətində də xeyli işlər görülüb. Siyasiləşmiş və ya bəzi siyasi dairələrin əhatəsində olan QHT-lərin özlərinin guya vətəndaş cəmiyyətinə təsirlərin və ya basqıların olması ilə bağlı yaratmaq isədikləri bir fon eyni zamanda müşahidə edilməkdədir. Və bu fonda guya dövlətin QHT-lərə təzyiqinin nəticəsində onlarin fəaliyyətlərinin iflic vəziyyətə düşməsi kimi absurd və həqiqəti əks etdirməyən fikirlər cəmiyyətə yeridilir və ya bu cür cəhdlər görünməkdədir. Şəxsi müşahidələrimə əsaslanaraq deyə bilərəm ki, bu gün elə bir sahə yoxdur ki, biz orada QHT-lərin fəaliyyətini görməyək. Vaxtilə QHT-lər fəaliyyətlərini daha çox paytaxtda və iri şəhərlərdə qururdularsa indi ən ucqar rayonların ən ucqar kəndlərində insanlara xidmət göstərirlər. Sadəcə bu qurumların maliyyəsi mütəmadi olmadığından ilin on iki ayında ola bilsin eyni templə çalışa bilməsinlər. Lakin, layihə müddətində kifayət qədər aktivlik görünməkdədir. Hər şey əla olmasa da kafi qiymətləndirilə bilər. Layihələrin böyük əksəriyyəti effektini verir. Burada vacib şərtlərdən biri həm də layihəni icra edən insanların peşəkarlıq səviyyəsi, təşkilatın təcrübəsi ilə bağlıdır. Bütün hallarda təkmilləşməyə həmişə ehtiyac var və bu QHT sektoruna da aiddir".
"Borçalı" Cəmiyyətinin sədri Zəlimxan Məmmədli diqqətə çatdırdı ki, QHT sektoru siyasi qüvvələrfən asılı olmayan, azad vətəndaşın resursunu milli, ümumi maraqlara yönəltmə mexanizmidir: "Bu mexanizm ölkəmizdə iflic vəziyyətindədir. Yalnız ayrı-ayrı vətəndaşların və ya qrupların fədakarlığı hesabına bu sahəyə epizodik də olsa nəyisə müşahidə etmək mümkündür. Bu sahədə ciddi, rafikal islahatlara ehtiyac var".
Araşdırmaçı jurnalist, Yeniçag.az saytının baş redaktoru Aqil Ələsgər dedi ki, bəzən insan hədsiz ağıllı olur: "Amma o ağıl 20-30 il sonra lazım olacaq səviyyədə olur və günümüzdə ona ehtiyac olmur. QHT sektoruna bütün dünyanın ehtiyacı var, lakin bu proyekt olaraq, Azərbaycanda özünü doğrultmadı. QHT-lər cəmiyyətin nüvəsini təşkil etməlidir, onların işlədikləri proyektlər yeni nəsilin formalaşmasına xidmət etməlidir. Təəssüf ki, barmaqla sayılacaq qədər az QHT-nin fəaliyyəti qənaətbəxşdir. Onlar konkret faydalı iş görürlər. Ancaq QHT-lərin 90 faizi boş, mənasız və cəmiyyətə faydasız işlərlə məşğuldurlar. O səbəbdən də, QHT sektorunun ələkdən keçməsi vacibdir. Bu gün QHT sektoru bir qrup şəxsin qazanc mənbəyinə çevrilib. Əslində isə QHT-lər düşüncə mərkəzləri funksiyasını oynamalı, insanlara istiqamət verməlidirlər. Bu yöndə çalışan hansı QHT var? Boşluğa səbəb hələ də QHT sisteminin yuxarıda qeyd etdiyim kimi dünyada oynadığı rolu Azərbaycanda oynaya bilməməsidir. Bu da QHT-lərin fəaliyyətini və cəmiyyətə təsirini iflic edir".
Qeyd edək ki, Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının sədri Azay Quliyev bir müddət əvvəl bildirib ki, Prezident Administrasiyası və vətəndaş cəmiyyəti institutunun təmsilçilərindən ibarət İşçi Qrupun fəaliyyətinin bərpası vacibdir: "Ümid edirəm ki, İşçi Qrupunfəaliyyəti bərpa olunacaq". Azay Quliyev deyib ki, QHT-lərin qaldırdığı, narahat olduğu məsələlər ölkə daxilində həll olunmalıdır. Onun sözlərinə görə, İşçi Qrup daxili bir mexanizm, platformadır: "Nədənsə, bəziləri daxili resurslardan tam şəkildə istifadə etmədən dərhal qaçıb xaricilərin ətəyindən yapışır. Anlamırlar ki, beynəlxalq təşkilatların, ayrı-ayrı dövlətlərin bu məsələləri qaldırmasında məqsəd həqiqətən səmimi olaraq Azərbaycana kömək etmək deyil, yaxud müraciət edənlərə, onların siyahılarında olan insanlara məhəbbətlərindən qaynaqlanmır. Yüzlərlə misal da çəkmək olar ki, bir sıra şəxslərlə bağlı müraciətlər olsa da, beynəlxalq təşkilatların marağında olmadığı üçün onlar bu barədə bir kəlmə də danışmır. Amma o mövzu ki, beynəlxalq təşkilatların, ayrı-ayrı dövlətlərin maraqlarına uyğundur, həmin mövzunu istismar edib nəticədə Azərbaycana təzyiq etmək, müəyyən mənada bazarlıq etmək istəyiblər. QHT sektoru ilə bağlı bu işlərə İşçi Qrupun cavabdehlik daşıması daxili potensialın, platformanın tam şəkildə istifadə olunmasına, narahatlıqların aradan qaldırılmasına gətirib çıxaracaq. Bu cür həssas mövzularda QHT-lərimiz yalnız və yalnız öz dövlətlərinə güvənməli və dövlətin qayda-qanunlarına əməl etməklə, ikitərəfli dialoqla istənilən məsələnin həllinə nail olmalıdırlar".

Əli