Davudoğlunun azərbaycanlı dostu danışdı Hadisə

Davudoğlunun azərbaycanlı dostu danışdı

Ramiz Əmirli: "Əhməd bəy yaxşı dost, xoş niyyətli insan və güclü siyasətçidir"

"Macarıstan-Azərbaycan əlaqələrinin yaxşı olması üçün var gücümlə çalışmışam və bundan sonra da fəaliyyətim bundan ibarət olacaq". Bu sözləri BayMedia-ya Macarıstan-Azərbaycan Qardaşlıq Cəmiyyətinin rəhbəri Ramiz Əmirli Macarıstan-Azərbaycan əlaqələri haqqında danışarkən bildirdi.
Ramiz Əmirli 31 ildir ki, Macarıstanda yaşadığını və burada çoxlu dostlarının olduğunu dedi: "Hər zaman dostlarıma Azərbaycan haqqında məlumatlar vermişəm. Həmişə arzum bu olub ki, iki qohum ölkə arasında əlaqələr yaxşı və ürəkaçan olsun. Biz buna nail olmuşuq. Son illər iki dost ölkə arasına uğurlu əlaqələr qurulub. Məsələn, Ramil Səfərovun Azərbaycan ekstradisiya olunması, iki ölkə arasında təyyarə xəttinin açılması, siyasi-iqtisadi və turizm əlaqələrinin artması buna işarədir. Gələcəkdə əlaqələrimiz artan üzrə davam edəcək. Bunun gələcək üfüqləri sağlam təməllər üzərində qurulub".
Ramiz Əmirli Macarıstanda çox az sayda azərbaycanlının yaşadığını da dedi: "Buna baxmayaraq istənilən yerdə lazımı işlərin həyata keçməsi üçün istənilən səviyyədə təsir qüvvəmiz var. Cəmiyyətimiz də hər zaman ölkəmizi lazımı səviyyədə təmsil edir, səfirliyimizlə çox sıx əlaqəsi var. Bütün tədbirlərdə iştirak edirik".
Onu da xatırladaq ki, Ramiz Əmirlinin Türkiyənin yeni seçilmiş baş naziri Əhməd Davudoğlu ilə sıx dostluq əlaqələrinin olduğu haqqında eşitmişdik. Bu barədə ondan soruşduqda fikirlərimizi təsdiqlədi: "Bəli, mənim Türkiyənin yeni seçilmiş baş naziri Əhməd Davudoğlu ilə dostluq münasibətim var. O, olduqca gözəl insandır. Onu qısa olaraq belə xarakterizə edərdim: Yaxşı dost, xoş niyyətli insan və güclü siyasətçi. Onun haqqında saatlarca danışmaq olar. Davudoğlu maraqlı şəxsiyyətdir. İnsan onun söhbətlərində qulaq asdıqca doymur. Böyük zəngin dünya görüşə malikdir. Baş nazir seçilməsi xəbəri məni sevindirdi.
İnanıram ki, Türkiyə onun zamanında daha böyük və qüdrətli bir dövlət olacaq. Çünki qardaş ölkənin böyük potensialı var. Unutmaq olmaz ki, qardaş ölkənin güclü olması, Azərbaycanın güclü olması deməkdir. Eyni zamanda Davudoğlu Azərbaycanı sevən dəyərli bir siyasətçidir. Eləcə də Türkiyə həmişə bütün türk dilli millətlərin yanında olacaq və bu siyasi kursu uğurla davam etdirəcək. Türk dünyasının güclənməsi Azərbaycan və Türkiyənin strateji marağıdır. Axı, Türkün türkdən başqa dostu yoxdur. Bunu gözəl anlayırıq.
Bir daha dostum və qardaşım Əhməd Davudoğlunu təbrik edirəm və fəaliyyətində uğurlar arzulayıram. Hər şey Türk milləti üçün xeyirli olsun!".

Elnur Eltürk